Yay – məzuniyyətlər, tətillər, səyahətlər və görüşlər fəslidir. Ailəvi istirahət mövsümüdür. Parklarda, küçələrdəki kafelərdə öz uşaqları ilə gəzən analar, atalar görmək mümkündür. Kənardan bu mənzərə ailə idilliyası kimi görünür, ancaq çoxları üçün bir ay, ya da ildə bir-iki həftə- övladları ilə vaxt keçirə bildikləri yeganə zamandır.
Xaricdə işləyən və illərlə evindən-eşiyindən ayrı qalan atalar və analar Cənubi Qafqaz üçün xarakterik haldır. Onlar bu vəziyyət və onun nəticələri haqqında könülsüz danışırlar, çünki uzunmüddətli əmək miqrasiyası tez-tez ailənin, qohumluq münasibətlərinin dağılmasına, mühacirlərin ikili həyat tərzi keçirməsinə gətirib çıxardır.
Cənubi Qafqazdan olan bir qrup jurnalist əmək miqrasiyası ilə bağlı aktual suallara cavab tapmağa çalışıb.
Skaypın ümidinə qalmış ailələr…
Anait: “Mənim ərim ekranı öpürdü – istisini bu yolla ötürməyə çalışırdı…”
Ermənistandan olan balaca oğlan Aram on yaşını anası Anait və bacısı ilə qeyd edib. Bir də Moskvada işləyən atası ilə… Skayp vasitəsilə… Anası Anait həmin günü belə təsvir eləyir: “Uşaq şamları üfürdü, fişənglər söndü. Biz ekranın müxtəlif tərəflərində əl çalaraq Aramı təbrik eləməyə başladıq. Ərim Vaqram ekranı öpürdü. Bu yolla oğlunu qucaqlamağa, öz istisini, sevgisini ona ötürməyə çalışırdı. Balaca qızım isə dayanmadan ağlayır və atasından xahiş eləyirdi ki, ekrandan çıxıb evə gəlsin…”.
Anait deyir ki, onların məhəllələrində kişilər yoxdur, təkcə qadınlar və uşaqlar qalıb. Kişilər yeni il ərəfəsində gələcəklər, üç aydan sonra isə yenidən Rusiyaya qayıdacaqlar.
Nata: “Başqa çarə yoxdur”
Gürcü Nata ilə Vaxtanqın ailəsində hər şey daha çətindir. Keçmiş ingilis dili müəllimi, 34 yaşlı Nata və əri Vaxtanq məktəbli oğulları ilə görüşmək üçün bütün ili yay fəslini gözləyirlər. Nata əri ilə İsraildə yaşayır, ev yeməklərinin, gürcü mətbəxinin keyterinqi (qida çatdırılması) ilə məşğul olurlar. Oğulları isə nənəsi və babası ilə Gürcüstanda yaşayırlar.
“Bizim öz evimiz yox idi. Kirayə tutmaq baha başa gəlirdi, gəlirimiz imkan vermirdi. Valideynlərimizlə birgə yaşamağı isə heç müzakirə belə eləmədik. Onlar lap əvvəldən bizim evlənməyimizə qarşı idilər və kömək eləmək də istəmədilər.Nə maddi, nə də mənzil baxımından. Gürcüstanda normal bir iş tapmaq mümkün deyildi. Məktəbdə qəpik-quruş verirdilər, yaxşı yerdə işə düzəlmək üçünsə nə tanışlarımız, nə də əlaqələrimiz vardı”, – Nata danışır.
Və səkkiz ildir ki, belə davam edir. Nata deyir ki, əvəllər oğlu da onlarla olub, ancaq aliməktəbə qəbul olunduğuna görə artıq beş ildir Gürcüstanda yaşayır.
