Cəmil Həsənli: Tarixi həqiqətlərdən ayırıb öz maraqlarına uyğunlaşdırıblar

“Dağlıq Qarabağ” ifadəsini Azərbaycana ötən əsrin 20-ci illərində Rusiya bolşevikləri gətirdilər.

Foto: Meydan TV


Professor Dağlıq Qarabağın tarixindən danışdı



Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi üzrə əməliyyatlara başlaması ilə regionda və dünyada Qarabağ münaqişəsinə maraq yenidən artıb. Bu səbəbdən “Turan” İnformasiya Agentliyi




Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor




Cəmil Həsənli ilə mövzunu müzakirə edib


– Cəmil müəllim Dağlıq Qarabağ ətrafında son durumu necə qiymətləndirirsiniz?

-Oktyabrın 31-nə keçən axşam Cenevrə görüşü başa çatdı. 30 il ərzində problemin həlli istiqamətində ciddi bir iş görə bilməyən Minsk Qrupunun həmsədrləri daha bir bəyanat qəbul etdilər. Burada söhbət Moskva, Paris, Vaşinqton bəyanatlarını təsdiq etmək, humanitar atəşkəsə nail olmaq, humanitar obyektlərin vurulmamasına çağırışlar etmək, hərbi əməliyyatlar rayonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təhlükəsiz fəaliyyətinə zəmanət vermək və digər məsələlər əks olunub. Amma məsələ burasındadır ki, hər dəfə humanitar atəşkəs elan edildikdən sonra Azərbaycanın dinc yaşayış məntəqələri, Gəncə, Tərtər, Bərdə kimi böyük şəhər və rayonları atəşə tutulub, dinc insanlara qarşı qadağan edilmiş kasetli döyüş sursatlarından və uzaq məsafəli raketdən istifadə edilib. Bunu Human Rights Watch kimi beynəlxalq insan hüquqları təşkilatı da təsdiq edir. Hərbi əməliyyatlar dövründə Azərbaycanda münaqişə zonasına daxil olmayan ərazilərdə uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla həyatını itirmiş dinc insanların sayı 100 nəfərə yaxınlaşır. Ermənistan silahlı qüvvələrin rəhbərləri Azərbaycanın hərbi əməliyyatlar zonasına daxil olmayan yaşayış məntəqələrini vurmalarını gizlətmirlər. Hətta Ermənistan ərazisindən də qeyd edilən şəhər və rayonlara raket atəşələri barədə məlumatlar var. Məsələ burasındadır ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni hərbi birlikləri vahid komandanlığa bağlı deyillər. Burada bir tərəfdən Ermənistan ordusu, digər tərəfdən “Artsax” oyuncaq qurumunun “özünümüdafiə dəstələri”, üçüncü bir tərəfdən birinci Qarabağ müharibəsinin veteranlarının başıpozuq dəstələri və nəhayət, xaricdən, əsasən Suriya və Livandan gətirilmiş erməni “könüllüləri”, PKK yaraqlıları vuruşurlar. Belə şəraitdə erməni tərəfinin atəşkəsə əməl edəcəyi inandırıcı görünmür. Necə ki, əvvəlki atəşkəslər zamanı biz bunu gördük.


– Son günlər Qarabağ ətrafında ABŞ-da “əsəblərin gərildiyi” müşahidə edilir. Bu, nə ilə bağlıdır?

