Cəzaçəkmə müəssisəsində məhbusun özünə xəsarət yetirdiyi bildirilir

“Bir sözlə, cəzaçəkmə müəssisəsində vəziyyət gərgindir”

Source: Foto: arxiv


“Məhbusların suyu kəsilib, sərinkeşdən istifadəyə icazə verilmir”

1 saylı cəzaçəkmə müəssisəsində məhbuslardan birinin təzyiqlərə etiraz olaraq, özünə xəsarət yetirdiyi bildirilir. Bu barədə Meydan TV-yə həmin cəzaçəkmə müəssisəsindəki məhbuslardan biri – “Xeberman.com” saytının təsisçisi Polad Aslanovun həyat yoldaşı məlumat verib.

Gülmirə Aslanovanın bildirdiyinə görə, cəzaçəkmə müəssisəsində məhbuslara verilən suyu kəsiblər, sərinkeşlərdən istifadə etməyə icazə vermirlər. Ceyhun adlı məhbus da baş verənlərə etiraz olaraq, qollarını kəsərək, özünə xəsarət yetirib.

Gülmirə Aslanova deyir ki, hazırda müəssisədə yaşananların kökü bir neçə gün əvvələ gedib çıxır: “Polad Aslanovun müəssisədə daha çox vaxt keçirdiyi, birlikdə yemək yediyi Vüsal Mirzəyevin ailəsindən sovqat qəbulu zamanı rüşvət tələb olunub. Ailə də məcburiyyət qarşısında tələb olunan rüşvəti verib. Vüsal Mirzəyev buna etiraz olaraq, aclıq aksiyasına başlayıb. Müəssisə rəhbərliyi ondan aclığı dayandırmağı tələb edib, o isə razılaşmayıb. Ona görə Vüsal Mirzəyevə 5 günlük “kars” cəzası verilib. Ailədən alınan rüşvəti də cəzaçəkmə müəssisəsinin əməkdaşları Polad Aslanova qaytarıblar. Vüsal yenə aclığı dayandırmayıb. Deyib ki, Baş Prokurorluqdan nümayəndə gələnə qədər aclığı dayandırmayacaq”.

Jurnalistin həyat yoldaşının sözlərinə görə, cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov göstəriş verib ki, Polad Aslanov və digər məhbuslar aclıq edən Vüsala içməli su çatdıra bilməz. Ardınca isə müəssisəyə verilən su kəsilib, məhbusların sərinkeşlərdən istifadəsinə qadağa qoyulub: “Rəis bu cür üsullarla məhbusları Polad Aslanovun üstünə qaldırır. Demək istəyir ki, buna görə siz də əziyyət çəkirsiz. Vüsal Mirzəvindən başqa bir neçə məhbusa da “kars” cəzası verilib. Mesaj göndərirlər ki, “Polada görədir”.

Gülmirə Aslanova əlavə edib ki, Ceyhun adlı məhkum özünə xəsarət yetirəndən sonra müəssisədəki məhbuslar quyu suyu ilə təmin olunub: “Ceyhunun taleyindən isə xəbər yoxdur. Bir sözlə, cəzaçəkmə müəssisəsində vəziyyət gərgindir. Vüsal Mirzəyevin “kars”dan çıxması üçün rəisi Polad Aslanovu məcbur edir ki, “burada hər şey yaxşıdır, saxlanma şəraitindən və mənə qarşı rəftardan razıyam” məzmunlu ərizə yazsın”.

Penitensiar Xidmət isə 1 saylı cəzaçəkmə müəssisəsində məhkumlara qarşı təzyiqlər olması, onlara verilən suyun kəsilməsi haqda deyilənləri təkzib edib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bütün məhkumların qanunvericilikdə nəzərdə tutulmuş hüquqları təmin edilir, onlara münasibətdə ayrı-seçkiliyə yol verilmir.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsində məhbusun özünə xəsarət yetirməsi haqda onlara da məlumat daxil olub: “Vəziyyətinin ağır olduğu bildirilir. Biz də bu məsələni araşdırırıq”.

Ana səhifəSiyasətCəzaçəkmə müəssisəsində məhbusun özünə xəsarət yetirdiyi bildirilir