“Biz istəyirdik, oğlum əvvəlcə Gürcüstanda oxusun ki, sonra dil və adaptasiya problemi yaşamasın. Oğlumuzla hər gün danışırıq, votsap, ya da vayberlə zəngləşirik. Skayp həftədə 2-3 dəfə olur. İldə iki-üç dəfə Gürcüstana gəlirəm. Bütün yayı burda oğlumla keçirirəm. Onun üçün dəlicəsinə darıxırıq”.
Natanın, demək olar ki, bütün qohumları 90-cı illərdə qazanc dalınca İsrailə yollanıblar. O, deyir ki, ən azı 3-4 il İsraildə yaşamağı planlaşdırırlar.
“Bütün bu vəziyyət bir ədalətsizlik hissi doğurur. Hamının bir-birini dəstəklədiyi ailələri görəndə… Onlar, uşaqlarının gələcəyini təmin eləməkdən ötrü naməlum bir yerə getməyə məcbur deyillər. Amma bu bizim seçimimizdir. Buna görə peşman deyilik, çünki başqa çıxış yolu yoxdur. Özümün, ailəmin yaşaması üçün burdan yaxşı ölkə görmürəm. Təbii ki, biz qayıdıb Gürcüstanda yaşamağı planlaşdırırıq. Ümid eləyirəm ki, bu ən yaxın illərdə baş verəcək”
Ani: “Ərim uşaqlarla danışmır, onların ilk addımlarını görmür…”
30 yaşlı Ani Manukyanın baxışlarından kədər və həsrət oxunur. Qucağında bir yaşlı qızı Rimanı tutub, körpə gülümsəyir və sevgi ilə anasını qucaqlayır.
Ani Ermənistan respublikasının Qexarkunik vilayətinin Liçk kəndində yaşayır. On ildir ərdədir. Ancaq ərinin mütəmadi yoxluğu beş il eləyir. Ani etiraf eləyir ki, ildə cəmi üç ay birlikdə yaşadığı əri üçün darıxır, ona çox ehtiyacı var. Onların üç uşağı var və Ani övladlarını demək olar ki, tək böyüdür.
“Elə hey gözləyirik. Bilirik ki, martda gedib, noyabrda qayıdacaq. Rima keçən ilin noyabrında dünyaya gəlib, ancaq atası onu yalnız üç aydan sonra görüb. O, uşaqlarını görmür, onlarla ünsiyyətdə olmur, onların ilk addımlarına şahidlik eləmir, ilk sözlərini eşitmir. Biz bir-birimizdən uzaqlaşmışıq, skaypın ümidinə qalmışıq. Təbii ki, bizi bircə şey sakitləşdirir – bu problem bütün kəndi narahat eləyir. Gənc ailələrin demək olar ki, hamısının ailə başçıları uzaqlarda yaşayır”,- üç uşaq anası Ani həyəcanla danışır.
Nərminə: “Zamanla o, uşaqlar üçün yad adama çevrildi…”
Nərminənin artıq 55 yaşı var. O, Azərbaycan vətəndaşıdır. Buyaxınlarda 30 yaşlı oğlunu evləndirib. Qızını isə beş il əvvəl ərə verib.
Nərminə deyir ki, əri qazanc dalınca Ukraynaya yollananda uşaqlar hələ bağçaya gedirdilər. Artıq otuz ildir ki, Nərminə və uşaqları ailə başçısını ildə bir ay görürlər.