-Əlbəttə, bu, ilk növbədə prezident seçkilərinin yaxınlaşması, namizədlərin ermənilərin səsləri uğrunda mübarizəsi ilə bağlıdır. Lakin ayrı-ayrı çıxışlar ABŞ-ın mövqeyi kimi qəbul edilə bilməz. ABŞ öz mövqeyin rəsmi şəkildə bəyan edib. Bu mövqe münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsidir. Almaniya Federativ Respublikasının rəhbərliyi eyni mövqeyi sərgilədi, hətta müxtəlif erməni qüvvələrinin nicat yeri kimi baxdıqları Putin belə 30 ilə yaxın işğal altında saxlanmış 7 rayonun münaqişəyə heç bir aidiyyəti olmadığını etiraf etdi. Bu mövqelər bəyan ediləndə ümumiyyətlə ermənilərin uzun müddət istinad etdikləri “təyini müqəddərat” məsələsinin adı belə çəkilmədi. Çünki dövlətlərin ərazi bütövlüyü həmişə BMT-nin məlum nizamnaməsində yayğın “təyini müqəddarat” prinsipindən üstün olub. Son vaxtlar, bu, bir daha təsdiq edildi. Əslində, ermənilərin son bir neçə həftə ərazində “xilas naminə ayrılmaq”, “Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb” kimi cəfəng və uydurma fikirlər ortaya atması uzun müddət spekulyasiya predmetinə çevirdikləri “təyini müqəddərat” prinsipinin beynəlxalq baxımdan iflasa uğraması ilə bağlıdır.

Hətta bu günlərdə “The Economist” daha irəli gedərək yazıb ki, “Yüz il bundan əvvəl Lenin neft yataqlarına nəzarəti təmin etmək və müsəlman aləmi üçün Qırmızı Mayak yaradılması ümidi ilə ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağı Sovet Azərbaycanına vermişdi". Bunlar hələ indiyə qədər aydınlaşdıra bilmirlər, Qarabağın dağlıq hissəsini Azərbaycana Lenin “verib”, ya Stalin. Təəssüf doğuran məsələ odur ki, adamlar bilmədikləri işlə məşğuldur. Belə absurd fikir “The Economist” kimi nüfuzlu bir jurnalın səhifəsində necə əks oluna bilər?


– Tarixi baxımdan “Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb” iddiası hansısa sənədə, fakta söykənirmi?




Bu, uydurma bir fikirdir və uydurma olduğu üçün də heç bir sənədə, fakta söykənə bilməz. Əvvəla onu deyək ki, tarixən Dağlıq Qarabağ deyilən bir ərazi vahidi olmayıb. Qarabağın dağı da, aranı da bir coğrafi məkandır. “Dağlıq Qarabağ” ifadəsini Azərbaycana ötən əsrin 20-ci illərində Rusiya bolşevikləri gətirdilər. Əslində bu cəfəng fikir yeni deyil. Öz işğalçılıq əməllərinə ideoloji əsaslar hazırlamaq üçün bu fikri vaxtı ilə Robert Koçaryan, Serj Sarkisyan atmışdılar ortaya. İndi Paşinyan da vəziyyətdən çıxış yolu kimi hərbi əməliyyatlar meydanında ciddi uğursuzluqdan sonra yapışdı həmin fikirdən. Dağlıq Qarabağın hazırkı durumuna münasibətdə erməniləri “xilas” etmək istəyən xarici qüvvələr üçün bu fikir bir qədər cazibədar görünür. Amma onun tarixi əsasları yoxdur, uydurmadır, fantaziyadır. Tarixən Azərbaycandan kənar nə Qarabağ, nə də onun dağı və aranı olub. Əslində, 3 il öncə ermənilərin “Dağlıq Qarabağ” adından imtina edib “Artsax” terminindən yapışmaları da Qarabağın keçmişində özlərini görməmələri ilə bağlı idi. Ona görə də onlar məsələni tarixi müstəvidən çıxarıb siyasiləşdirməkdə maraqlıdırlar.


– Bəs gercək tarix nə deyir?

