Son günlər ölkədə baş verən ilginc hadisələr ildırım sürəti ilə inkişaf edir. Emin Millinin və Qənimət Zahidin yaxınlarının, qohumlarının repressiyaya uğraması, xüsusilə məlum “imtina” kampaniyası cəmiyyətdə az qala sonuncu, qismən azad pəncərəyə çevrilmiş sosial şəbəkələrdə geniş əks-səda doğurdu. Bəziləri bu hadisələrin analogiyasını sovet zamanında axtardı – bunlar kifayət qədər çox oldu, bəziləri isə daha irəli gedərək, hətta nasist rejiminin belə bunları etmədiyini yazdı.
Əlbəttə ki, bütün bunlar emosiyalardır, nasizmin törətdiyi cinayətlər arasında bu kimi hallar da olub. Bunlardan ən məşhuru yeni Almaniyanın qurucusu, onun ilk Bundeskanzleri Konrad Adenauer’in xanımı Auguste ilə edilmişdi. Nasizmə dərindən nifrət edən Adenauer, hələ 1933-cü ildə yenicə Bundeskanzler vəzifəsinə təyin edilmiş Hiteri, Bürgermeisteri (meri) olduğu Köln şəhərində qarşılamaqdan imtina etmiş, aereportdan şəhərə kimi nasist bayraqlarının sancılmasını da qadağan etmişdi. Buna görə tutduğu bütün vəzifələrindən uzaqlaşdırılmış bu görkəmli siyasi xadim, repressiyalardan ehtiyatlanaraq uzun illər gizlində yaşayır. Lakin 20 iyul 1944-cü ildə Hitlərə edilmiş uğursuz sui-qəsddən sonra Kölnün keçmiş Bürgermeistri Gestaponun xatirinə düşür və axtarış elan edilir. Bir aylıq axtarış nəticə vermədikdə 24 sentyabrda onun xanımı Auguste həbs edilir və fahişələrlə bir kameraya atılır. Burada dərin mənəvi və psixoloji təzyiqlərə məruz qalan xanıma, ərinin yerini həmən deməzsə, 19 və 16 yaşlarında iki qızının da bu kameyara düşəcəyi hədəsini gəlirlər. O zaman müstəsna sarsıntıda yalnız iki kəlmə – “Nister Mühle” (bu Adenauerin Westerwald bölgəsində gizləndiyi kiçik hotelin adı idi) tələffüz edə bilmiş bu xanım, azad edilən kimi ilk öncə damarlarını kəsir, lakin onu xilas edirlər. Ərinin azad edilməsindən bir qədər sonra isə özünü zəhərləmiş bu qadını bir daha xilas edirlər, lakin dərin intoksikasiya keçirmiş organizm buna davam gətirə bilmir və üç ildən sonra Auguste vəfat edir.
Beləcə qəddar rejimin basqısı və alman qadınının şərəfi arasında heç bir kompromiss tapa bilməyən qadın, xilasını yalnız intiharda görür.
Bəs görəsən Azərbaycan kimi tayfa-qəbilə-yerli münasibətlərinin indiyədək çox dərin olduğu arxaik, hətta bir çox zaman işlətdiyim arxetipik bir cəmiyyətdə, bir insanın qohumlarının ondan imtina etməsi nə deməkdir? Görəsən bu artıq cəmiyyətin dağıdılmasının, elementar insaniyyətin məhvinin, aşınmasının hansı halı, hansı həddidir? Və bu kimi halların baş verdiyi cəmiyyəti artıq necə səciyyələndirməliyik, onun proobrazı nə zaman və harada yaradılıb?
Bu suallar indi yaranmayıb, bunları biz cəmiyyətimizin əyri güzgülərində hamımızı görəndə zaman-zaman özümüzə sormuşduq. Və təbii ki, cavabları da hamı dünya klassikasında – kimi Frans Kafkada, kimi Pelevin alleqiriyalarında, kimisi daha qəddar verisya, Sorokin yaradıcılığı, kimisi George Orwell’in məşhur “1984”-ü, kimisi də dahi François Rabelais tərəfindən XVI əsrdə qələmə alınmış ölməz “Qargantua və Pantagruel” əsərində tapmışdı.