“İlk illər onu gəlişini uşaqlarla səbirsizliklə gözləyirdik. Hər şeyi yaya, onun gəlişinə hazırlayırdıq. Zamanla o, uşaqlar üçün, demək olar ki, yad adama çevrildi. Mən isə… Mən neynəyə bilərdim? Onda uşaqlara pul lazım idi, indi isə nəvələrə… O, Ukraynaya gedəndə mən çox gənc idim! İndi artıq nənəyəm. Hətta, hərdən acı-acı gülürəm ki, Ukraynada üç-dörd dəfə prezidenti dəyişiblər, amma mənim ərim hələ də ordadı…”
Statistika və reallıq
Gürcüstan Milli Statistika Xidmətinin hesabatlarına görə, hər il on mindən çox Gürcüstan vətəndaşı ölkəni tərk edir. Bu statistika onların xaricə qazanc dalınca getdiklərini, yoxsa daimi yaşamaq üçün köçdüklərini göstərmir. Xüsusilə də, SSRİ dağılandan sonra qadın əmək miqrasiyası son dərəcə populyar olub. Qadınlar Rusiyaya, Türkiyəyə, Yunanıstana, İtaliyaya və ABŞ-a gedirdilər. Əsas problem ondadır ki, gedənlər qısamüddətli viza alır, amma sonra qeyri-leqal vasitələrlə həmin ölkələrdə qalırdılar.
Və bu zaman ailə ilə uzun ayrılıqlar başlayırdı.
Ermənistanda xaricdəki mühacirlərin sayını göstərən xüsusi statistika yoxdur. Sadəcə sərhəddi keçənlərin informasiya mənbələri var ki, bu da mühacirəti tam əks etdirmir. Lakin hökumətin dəstəyi ilə aparılan araşdırmalarda deyilir ki, Ermənistanın müstəqilliyi elan olunandan sonra, təxminən, milyon yarım insan ölkədən gedib və geri qayıtmayıb.
Belə vətəndaşların mühacir sayı, demək olar ki, sözügedən rəqəmin yarısını təşkil edir, yəni, təxminən, 750 min nəfər. Mühacirət edənlərin 95%-i Rusiyaya yollanır. İşçi qüvvəsinin bu cür fəal miqrasiyası Sovet İttifaqı dağılandan sonra, sosial-iqtisadi problemlər az qala, bütün erməni ailələrinin qapılarını döyəndə formalaşıb.
Sosioloq Ruben Yeqanyan qeyd edir ki, sovet dövründə də Ermənistanda işçi qüvvəsinin miqrasiyası mövcud idi (ildə otuz-qırx min mövsümi fəhlə mühacir), lakin əsasən, yüksəkdağlıq ərazilərdə yerləşən rayonların sakinləri miqrasiya edirdilər.
“Həmin dövrdə miqrasiya inkişaf, indi isə yalnız sağ qalmaq xarakteri daşıyır. Həqiqətən də, bu insanların sağ qala biləcəyi yeganə rasional metdoddur. Bu gün təkcə mövsümi miqrantların sayı 80-100 min insan təşkil edir. Onlardan, təxminən, 85%-i kişilər və yalnız 15%-i qadınlardır. Bununla yanaşı, sözügedən miqrantların böyük əksəriyyəti gənclərdir. Ermənistanın başlıca mühacir müttəfiqi Rusiyadır, işçi qüvvəsinin 95%-dən çoxu ora yollanır”, – Yeqanyan qeyd edir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2015-ci ildə Azərbaycanı 1600 əmək mühaciri tərk edib. 2016-cı ildə isə bu rəqəm 238 – ə enib.
Amma Azərbaycan Miqrasiya Mərkəzinin direktoru Əlövsət Əliyev bu rəqəmlərə şübhə ilə yanaşır.
“Azərbaycanda ölkəni tərk edib qazanc dalınca yollanan, ya da birdəfəlik çıxıb gedən insanların statistikasını aparan bir sistem yoxdur. Buna görə də Statistika Komitəsinin üzə çıxartdığı rəqəmlər real deyil. Əslində, hər il ölkəni, təxminən, on min işçi qüvvəsi tərk edir”.
Ə.Əliyev deyir ki, əmək mühacirlərinin gender statistikası da aparılmır.
“Müxtəlif dövrlərdə aparılan sorğulara, müşahidələrə əsasən deyə bilərik ki, əmək mühacirlərinin 95%-i kişilərdir. Adətən, onlar Rusiya və Ukrayna bazarlarına alverə gedirlər”.