-Gercək tarixə baş vuranda, daşları səliqə ilə öz yerinə qoyanda tamam ayrı mənzərə yaranır. Cənubi Qafqazdakı müasir geosiyasi mənzərə təxminən son üç əsr ərzində formalaşıb. XVIII əsrin ortalarında yaranmış müstəqil bir Qarabağ xanlığı var idi ki, dağı ilə, aranı ilə bütün Qarabağ ərazilərin həmin xanlığın coğrafiyası hesab edilirdi. Xanlığı ərazisində yaşayan 130 min əhalinin mütləq əksəriyyəti müsəlman türklərdən ibarət idi. Hər biri 3-4 kənddən ibarət olan 5 xristian məliklər xanlığın həyatında hansısa gücə və təsir imkanına malik deyildi. Qarabağın keçmişinə münasibətdə iki açar sənəd var, Məhz həmin sənədlər Qarabağın kimə məxsus olmasında tarixi baxımdan çox əhəmiyyətlidir. Bunun birincisi 1805-ci ilin may ayının 14-də Qarabağ xanlığı ilə Rusiya komandanlığı arasında imzalanmış Kürəkçay müqaviləsi, ikincisi isə, “bir anlaşılmazlıq” nəticəsində qətlə yetirilmiş İbrahimxəlil xanın yerinə oğlu Mehduqulu ağanın Qarabağ hakimi təyin edilməsi haqqında imperator I Aleksandrın 1806-cı il 10 sentyabr tarixli fərmanıdır. Bu təməl sənədlərin heç birində Qarabağda erməni amilinin olması barədə eyham belə yoxdur.


– Bu halda ermənilərin


“Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb”


iddiasının tarixlə elə bir əlaqəsinin olmadığı aydınlaşır.

– Bilirsiniz, ermənilər öz tarixlərini, özləri ilə yanaşı regionun da keçmişini tarixi həqiqətlərdən ayırıb öz maraqlarına uyğunlaşdırıblar. Bir fakt, bir dənə tarixi sənəd ortaya qoya bilmirlər. Tarixi müzakirədən də qaçırlar. Bir vaxtlar Qafqazın Ali Baş Komandanı olmuş knyaz Qoltisın 1900-cü ildə çar II Nikolaya məruzə edirdi ki, Rusiya Qafqazı fəth edəndə orada toplam 45 min erməni yaşayırdı, indi onların sayı milyon yarıma çatıb. Axı, bunu biz özümüzdən uydurmuruq, bu məruzə Moskvada Rusiya Hərbi Tarix Arxivində var. Gedib baxsınlar. Bundan əlavə, çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra keçmiş xanlıqların əhalisini yenidən siyahıya aldı. O cümlədən 1823-cü ildə artıq ləğv edilmiş Qarabağ xanlığının ərazisində də belə bir siyahıyaalma həyata keçirildi və nəticələri 1866-cı ildə Tbilisidə nəşr etdilər ("Описание Карабахской провинции, составленное в 1823 г. действительным статским советником Могилевским и полковником Ермоловым 2-ым. Тифлис, 1866"). Əhalinin etnik mənsubiyyətini, yaşayış məntəqələrinin adını və insanların dini inancını müəyyən etmək üçün bu mükəmməl bir toplu idi. Ümumiyyətlə, XIX əsrin əvvəllərində işğal etdikləri ərazilərdə əhalini qeydə alarkən Rusiya inzibati idarələri müsəlmanlardan fərqli olaraq erməniləri iki ayrı-ayrı qruplar üzrə qeydə alırdılar. Bunun birincisi köhnə sakinlər (старожильцы) adlandırılır, ikinci qrupa isə yeni gələnlər (новопришельцы) daxil edilirdi. Bax bu yeni gələnlərin hesabına keçmiş Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində etnik mənzərə tədricən dəyişib knyaz Qolitsın deyən həddə çatdı.


– Qarabağ xanlığının ləğvindən sonra 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı və bu müstəqil dövlət iki il mövcud oldu. Həmin dövrdə Qarabağın və onun dağlıq hissəsinin inzibati tabeçiliyi necə idi?