Deyirlər ki, heç bir şey təsadüfən olmur. Bu günlərdə facebookda #uşaqlıqkitablarım hashtagı yaradıldı və bir çoxları uşaqlığının sevimli kitablarını bir daha xatırladı. Bu çağırışa qoşularaq mən də bu xatirələri bölüşdüm, orada uşaqlıqda çoxdan oxuduğum, mənə çox dərindən təsir etmiş, amma kitabın və müəllifinin ismini unutduğum bir əsər də vardı. Dostların köməyi ilə xatırladığımız bu gözəl əsərin ismini xatırladıq – bu məşhur italiyalı müəllif Gianni Rodari’nin 1959-cu ildə dərc etdiyi “Celsomino yalançılar ölkəsində” əsəri idi.
Uşaqlar üçün qələmə alınmış bu alleqorik əsərin qısa məzmunu belədir – Celsomino adlı balaca oğlanın (Celsomino-italyan dilində “yasəmən” deməkdir), anadangəlmə çox güclü səsi var, səsini bir azca qaldıran kimi şüşələr sınır, ağaclardakı meyvələr tökülür, hətta o, səsinin gücü ilə istənilən divarları belə dağıda, yenə bilərmiş. Lakin bu səs onun başına olmazın bəlalar gətirir, nəhayət, günlərin bir günü Celsomino çıxıb getməyə məcbur olur və gəlib fantastik “Yalançılar Ölkəsinə” çıxır.
Buranın kralı, öz dəstəsi ilə hakimiyyəti ələ keçirmiş Cakomonun əmri ilə bu ölkədə hər kəs, hətta heyvanlar da hər zaman yalan danışmalıdırlar. Pişiklər hürməli, itlər miyoldamalı, atlar mələməli, inəklər isə kişnəməlidirlər. Uşaqlar məktəbdə vurma cədvəlini tərsinə öyrənməkdədirlər. Ölkədə heç bir şey öz adında deyil. Çörək dükanında dəftər-qələm, dəftər-qələm dükanında çörək satılır. Alış-veriş üçün yalnız saxta əskinaslar işləməli, rəssam atları 13 ayaqlı, dəvəni beş beş küvənli, portretləri 6 göz və 3 burunlu çəlməlidir. Bütün hadisələr haqda (təbii ki, tərsinə yazılmış) məlumatı insanlar yalnız “Nümunəvi yalançı” qəzetindən oxuya bilərdilər.
Qısası, bu ölkə başdan-başa yalan içərisindədir.
Celsomino güclü səsi ilə divara təbaşirlə çəklimiş üçayaqlı (bu üzdən onun adı “axsaq”, orijinalda Zoppino olur) bir pişiyin divardan qopub canlı bir pişiyə çevrilməsinə səbəb olur. Sonra isə onunla və başqa personajlarla (Pannocchia xala, divarda üçayaqlı pişiyi çəkmiş qız Romoletta, rəssam Bananito, maestro Domisol və s.) birlikdə “Yalançılar Ölkəsində” başlarına olmazın hadisələr gəlir. Məlum olur ki, bütün bunların səbəbi, kral Cakomonun daz olduğuna görə narıncı parikdə gəzməsi imiş.
Bütün uşaq kitablarında olduğu kimi, burada da ən sonda Celsomino dostları ilə birlikdə “Yalançıalr Ölkəsində” həqiqətin qalib gəlməsinə nail olur: belə ki, Celsomino öz güclü səsi ilə məşhur müğənniyə çevrilir, kral Cakomon isə dazlar klubunun sədri olur.
Uşaq ədəbiyyatı doğrudan da özündə çox güclü alleqorik və mənəvi yük daşıyırmış.