Qafqaz Makondoları – boş qalan şəhərlər
Ermənistanın Vayotsdzor vilayətinin Azetek kəndindəki yeganə mağazanın vitrinində tənha bir elan asılıb: “Rusiyaya!”. Elanda Voronejə, Krasnodara, Soçiyə məqbul qiymətlərlə avtobuslar təklif olunur. Qexarkunik və Şirak vilayətlərinin sakinləri də Rusiyaya gedən yolları “sevirlər”.
Ermənistanın miqyasına görə ikinci böyük şəhəri olan Gümrüdə, demək olar ki, hər iki kişidən biri qazanc dalınca xaricə üz tutur.
“Dünən yenə bir neçə nəfər getdi. Burda yaşayanların gələcəyi yoxdur. Su yoxdu, texnika yoxdu, kənd təssərrüfatından bir xeyir yoxdu. Mal-qara saxlamaq çox baha başa gəlir. İnsanlar dözürlər, dözürlər, sonra bezirlər və gedirlər. Pulsuz gedirlər. Valideynləri təqaüdlərini alıb onlara verirlər ki, yolpulu eləsinlər. Ya da inəyi kəsib ətini satırlar, aldıqları pulu verirlər…”, – Azatekdəki mağazanın sahibi Karbid Petrosyan deyir.
Azatek sakini, 56 yaşlı Janeta Nersisyan artıq on ildir ki, iki gəlini və nəvələri ilə yaşayır. Çünki oğulları bütün bu illər ərzində Rusiyada işləyiblər.
“Bütün il boyu yalvarıram ki, geri qayıtsınlar. Ancaq digər tərfdən neynəmək olar? Ailə, uşaqlar… kiçik oğlum, heç olmasa, ildə bir dəfə- oktyabrda gəlir. Amma qorxuram, böyük oğlum bir də heç vaxt qayıtmaya…”, – Janeta deyir.
Azərbaycanın mərkəzi rayonlarında – Sabirabadda, İmişlidə, Saatlıda da cavan kişilərə nadir hallarda rast gəlmək mümkündür. Gənc qadınların yenicə ər adı qazanmış kişiləri toydan sonra çox ləngimirlər, qazanc dalınca yollanırlar. Rusiya və Ukrayna bazarları son 20 ildə Qafqazın zəhmətkeşlərini necə gözləyirdisə, indi də onları gözləyir.
Lalə – iyirmi yaşlı, iki uşaq anası olan gənc qadın toydan sonra üzünü cəmi üç-dörd dəfə gördüyü ərinin ailəsi ilə yaşayır. Əri toydan iki gün sonra pul qazanmaq üçün Nijniy Novqoroda gedib. O, ailənin dördüncü oğlu imiş. Lalənin bütün qayınları evlidirlər və hamısı qazanc dalınca yollanıb. Onların ata evində dörd gəlin, qayınata, ailənin nənəsi və saysız-hesabsız uşaqlar yaşayırlar. Uşaqların, demək olar ki, yarısı hələ atalarının üzünü görməyib. Onlarla telefon, hərdən də skayp vasitəsilə danışırlar.
Amma Tbilisi, Borjomi,eləcə də Gürcüstanın digər şəhərlərindən başqa ölkələrdə daha çox qadın əmək miqrantı var, nəinki kişi. Onlar, Gürcüstandakı ailələrini təmin etməkdən ötrü, əsasən, Yunanıstana, İtaliyaya dayə, baxıcı işləmək üçün gedirlər. Məsələn, 33 yaşlı Liyanın anası İtaliyaya pul qazanmağa gedəndə o, hələ məktəbli idi. Liya atası və qardaşı ilə Gürcüstanda qalıb. Qonşuları xəstə qocalara qulluq edib pul qazanmaqdan ötrü İtaliyaya gedibmiş. Bir neçə tanışı, o cümlədən, Liyanın anası da bəxtini sınamaq qərarına gəlib. Bütün qızıllarını satıb, borc pul tapıb və gedib.
