Vəkil: ”Rayon məhkəməsinin qərarı əsassızdır”
Martın 1-də Bakı Apelyasiya Məhkəməsində cəbhəçi fəal Vasif Müzəffərovun şikayətinə baxılıb.
İnzibati qaydada həbs cəzası almış Vasif Müzəffərovun şikayəti təmin edilməyib.
Vəkil Əsabəli Mustafayev rayon məhkəməsinin qərarının əsassız olması səbəbindən ləğv edilməsini istəyib. O, Vasif Müzəffərovun evli, himayəsində iki övladı olduğunu və əmək qabiliyyəti olmayan atasına baxdığını söyləyib:
“Bütün bunlar yüngülləşdirici hal kimi nəzərə alınmalıdır”.
Lakin məhkəmə vəkilin arqumentlərini nəzərə almayıb.
Cəbhəçi gənc barədə Xətai rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanıb.
Vasif Müzəffərov fevralın 22-də saxlanmışdı. Ertəsi gün Xətai rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası vermişdi.
Sosial şəbəkələrdə fəallığı ilə seçilən gənc polisin qanuni tələblərinə tabe olmamaqda günahlandırılır.
Son həftələrdə Azərbaycanın bölgələrində və Bakıda 50-dən çox fəal həbs edilib. Təcridxana və cəza evlərində müxalifətçilərə, müstəqil fəallara, inanclı insanlara işgəncələr verilməsi ilə bağlı şikayətlər artıb. Hüquq mühafizə orqanları belə şikayətləri qəbul etmir, böhtan kimi dəyərləndirirlər.
Vəkil Fariz Namazlı həbs dalğasının uzun müddətdir davam etdiyini deyir. Səbəb kimi hakimiyyətin tənqidi fikirlərdən ehtiyat etməsini, sosial şəbəkələrdə onlara qarşı tənqidlərə dözümsüzlüyünü göstərir.