Evsiz qalan üç övlad atası şikayətinə baxılmasa bu dəfə prezidentin evinin qarşısında aksiya keçirəcəyini deyir.
İki mənzil üçün ödədiyi 355 min manatı ala bilməyən Qazaxlı iş adamı Elşad Məmmədov müxtəlif qurumlara yüzlərlə şikayət məktubu ünvanlayıb, məhkəmələrə üz tutub, mətbuat konfransı keçirib, ağzını tikərək 8 gün aclıq aksiyası da keçirib. Evsiz qalan üç övlad atası bu dəfə uşaqları ilə birgə yaşamaq üçün yorğan-döşəyini götürüb Prezident Administrasiyasının qarşısındakı parka gəlib. Avqustun 3-də PA-da iş günü olmasa da, Elşad Məmmədov məhz bu gün belə bir etiraz forması seçməyə qərar verib. Belə ki, bu gün onun evsiz qalmasına bais olduğunu bildirdiyi Nehrəmli biznesmen İbrahim İbrahimovun “Xəzər adaları” layihəsinin açılışı ilə bağlı ziyafət verirmiş. Lakin polislər onu övladlarının gözü qarşısında zorla maşına əyləşdirərək Səbail rayon 9 saylı Polis Bölməsinə aparıblar. Saxlanılarkən onun sol gözünün altını və barmaqlarını əziblər. Təxminən 4 saat saxlandıqdan sonra Elşad Məmmədov sərbəst buraxılıb. Lakin aparıldığı 9 saylı bölmədə onun saxlanması faktını rəsmiləşdirməyiblər.
Avqustun 4-də isə Qazaxlı iş adamını Baş prokurorluğa çağırıblar. O burada baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb. Burada da ona şikayətinin araşdırılacağı vəd olunub. Elşad Məmmədov deyir ki, şikayəti nəticə verməsə bu dəfə prezidentin evinin qarşısında aksiya keçirəcək.