-Bu da ermənilərin üzərindən sükutla keçmək istədikləri bir sualdır. Azərbaycan Cümhuriyyəti qurulduqdan az sonra Bakı azad edildi və Qarabağ da daxil olmaqla 98 min kv.km ərazidə Azərbaycanın suverenliyi təmin edildi. 1918-ci ilin noyabrında Müttəfiq qoşunları Bakıya girəndən az sora Qa­ra­bağ və Zən­gə­zu­run Azər­bay­can hö­ku­mə­ti­nin ida­rə­si al­tın­da ol­du­ğu in­gi­lis komandanlığı tərəfindən tanındı. Məhz, 1919-cu ilin yanvar ayında hökumətin təqdimatı ilə general Vilyam Tomson tərəfindən Xosrovpaşa bəy Sultanov Qarabağ və Zəngəzurun general qubernatoru təyin edildi. Onun bir azərbaycanlı, bir erməni köməkçisi var idi. Halbuki, ermənilər müttəfiqlərin Bakıya girməsindən intiqam məqamı kimi istifadə edib Azərbaycan ərazilərini ələ keçirmək istəyirdilər. Vəziyyətlə tanış olduqdan sonra 1918-ci ilin dekabr ayının ilk gün­lə­rin­də ge­ne­ral Tom­son Gən­cə, Qa­zax və Ca­van­şir qə­za­la­rın­da ya­şa­yan er­mə­ni­lə­rin li­der­lə­ri­nə göndərdiyi te­leq­ram­da tə­ləb edir­di ki, ermə­ni­lər qeyd edi­lən əra­zi­lər­də törət­di­yi qa­nun­suz­luq­la­ra və soy­ğun­çu­lu­ğa son qoy­sun­lar. O bil­di­rir­di: “Bü­tün er­mə­ni­lə­rə xə­bər ve­ril­sin ki, öz ev­lə­rin­də sa­kit otur­sun­lar. Əgər on­lar bu əm­ri ye­ri­nə ye­tir­mə­sə­lər, tö­kü­lən qan­lar və baş ve­rən qanun­suzluq­la­ra gö­rə bi­la­va­si­tə ca­vab ver­mə­li ola­caq­lar”. Az sonra isə Ermənistandan göndərilmiş millətçi ünsürlər Qarabağ ərazisindən qovulduqdan sonra 1919-cu ilin iyul-avqust aylarında Qarabağın dağlıq hissəsinin erməni kəndliləri öz qurultaylarında Azərbaycan hökumətini tanımaq, onun qanunlarına tabe olmaq haqqında qətnamələr qəbul etdilər. Hətta, rus, erməni, yəhudi millətindən olan bolşeviklər belə etiraf edirdilər ki, Xalq Cümhuriyyəti dövründə həmişə Qarabağın dağlıq hissəsi Azərbaycan Müsavat hökumətinin tərkibində olub. Sovetləşmədən az sonra Nərimanov, Mdivani, Mikoyan, Naneyşvili, Vesnik, Levandovski və Mixaylov 1920-ci ilin iyul ayının 10-da Moskvaya yazdıqları məktubda bildirirdilər ki “Müsavat hökuməti dövründə Qarabağ bütövlükdə Azərbaycanın tərkibində olmuşdur. Qarabağ və Zəngəzurun Bakı ilə qırılmaz iqtisadi və mədəni birliyi bu vilayətlərdən olan on minlərlə fəhlədən qaynaqlanır və onların İrəvanla heç bir bağlılığınınn olmaması yaxın keçmişin tarixi həqiqətidir”. İstər Ermənistanda, istərsə də ondan kənarda “Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb” deyənlər bu sənədlərlə yaxşı-yaxşı tanış olsunlar.


– Son dövrün yazılarında və çıxışlarında Qarabağın Dağlıq hissəsinin guya Stalinin Ermənistandan alıb Azərbaycana verməsi haqqında fikirlər yenidən gündəmə gətirilir.