Liyanın sözlərinə görə, ona çox çətin olub: bir tərəfdən sən məktəbli və uşaqsan, kiminsə sənin qayğını çəkməyini istəyirsən, digər tərəfdən isə- artıq ailədə yeganə qadınsan və sənin də çiyinlərinə məsuliyyət düşür.
“Onda indiki kimi kompüterlər, smartfonlar yox idi… Onlar bir yana, günlərlə su olmurdu. Buna görə də anamla telefonla və çox gec-gec əlaqə saxlayırdıq. Düzdür, indi bu barədə sakit danışıram, amma bütün qızlar, uşaqlar kimi mənim anama ehtiyacım var idi. Elə qardaşımın da… O isə yox idi. Ancaq mən anamı başa düşürdüm. Əgər onun xaricdən göndərdiyi pullar olmasaydı, bizim çörəyimiz, paltarımız da olmayacaqdı”.
“Ekranın o üzündəki” analar və atalar – Qafqazın ailə modeli dəyişir?
Azatekdə tənha qalmış qadınlar deyirlər ki, iyirmi ilə yaxındır, möhkəm erməni ailəsi kompüterdən, mobil telefondan, skaypdan asılı olan ailəyə çevrilib. Atalar övladlarının necə böyüdüyünü görmürlər, qadınlar əsl ailə xoşbəxtliyinin nə olduğunu bilmirlər. Hərdən uşaqlar evə qayıtmış atalarını tanımırlar, onlara yaxınlaşmırlar. Alışana qədər isə atalar yenidən gedirlər.
Liya deyir ki, anası İtaliyada qeyri-qanuni yaşadığına görə on il Gürcüstana qayıda bilməyib. Atası ilə rəsmi şəkildə boşanma ərizəsi yazmasalar da, bu qeyri-rəsmi şəkildə boşanmaq demək idi.
“Başlanğıcda valideynlərim telefonla danışırdılar, dörd ildən sonra isə sadəcə bir-birinə qarşı yad insanlara çevrildilər. Anam on ildən sonra sənədlərini düzəldib Gürcüstana qayıtdı, sonra yenə getdi. Hələ də İtaliyadadır. Mən ona minnətdaram. Bizə görə çox şeyi qurban verib.
Qardaşımla mən ali təhsil almışıq, işləyirik. Ancaq anam qayıtmaq istəmədi, orda öz həyatını təmin edir. Burda isə heç kimə lazım deyil… Burda özünə iş tapa bilməyəcək, 160 lari təqaüd isə çıxış yolu deyil. Mən onu sevirəm, ancaq yenə də çox yaxın deyilik. Mən onsuz böyümüşəm, indi də ildə bir dəfə görüşürük”, – Liya öz hekayətini bizimlə bölüşür.
“Saxli” Qadın Məsləhətxanası Mərkəzi qeyri-hökumət təşkilatının rəhbəri, psixoloq Rusudan Pxakadze deyir ki, bu, kompleks məsələdir. Onun sözlərinə görə, qadınların mühacirətə getməsində iqtisadi faktor olsa da, bir sıra psixoloji faktorlar da rol oynayır.
“Qadınlar onların çiyinlərinə yüklənmiş ev işlərinin öhdəsindən gəlməyəndə bu, stressdən qaçmaq üsuludur. Qadın orda pul qazanır, amma bu həm də psixoloji olaraq öhdəliklərdən qaçmaqdır. Uşaqlar əzab çəkirlər, bu vəziyyətdə onlara ekrandan baxan ana lazım deyil. Onların yanlarında olan, toxuna biləcəkləri insana ehtiyacları var. Bu, uşağın normal psixoloji inkişafı üçün vacibdir. Məsələn, təcrübə isbat edib ki, uşaq evlərində yaşayan, valideyn təmasından, nəvazişindən məhrum olan uşaqlarda bu, özünü həm psixoloji, həm də fizioloji səviyyədə büruzə verir”,- deyə psixoloq bildirir.
