Çernobıl faciəsindən 36 il ötür

Çernobıl. Foto: Serkant Hekimci/shutterstock

Nazirlik Çernobıl əlillərini də mənzillə təmin edəcəklərini deyir

Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 36 il keçir. 26 aprel 1986-cı ildə gecəyarısı Ukraynanın şimalında, Belarus sərhədi yaxınlığındakı Pripyat şəhəri ətrafında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında AES-in 4 saylı nüvə reaktorunda qəza baş verib.

Partlayış və ardınca başlayan yanğın doqquz gün davam edib. Bu dövrdə kəskin radioaktiv şüalanma baş verib və bu, Qərbi Avropanın bəzi ölkələrində, həmçinin Türkiyədə hiss olunub. Çernobıl AES partlayışı o günə qədər nüvə sahəsində ən dəhşətli partlayış hesab olunur və təsirinə görə Xerosima və Naqasakiyə atılan nüvə bombaları ilə müqayisə edilir. Bu səbəbdən də Çernobıl qəzası “7-ci səviyyə qəza” elan olunub. Buna bənzər yeganə qəza 2011-ci ildə Yaponiyanın Fukuşima AES-də sunami nəticəsində qeydə alınıb.

Qəzanın nəticələrini aradan qaldırmaq, yanğını söndürmək, əhalini evakuasiya etmək üçün SSRİ rəhbərliyi 600 mindən çox insanı cəlb edib. Partlayış bölgəsindən 30 kilometr radiusda ərazi kəskin radioaktiv zəhərlənməyə məruz qalıb. Bölgədə yaşayan 115 min insan evakuasiya olunub. Ümumilikdə isə Ukrayna, Belarus ərazilərində radiasiya təhlükəsi ilə əlaqədar olaraq 300 min insan köçürülüb.

Ərazidə xidmət edənlər və eyni zamanda qəzanın nəticələrini aradan qaldırmaq üçün cəlb edilənlər arasında azərbaycanlılar da olub. Onların əksəriyyəti bu gün Çernobıl əlili kimi qeydiyyatdadır.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məlumatına görə, hazırda əlilliklərinin səbəblərinə münasibətdə, Çernobıl əlilləri “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” (2 500 nəfər) və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” (3 000 nəfər) əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən olunublar.

Nazirlik bildirir ki, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzillə və avtomobillə təminatı həyata keçirilir:

“Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub ki, bu da onlara xüsusi qayğının daha bir təzahürüdür”.

Rəsmi məlumatda deyilir ki, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat) ödənilir. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (130 manat) ilə təmin olunur.

Həmçinin, hər iki qrupdan olan əlilliyi olan şəxslərin böyük əksəriyyətinə əlilliyə görə pensiya, bir qisminə isə əlilliyə görə aylıq müavinət, bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (bu ilin əvvəlindən 50 manatdan 80 manata çatdırılıb) verilir.

“Aparılan ardıcıl islahatlar çərçivəsində son 3 ildə pensiyaların orta aylıq məbləği 75 faiz, müavinət və təqaüd ödənişləri isə 3,7 dəfə artıb”, – nazirlik məlumatında qeyd edib.

Nazirliyin press-relizində o da vurğulanıb ki, bu ilin əvvəlindən əlilliyə görə müavinətlər növbəti dəfə artırılaraq I dərəcə əlilliyə görə 150 manatdan 220 manata, II dərəcə əlilliyə görə 130 manatdan 180 manata, 3-cü dərəcə əlilliyə görə 110 manatdan 120 manata çatdırılıb:

“Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət verilir.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslər hər il birdəfəlik müavinətlə də təmin olunur, onların tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. də həyata keçirilir”.

Meydan TV dəfələrlə Cernobıl əlillərinin problemini işıqlandırıb. Hələ 2020-ci ildə Qobustanın Nərimankənd kəndinin sakini Əzizağa Qurbanov əlillik dərəcəsinin dəyişdirilməsi üçün süründürməçiliyə məruz qaldığını, Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini, 2-ci qrup Çernobıl əlili Cəlil Mustafayev isə evsizlikdən əziyyət çəkdiyini deyirdi.

Ana səhifəSosialÇernobıl faciəsindən 36 il ötür