– Bunun heç bir tarixi əsası yoxdur. Dövrün arxiv sənədləri ilə təsdiq edilmir bu iddia. “Stalin tezisini” ötən əsrin 80-ci illərinin sonunda Dağlıq Qarabağla bağlı Yerevanın iddiaları baş qaldıranda erməni alimləri, siyasətçiləri uydurmuşdular. Həmin dövrdə, Sovet Kommunist Partiyasının ideoloji məsələlər üzrə katibi Aleksandr Yakovlevin sədrliyi ilə bir komissiya yaradılmışdı. Həmin komissiya Stalin dövrünü yenidən təftiş edilir, onun qanunsuz əməlləri, xüsusi ilə repressiyalarla bağlı yeni faktlar üzə çıxarırdı. Məhz, buna görə ermənilər Dağlıq Qarabağı Stalin repressiyalarının “qurbanı” kimi təqdim etmək üçün bu fikri ortaya atmışdılar. Hadisələr başlayanda onlar Moskvaya 400 səhifəlik bir arayış göndərmişdilər və həmin arayış bütövlükdə uydurma “Stalin tezisi” üzərində qurulmuşdu. Mən o məsələni bütün ayrıntıları ilə araşdırmışam. Qafqaz Bürosunun 1921-ci ilin iyul ayının 4-5-də keçirilən plenumunun materialları ilə, Bakı, Tbilisi, Moskva arxivlərində saxlanılan protokollarla ətraflı tanış olmuşam. Tam əminliklə deyim ki, Stalinin guya Qarabağın dağlıq hissəsini Ermənistandan alıb Azərbaycana verməsi haqqında fikir kökündən yalandır, uydurmadır. Sənədlərdə bunu əks etdirən heç nə yoxdur. Həmin plenumda iştirak edən erməni kommunistlərindən də heç kəs heç harada bu barədə bir söz deməyib, bir sətir yazmayıb.


– Bəs əslində məsələ necə olub?

– Əslində, son günlər “Stalin uydurmasından” gen-bol danışan xarici tədqiqatçıların heç biri Qafqaz Bürosunun 1921-ci il iyulun 4-5-də keçirilmiş plenumlarının 11 və 12 nömrəli protokollarını görməyiblər. Onlar siyasi konyunkturaya uyğun olaraq ermənilərin 30-35 il əvvəl uydurduğu bu yalanı təkrar edirlər. Məsələn, yazırlar ki, Stalinin rəhbərliyi ilə keçirilən toplantıda Dağlıq Qarabağ Ermənistandan alınıb Azərbaycana verildi. Axı, Stalin Qafqaz Bürosunun üzvü deyildi, Plenumda onun səsvermə, təkliflə çıxış etmək hüququ yox idi. Adam üzvü olmadığı bir qurumun toplantısına necə rəhbərlik edə bilərdi? Plenum Serqo Orconikidzenin sədrliyi ilə keçirilmişdi. Plenum ərəfəsində Rusiya ilə Türkiyə arasında imzalanmış Moskva müqaviləsinə görə Naxçıvan Azərbaycan protektoratlığı kimi tanınandan sonra ermənilər Sovet Rusiyadan narazılıq etməyə başladılar. Bu narazılığı “kompensasiya” etmək üçün Moskvadan Qafqaz Bürosu rəhbərliyinə gizli təlimat gəldi ki, Qarabağın dağlıq hissəsini Ermənistana transfer etməyi