Psixoloqun sözlərinə görə, həmişə olmasa da, bəzi hallarda uşaqlar işləməməyə alışırlar və yalnız analarının xaricdən göndərdikləri pulu gözləyirlər,hətta uşaq yaşından çıxıb özləri təhsil almaq, peşə sahibi olmaq mərhələsinə çatanda belə heç nə etmirlər.
“Bu, faktiki olaraq dilənçilik kimi bir şeydir. İnsan özünə cavabdeh olmağı bacarmalıdır, əks halda daxilən inkişaf edə bilməz. Öz davranışlarına və inkişafına özü cavabdeh olmalıdır. İnsanın həyatda rastlaşdığı çətinliklərin öhdəsindən müstəqil şəkildə gələ bilməsi üçün bu mexanizmin olması mütləqdir. Əks halda onlar müftəxorluğa alışa və yanlış istiqamətə meyllənə bilərlər”, – ekspert fikrini yekunlaşdırır.
“Qadın İnformasiya Mərkəzi”nin direktoru Yelena Rusetskaya da mövzu ilə bağlı müşahidələrini bölüşərək deyir ki, miqrantlar bir tərəfdən ağır əməklə məşğul olurlar və bir neçə ildən sonra onların əksəriyyəti xaricdə yaşayışını qanuniləşdirə bilir, buna baxmayaraq, o qadınlar geri qayıtmırlar.
“Bunun səbəbi o ola bilər ki, onlar daima kiminsə qayğısını çəkməyə məcbur olurlar. Bu, sonu görünməyən bir silsilədir. Qadın uşaqlarını böyüdə bilmək üçün yad ölkəyə gedir. Sonra o uşaqlar tələbə olurlar, evlənirlər, sonra nəvələr peyda olur… Qayğılar sonsuzdur”.
E.Rusetskaya deyir ki, burda azadlıq faktoru da rol oynayır. Bütün əziyyətlərə baxmayaraq, Qafqaz qadınları xaricdə azadlıq tapırlar:
“Bu çox mürəkkəb bir prosesdir. Bir tərəfdə nostalgiya, vətənə qayıtmaq arzusu var, digər tərəfdə isə ailə üzvlərinin qayğısına qalmaq və itirmək istəmədikləri azadlıqları”, – Rusetskaya belə hesab edir.
Sosial-hüquqi və ictimai “Qayıdış və müdafiə” təşkilatının sədri Tatevik Bejanyan bildirir ki, fəhlə miqrantlar onlara danışıblar ki, Rusiyada qazandıqlarının yarısını vətənlərində qazana bilsəydilər, ölkədən getməzlərmiş. Çünki onların yoxluğu gənc ailənin formalaşmasına, gənc nəslin, yəni onların Ermənistanda atasız yaşayan övladlarının tərbiyəsinə mənfi təsir edir.
T.Bejanyan izah edir ki, mühacirətdə işləmək ailə modelini dəyişir. Ərin ailənin yanında olmaması qadını kişinin də əvəzinə qərar verməyə məcbur edir və nəticədə o, güclənir.
“Qadınlar evdə kişi olurlar. Uşaqların təmin edilməsi, tərbiyəsinin yükü onların üzərində qalır. Bölgələrdə isə təsərrüfatla bağlı bütün işlər də qadınların çiyninə düşür, həmçinin ailədə kişinin sosial rolu da ikincidərəcəli olur. Əsas rolu qadın oynayır, hər şeyi o diqtə edir. Ailə başçısı gec-gec görünən və hərdən pul göndərən ailə üzvünə çevrilir. Ailə modulunda kişinin rolu sıfıra bərabərləşir”, – Bejanyan söyləyir.
