“Az qala 30 ildir ev növbəsi gözləyirik”
Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini Cəlil Mustafayev sağlamlığını 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında partlayışdan sonra itirib. İndi Çernobıl əlilinin yaşamağa yeri yoxdur.
“Gecə yata bilmir, sanki boğulur”
Cəlil Mustafayev hərbi xidməti həmin ərazidə keçib. Əsgər kimi partlayışın nəticələrinin aradan qaldırılmasında iştirak edib. Ciddi şüalanma dozası alıb. Çernobıl əlilinin həyat yoldaşı Xatirə Mustafayeva danışır ki, birlikdə yaşadıqları 30 il ərzində ərinin xəstəlikdən əziyyət çəkdiyini görüb:
“Biz 1990-cı ilin sentyabrında evləndik. Zamanla çox içməyə başladı. Deyirdi ki, hələ Çernobılda belə məsləhət görüblər. Bir növ şüalanmanın qarşısını almaq məqsədi ilə deyiblər. Evliliyin ilk illərindən problemlər özünü göstərdi. Tez-tez təzyiqi aşağı düşür, ürəktutması olur, gecə yata bilmir, sanki boğulur. Mən onu gecə oyatmasam, az qalır ki, boğulsun. Yaş artdıqca vəziyyəti lap pisləşir. Bu dəqiqə əllərinin qabığı tökülür”.
Cəlil Mustafayev iki dəfə infarkt keçirib. Ürəyindəki problemlərlə əlaqədar iki dəfə Gəncə xəstəxanasında yatıb. Xatirə Mustafayeva həyat yoldaşının daim qayğıya ehtiyacı olduğunu deyir: “Onu mən idarə eləyirəm. Özü dili ilə deyir ki, məni tək qoyub getmə. Çünki sağlamlığı ilə bağlı problemi çoxdur, həmişə yanında adam olmalıdır. Yeddinci sinifdə oxuyan oğlumu yanımızda yatırdırıq ki, gecə boğulması olanda tez ayağa qalxsın. Çünki mən bəzən gecə yorğunluqdan vaxtında oyana bilmirəm”.
“İcra hakimiyyəti bizi başından eləyir”
Ailə Cəlil Mustafayevin doğulduğu Ağstafada yaşayırmış. Sonra müalicə xərcləri üçün evi satmalı olublar. Bundan sonra Xatirə xanımın Gəncədəki qohumlarının evinə sığınmaq məcburiyyətində qalıblar: “Mən Gəncədə doğulmuşam. 2005-ci ildə həyat yoldaşım serroz oldu. Qaraciyərini təcili müalicə elətdirməli olduq. Evi də buna görə satdıq. Gəncəyə gəldik. Heç kim istəməz ki, qohumun evində yaşasın, adamlara əziyyət versin”.
Xatirə xanım deyir ki, Ağstafada ev növbəsinə 1995-ci ildən yazılıblar. 2007-ci ildə Mustafayevlər ailəsinin növbəsi çatıb, amma binada mənzil ala bilməyiblər:
“Çox sevinmişdik. Bizə ev vermədilər. Elə sarsıldıq ki… Düşünürəm, müəyyən qədər pul versəydik, ev əldə eləyə biləcəkdik. Mən əlimi yana salmamışam. Prezidentə dəfələrlə yazmışam. Məktub hər dəfə icra hakimiyyətinə yönəldilir ki, problemi həll eləsinlər. Amma bizi başından eləyirlər. Hələ keçmiş icra başçısının vaxtında nə qədər getmişəm ora. Yeni icra başçısı gəlib – Seymur Orucov. Açıq məktub yazdım ona. Cavab gəldi ki, gözləməlisiz. Az qala 30 ildir gözləyirik”. Xatirə Mustafayeva axırıncı dəfə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət edib. Məsələnin həlli yenə Ağstafa Rayon İcra Hakimiyyətinə yönəldilib. “Oradan dedilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət eləyin. Ora da yazmışam. Onlar da icra hakimiyyətinin üstünə göndərir. Biz ortalıqda qalmışıq”. “Qızımın həyat yoldaşı uşaq xəstə olduğuna görə ayrıldı”
Xatirə Mustafayeva həyat yoldaşı və yeniyetmə oğlundan başqa daha iki nəfərin qayğısına qalmalı olur. Ailənin qız övladı həyat yoldaşından ayrılandan sonra anadangəlmə onurğa əyriliyindən əziyyət çəkən uşağı ilə valideynlərinə sığınıb: “Üçüncü sinifdə oxuyur. Ümumilikdə üç xəstəliyi var. O uşağı da müalicə elətdirməyə çalışırıq. Qızım ayrılıb gələndən sonra bir il sosial yardım ala bildi. Sonra kəsdilər. Üç ildir bərpa elətdirə bilmirik. Dedilər ki, qızın kirayə qalsa, verilə bilər. Biz ona hansı güclə kirayə ev tuta bilərik? Həm də kirayə qalıb yardım almağın nə mənası var?”
Cəlil Mustafayev prezident yardımını da nəzərə alsaq, ayda cəmi 475 manat alır. Çernobıl əlilinin qızı hərdən günü 10 manata qab yuyur. Pandemiya dövründə bu iş də əldən çıxıb.
“Oğlumun gələcəyini fikirləşə bilmirik. İstəyərdik ki, yaxşı təhsil alsın. Qızımın həyat yoldaşı uşaq xəstə olduğuna görə ayrıldı. O uşağa da xüsusi qayğı lazımdır. İndi yükümüz çoxdu. Özünüz düşünün, həmin 475 manat bu boyda külfəti təmin eləyə bilərmi?” – Xatirə Mustafayeva soruşur.
Ailə bir neçə ay əvvəl Heydər Əliyev Fondundan ərzaq yardımı ala bilib. Amma Cəlil Mustafayevin pensiyasına görə 190 manat yardımı ala bilməyiblər.
“Süpürgəçi işi tapmışdım. Üç gün işlədim, həyat yoldaşımın halı pisləşdi deyə, davam elətdirə bilmədim. Elə o gündən sonra qızım orda-burda qab yumağa başladı. Başqa çarəmiz qalmadı”, – Xatirə Mustafayeva çarəsiz görünür.
İcra hakimiyyəti nə deyir?
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Ramiz Tatarov ötən il C.Mustafayevin müraciətinə cavab məktubunda yazıb ki, mənzillərin bölüşdürülməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı komissiyanın qərarı əsasında həyata keçirilir: “Sizin mənzil-məişət şəraitinizin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaq”.
İcra başçısının hazırkı müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Kənan İbrahimov isə bugünlərdə Cəlilovlara yazılı şəkildə bildirib ki, “Aşağı Kəsəmən bələdiyyəsinin perspektiv inkişaf planında həyətyanı məqsədilə asudə torpaq sahəsi yoxdur”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə deyiblər ki, vətəndaş yazılı şəkildə müraciət edərsə, problem araşdırılar.