hazırlasınlar. Hətta Sovet Rusiyasının Xarici İşlər Komissarlığı 1921-ci il üçün illik hesabatında bu işin artıq başa çatdırıldığını, həmin ilin dekabrında Qarabağın dağlıq hissəsinin Ermənistana verildiyini yazırdı. Çünkü təlimat belə idi. Halbuki, Qafqaz Bürosunun rəhbərləri, o cümlədən Serqo Örconikidze dəfələrlə Moskvaya yazmışdı ki, Qarabağın dağlıq hissəsi Azərbaycanın ayrılmaz hissəsidir. Qeyd edilən təlimata uyğun olaraq iyulun 4-də plenumda 5-ci məsələ kimi Dağlıq Qarabağ məsələsini səsverməyə qoyub onun Ermənistana verilməsi haqqında qərar qəbul edildi. Lakin plenumun eyni gündə, eyni saatda həmin toplantısında 6-cı məsələ kimi Nərimanovun bəyanatı elan edildi. Nərimanov deyirdi ki, Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq bu məsələnin müzakirəsi Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin müzakirəsinə verilsin. Plenum üzvləri Nərimanovun bəyanatına səs verdilər, o qəbul edildi və bununla da 5-ci məsələ öz hüquqi qüvvəsini itirdi. Amma bolşeviklərin “Qafqaz canisi” Orconikidze məsələnin müzakirəsinin Moskvaya keçirilməsinə razı deyildi. Ona görə səhəri gün iyulun 5-də onun və Amayak Nazaretyanın təklifi ilə məsələ yenidən gündəliyə çıxarıldı və Qarabağın dağlıq hissəsinin Azərbaycanın tərkibində SAXLANILMASI (verilməsi, qaytarılması yox, məhz saxlanılması) və ona muxtar vilayət statusu verilməsi haqqında qərar qəbul edildi. Əslində, Qarabağın dağlıq hissəsinə muxtar vilayət statusu verilməsi də bolşeviklərin ideyası idi. 1920-ci ilin iyul ayının 2-də Sovet Rusiyasının Xarici işlər Komissarı Georgi Çiçerinin Qarabağ və Zəngəzuru əvvəlcə mübahisəli ərazi elan edib, sonra bu torpaqları Ermənistana vermək haqqında şifirli teleqramına cavab olaraq Orconikidze yazırdı ki, mənim fikrimcə, Qarabağ və Zəngəzur Azərbaycanda qalmalıdır və əlavə edirdi: "Mən Azərbaycanı məcbur edəcəyəm ki, bu vilayətlərin muxtariyyətini elan etsin, lakin bu ideya Azərbaycandan gəlməlidir və heç bir halda bunu müqavilədə (Ermənistanla Sovet Rusiyası arasında hazırlanan müqavilə nəzərdə tutulur) göstərmək olmaz”. O, gizli şəkildə Lenin, Stalin və Çiçerinə xatırladırdı ki, biz "burada (Qarabağda) muxtariyyət elan edib, müsəlman ordu hissələrini ora buraxmadan erməni əhalisini təşkilatlandırarıq”. Belə də oldu. Bu addımla bolşeviklər Azərbaycan dövlətçiliyinin təməlinə gec partlayan bir mina qoyuldular ki, bu günə qədər Azərbaycan o minadan ziyan çəkir.