“Mədətyan” psixoloji mərkəzinin rəhbəri Miqrdat Mədətyan bildirir ki, ailədə ata və ya ananın rolu sadəcə pul qazanmaqdan ibarət deyil. Onlar həm də uşaqlara nümunə olmalı, ailə problemlərinin həllində aktiv iştirak etməlidirlər. Valideynlər ailədə fiziki olaraq yaşamalı və hər şeyi öz gözləri ilə görməlidirlər.
“Uşağa istədiyiniz qədər “atan pul qazanmağa gedib” deyə bilərsiniz, bu, onu maraqlandırmır. Hər kəs uşaqlıqda nə geyindiyini xatırlamır, amma valideynlərimizin məsləhətləri hamımızın yadındadır. Uşaq valideynlərinin fiziki iştirakını hiss etməlidir, atasının səhərlər üzünü necə qırxdığını, anası ilə birlikdə necə qəhvə içdiyini görməlidir. O, öz gələcək ailəsinin modelini şüurunda formalaşdırmalıdır, ailənin nə olduğunu öyrənməlidir.
Bizim uşaqlar isə bunları görmürlər”, – psixoloq Mədətyan deyir.
“Səssiz boşanmalar” – əsas odur ki, pul vaxtında göndərilsin…
İki nəvəsi olan Nərminə nənə deyir ki, qanuni ərinin Ukraynada ikinci ailəsi olmasını çoxdan qəbul edib və bununla barışıb. O, ikinci ailənin mövcudluğunu hiss edir, çünki əri hər il daha qısa müddətə gəlir və Azərbaycandanbirlikdə yaşadığı qadın və uşağı üçün hədiyyələr alır. Bunu görmək Nərminənin ürəyini yaralayır, lakin, hətta dəhşətli yuxusunda belə artıq on üç ildir ayrı yaşadığı əri ilə boşanmaq barədə düşünmür.
“Nə danışırsınız? Bəs, uşaqlarıma, nəvələrimə nə yedizdirəcəm? Qoy, qazancının yarısını mütəmadi göndərsin. Qalan şeylər isə… Neyləmək olar, belə alınıb…”
Anait Arutyunyan danışır ki, qonşu qadın ərinin ikinci ailəsi, uşaqları olduğunu çox yaxşı bilir. Ancaq buna dözür. Bilir ki, əri ona və uşaqlara kömək edən yeganə adamdır.
Psixoloq Mədətyan psixologiyada bu hadisənin “səssiz-sədasız boşanma” adlandığını deyir.
“Bu cür ailələrin parçalanmasını “səssiz boşanma” kimi qəbul edirik. Burda həyat yoldaşı, uşaqlar, ailə var. Qəflətən orda yeni ailə peyda olur. Burda yaşayan ailə ordakından danışmır, çünki bu ona sərf eləmir və “səssiz boşanma” baş verir. Əslində, boşanma baş verməyib, cütlük məhkəməyə müraciət etməyib, ər-arvad faktiki olaraq ayrılmayıb, lakin artıq hər şey bitib…”, – psixoloq deyir.
Nəticə
Ölkəni tərk edən insanların böyük hissəsi- qazanılmış maliyyə ehtiyatıdır. Eyni zamanda təəssüf ki, bu, hərdən həm də ölkə üçün itirilmiş intellektual resursdur. Oxumağa, ya da öz ixtisası üzrə işləməyə gedən insanları nəzərə almasaq, gedənlər əsasən, sağ qalmaq üçün mübarizə aparanlardır. Təbii ki, evə qayıdış, daha doğrusu, qayıtmamaq bölgədəki iqtisadi və siyasi vəziyyətdən asılı olur, Cənubi Qafqazda isə hələki,vəziyyət o qədər də sabit deyil.
Məqalə “Cənubi Qafqazın tabu mövzuları” layihəsi çərçivəsində hazırlanıb.
Müəlliflər:
Günel Mövlud (Azərbaycan)
Edita Badasyan (Gürcüstan)
Qayane Mkrtçyan (Ermənistan)