Cəlilabadın icra başçısının saxlanıldığı bildirilir

Cəlilabad Rayon İcra Hakimiyyətindən də məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Source: Specify Source


Rayonun icra hakimiyyətində əməliyyat keçirildiyi haqda məlumatlar var

Dekabrın 7-də yerli media hüquq-mühafizə orqanlarının əməkdaşlarının Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirdiyini xəbərləyib.

Məlumatda icra başçısı Namiq Zeynalov və bir neçə vəzifəli şəxsin saxlanaraq Bakıya aparıldığı bildirilib.

Meydan TV məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluqla əlaqə saxlayıb. Mətbuat xidmətindən prokurorluğun belə bir əməliyyat keçirmədiyini söyləyiblər. Digər qurumlarla əlaqə saxlamağı məsləhət biliblər.

Cəlilabad Rayon İcra Hakimiyyətindən də məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Dövlət Təhlükəsizlik Xidmətindən (DTX) adının açılanmasını istəməyən mənbə isə Meydan TV-yə bildirib ki, onlar bu gün Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat aparıblar.

Namiq Zeynalov 2018-ci ilin fevralın 6-dan bu vəzifədə çalışırdı.

Son bir ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir sıra rayon və şəhərlərin icra hakimiyyətlərində axtarış aparıb. Axtarışdan sonra icra hakimiyyəti başçılarından və vəzifəli şəxslərdən həbs edilənlər olub. Onlar rüşvət, mənimsəmə və başqa oxşar əməllərdə ittiham ediliblər.

Məsələn, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirmişdi. Əməliyyat zamanı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərov və başqaları saxlanılmışdı. Ceyhun Cəfərova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma – külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdü.

İyunda Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilmişdi. İcra Hakimiyyətinin baş memarı Akif Əliyev barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdi.

Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədov da həbs edilmişdi. Onun da həbsinə səbəb kimi rüşvət alması göstərilirdi. Onun cinayət başında yaxalandığı bildirilirdi.

Mayın 5-də DTX İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirmişdi. Sonradan yayılan rəsmi məlumatda (http://www.dtx.gov.az/news474.php) bildirilirdi ki, Vilyam Hacıyev sərəncamında olan vəsaitləri mənimsəmədə ittiham edilir. Eyni zamanda, vəzifəsindən sui-istifadə edib.

Vilyam Hacıyev eyni zamanda, dövlətin aztəminatlı ailələrə ayırdığı vəsaiti ələ keçirməkdə də ittiham edilirdi. Bundan sonra onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

image_from_ios (1).jpg
İcra hakimiyyətində əməliyyat

Vilyam Hacıyev məhkəmədə ittihamları qəbul etmirdi. Məhkəmə binasından çıxarılarkən orada gözləyən yaxınlarına “bu günlər keçəcək. Hər şey yaxşı olacaq. Haqq yerini tapacaq…”, – demişdi.

Aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirmişdi. Bir gün sonra, aprelin 30-da da icra hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçilmişdi. O, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham edilirdi.

DTX fevralda Neftçala Rayon İcra Hakimiyyətində də əməliyyat keçirmişdi. Daha sonra Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açılmışdı. Fevralın 22-də Səbail Rayon Məhkəməsi Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

Təqdimatı Dövlət Təhlükəsizlik Xidməti vermişdi. Keçmiş başçıdan başqa onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov haqqında da eyni qərar verildiyi bildirilirdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə, rüşvətalma, rüşvətvermədə ittiham olunurlar.

Ötən il dekabrın 19-da isə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Ağstafa rayonunun İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılmışdı. Daha sonra onların hər ikisi məhkəməyə çıxarılaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Ana səhifəSiyasətCəlilabadın icra başçısının saxlanıldığı bildirilir