– Belə olan halda biz bilmək istəyirik: ümumiyyətlə, Stalin Tbilisiyə niyə gəlmişdi?

-Həmin vaxt Stalin Nalçikdə dincəlirdi. Qəflətən Tiflisə gəlməsi də Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə bağlı deyildi. Moskva bir qədər müstəqil olmağa çalışan Gürcüstan inqilab komitəsinin sədri Filip Maxaradzedən narazı idi. Stalin də onu daha sözəbaxan olan Budu Midivani ilə əvəzləmək üçün Tiflisə gəlmişdi. Qafqaz Bürosunun plenumu başa çatan kimi, iyulun 7-də bu məsələ Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin müzakirəsinə çıxarıldı və qeyd edilən dəyişiklik həyata keçirildi. Yəni Stalinin Tiflisə “qəfil “ gəlişinin Dağlıq Qarabağ məsələsi ilə heç bir aidiyyəti yox idi.


– Sonralar bu məsələyə yenidən nə vaxtsa qayıdıldı?

– Bəli sonradan Sovet dövründə daha iki dəfə Dağlıq Qarabağın Ermənistan SSR birləşdirilməsi haqqında təşəbbüslər Yerevan rəhbərliyi tərəfindən qaldırıldı: 1945-ci ilin sentyabrında və 1966-cı ilin sentyabrında. Hər ikisi də uğursuzluğa düçar oldu. 1945-ci ilin iyulunda Sovet Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu Cənubi Azərbaycanda separatist hərəkatın təşkili haqqında gizli qərar qəbul etdikdən və perspektivdə oranın Sovet Azərbaycanı ilə birləşdirilməsini planlaşdırdığı üçün Ermənistan Kommunist Partiyasının birinci katibi Qriqori Arityunov Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi xahişi ilə Moskvaya müraciət etdi. Bu müraciət həmin ilin noyabrında tanış olub fikir bildirmək üçün Malenkov tərəfindən Mir Cəfər Bağırova göndərildi. Bağırov həmin dövrdə cavab hazırlamaq üçün Qarabağla bağlı bütün sənədləri toplatdırdı. İki cilddən ibarət olan bu sənədlər indi də Siyasi Sənədlər Arxivində saxlanılır. Bağırov Moskvaya yazdı ki, o, Ermənistan və Azərbaycan respublikaları arasında sərhədlərin dəyişdirilməsini məqsəduyğun hesab etmir. Onun fikirincə, əgər Moskva bu məsələdə təkid edirsə, Ermənistan SSR-in əsasən azərbaycanlılardan ibarət olan Əzizbəyov, Vedi və Garabağlar rayonlarının Azərbaycan SSR-ə verilməklə, Şuşa istisna olmaqla Dağlıq Qarabağ Ermənistana verilə bilər. Lakin ermənilər bununla razılaşmadılar. Bağırov həm də əlavə edirdi ki, bir halda respublikalar arasında sərhədlərin dəyişdirilməsi müzakirə edilirsə, uzun müddət Azərbaycanın tərkibində olmuş Dağıstan Muxtar Respublikasının Qasımkənd və Məhərrəmkənd rayonlarının da Azərbaycana qaytarılması məsələsinə baxılsın. Ötən əsrin 60-cı illərində ermənilər yenidən fəallaşdılar. Xüsusi ilə 50-ci illərin sonu 60-cı illərdə saxta pasport və saxta adlarla Sovet İttifaqına səfər edən xarici erməni partiyalarının rəhbər şəxsləri və Sovet xüsusi xidmət orqanları (KGB) və Sovet Kommunist Partiyasının rəhbər şəxsləri ilə gizli görüşlərdə DQMV-nin Ermənistana verilməsi məsələsini qaldırırdılar. 1960-cı il dekabrın əvvəllərində Moskvadan Azərbaycan rəhbərliyinə maraqlı bir məktub daxil olmuşdu. Orada Sov.İKP MK aparatının məktubuna əlavə edilən “Sovet Azərbaycanının prezidentinə” ünvanlanmış müraciət var idi. Müraciət 1960-cı il oktyabrın 18-də Bostonda çıxan “Baykar” (Mübarizə) adlı erməni qəzetində nəşr olunmuşdu. Sənədin Sov.İKP MK-nın izahedici məktubu ilə Bakıya, Vəli Axundova göndərilməsi xeyli müəmmalı idi. İzahedici məktubda “Baykar” qəzetinin sosial mahiyyəti, ABŞ-da bu qəzeti nəşr edən erməni “Ramqavar” partiyası haqqında məlumat verilirdi. Müraciətdə Sovet Ermənistanında böyük tarixi hadisəyə – Sovet hakimiyyətinin qurulmasının 40 illiyinə hazırlıqdan söz açılır və bu bayram münasibəti ilə “qardaş” Azərbaycanın Naxçıvanı və Dağlıq Qarabağı Ermənistana hədiyyə verməsi təklif edilirdi. 1961-ci ilin may ayında Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyi ilə bağlı Nikita Xruşşov Yerevana gələndə ermənilər şayiə yaymışdılar ki, guya Xruşşov Yerevana böyük hədiyyə ilə gəlir və DQMV-ni Ermənistana verəcək. Lakin bu ümidlər doğrulmadı. Xruşşov vəzifədən gedəndən sonra onlar 1965-ci ildə yenidən Moskvaya Naxçıvan və Dağlıq Qarabağla bağlı tələblər göndərməyə başladılar. Hətta Sovet Kommunist Partiyasının katibliyi SSRİ Xarici İşlər Nazirliyinə Naxçıvanla bağlı arayış hazırlamağı tapşırdı. Lakin XİN arayışda yazdı ki, Naxçıvanın statusuna toxunmaq olmaz, bu, Türkiyə üçün çox həssas məsələdir.


– Bununla məsələ qapandımı?

– Yox, bundan sonra Ermənistan rəhbərliyi bütün ağırlığı DQMV-nin ələ keçirilməsi üzərinə yönəltdi. Alimlər və ziyalılar adından kollektiv müraciətlər göndərdilər, 1966-cı ilin sentyabr ayının 30-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Anton Koçinyan və Nazirlər sovetinin sədri Badal Muradyanın Sovet rəhbərliyinə göndərdikləri birgə məktubda deyilirdi: “Bizim fikrimizcə, Naxçıvan və Dağlıq Qarabağın Ermənistan SSR-ə verilməsi məsələsinə baxmaq və onu müsbət həll etmək məqsədəuyğun olardı, bu halda Naxçıvan MSSR yerləşdiyi ərazidə Ermənistan SSR-in tərkibində öz muxtariyyətini saxlaya bilər. Lakin əgər indiki mərhələdə Naxçıvanın Ermənistan SSR-ə qaytarılması məlum çətinliklə bağlıdırsa, Dağlıq Qarabağın Ermənistana qaytarılmasında hər hansı bir çətinlik yoxdur və bu, ağrısız olaraq həyata keçirilə bilər. Ehtimal olunan təhlükəyə arzuolunmaz reaksiyadan ehtiyatlanmağın heç bir əsası yoxdur, belə ki, söhbət Azərbaycan SSR-in ərazisinin hansısa bir hissəsinin qoparılmasından getmir, milli muxtar vilayətin erməni əhalisinin eyni xalqdan olan müttəfiq respublika ilə qovuşmasından gedir”. Göründüyü kimi, məqsəd ərazi qoparmaq, Azərbaycanın hesabına Ermənistanın öz ərazilərini genişləndirmək idi. Amma 60-cı illərdə Azərbaycan rəhbərliyi bu cəhdlərin qarşını ala bildi.


– Son 30 ilin hadisələri də bilavasitə yeni ərazilər ələ keçirmək siyasətinə xidmət edir.

-Tamamilə doğrudur. Son 100 ilin bütün dövrlərində Ermənistanın Türkiyəyə, Azərbaycana, Gürcüstana qarşı ərazi iddiaları olub. Stalin hakimiyyətdə olanda onlar Gürcüstana qarşı ərazi iddiası irəli sürməyə ehtiyat edirdilər. Lakin Stalinin şəxsiyyətə pərəstişi tənqid ediləndən sonra onlar Gürcüstanın Cavaxetiya rayonuna qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Əminliklə deyim ki, əgər Dağlıq Qarabağ və onun ətrafında işğal etdikləri 7 rayonun taleyini hüququ baxımdan yekunlaşdıra bilsəydilər, ermənilər dərhal Cavax adlandırdıqları Cavaxetiyada pozuculuq işlərinə başlayacaqdılar. Ona görə də Azərbaycan ordusunun bu tarixi qələbəsi Azərbaycan torpaqlarını yadellilərdən xilas etməklə yanaşı, qonşu Gürcüstanı da gələcək sarsıntılardan sığortalayır, Cənubi Qafqazda sülhə və sabitliyə yol açır. Məsələlərə hansı yöndən yanaşırsansa yanaş, tarix də, beynəlxalq münasibətlərin universal prinsipləri də, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. BMT Təhlükəsizlik Şurasının işğal faktını təsbit edən 4 qətnaməsi 27 ildir ortadadır. Stalin “mifi” uydurmaq, “xilas naminə ayrılmaq” təşəbbüsündə bulunmaq, “Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb” kimi mənasız iddialar irəli sürmək həqiqətə deyil, yalana xidmət edir. Təəssüf ki, son vaxtlar bu yalan bəzi siyasi kluarlara da ayaq açmışdır.

Ana səhifəSiyasətCəmil Həsənli: Tarixi həqiqətlərdən ayırıb öz maraqlarına uyğunlaşdırıblar