Cazibədar qıza baxırmış kimi

Onları görəndə ağzımın suyu axdı

Source:


Onları görəndə ağzımın suyu axdı

O gün internetdə dünya ədəbiyyatından hələ oxumadığım klassik, modern və Nobel laureatlarının kateqoriyalarından olan kitablara baxırdım. Sanki dünyanın ən gözəl və cazibədar qızlarına baxar kimi. Ağzımın suyu axdı.  Allaha dua etdim ki, o kitabların hər birini əldə edim və oxumamış həyatdan köçməyim..

Müqəddəslər şahidimdir ki, kitab oxumaqdan, optimizm və gülümsəməkdən facebook-da status yazarkən riyakarlıq etmirəm. Yazdıqlarım ürəkdən gəlir, çünki prinsiplərimə ürəkdən iman etmişəm və onlar mənə HƏYAT stimulu verir. Mən təbliğat aparıram və bu cahilliyə, bədbinliyə qarşıdır. Bəli, gülümsəməklə ölkəmiz güllük-gülüstana dönməyəcək. Amma ətrafa və ruhumuza nikbinlik toxumları səpəcək az da olsa…

Sizi bilmirəm, mən özümə kiçik xoşbəxtlikləri təlqin edə bilirəm. Bunun qaynağı isə EŞQdir! O eşq ki, gərək insanları, heyvanları, təbiəti, həyatı və həyat verəni səmimi qəlbnən sevəsən. Həmin EŞQ-i mənə ötürən KİTABLARDIR…

Tez-tez evmizdəki kitabxanama baxıram. İlahi, necə müsbət enerji ilə dolur bədənim! Onlarla kitabım var ki, mənə hədiyyə edilmiş, oxunulmağı gözləyirlər. Zamanla oxuyuram onları bir-bir. Yazdıqlarım pafoslu görsənməsin. Sadəcə çox sevirəm kitablarımı. Onları özümə çox doğma sayıram. İnanın, hətta bəzi vaxtlarda, kitab oxumağa ara verəndə və ya internetə daha çox vaxt ayıranda kitabxanama boylanarkən, sanki kitablarımın ağladığını düşünürəm. Onlar mənə “Niyə bizi oxumursan?” deyə inildəyirlər.

Nə yaxşı kitablar var. Kitab mənim üçün ən gözəl və dəyərli hədiyyədir. Bir yaxın qız tanışım inbox-a yeni aldığı kitablarının şəkillərini yollayıb və yazıb ki, “Məni də kitab xəstəsi etdin, hansı kitabı birinci başlayım oxumağa?” Yazdım: “B u xəstəliyin sağalmasın!”


Çox sevincli haldır ki, kimsə kitab oxumağa həvəs göstərir. Düşüncəni inkişaf etdirib, dünya görüşünü artırmaq üçün kitab oxumaq unikal vasitədir. Amma bizim hərşeyşünaslar “MIZ” soxur ki, facebook-da “kitab oxuyan kimi özünüzü az göstərin”, “aldığınızın kitabların şəkillərini paylaşıb, özünüzü gözə soxmayın” və s. Sizin kimi bədbin paylaşımlar edib, millətin cəsarətin və əzmini tormozlamalıyıqmı?!

Məhz mütaliə sayəsində aydınlana və oyana bilər bu millət! Kitabları təbliğə davam!


Kitablar  ölkəmizin  inkişafının, yüksəlişinin əsas vasitələrindən və unikal silahlarından biri ola bilər. Məhz kitabın, elmin sayəsində  ən böyük düşmən olan cahillikdən yaxa qurtara bilərik.  Kitablar sayəsində bu gün qərb ölkələri o cür inkişaf səviyyəsinə çatıblar. Utanaraq, qeyd edirəm ki, bizim ölkədə kitaba bir çoxları düşmən kimi baxır.  Bilirsiniz niyə? Çünki onların ruhları azad deyil! Kitabın ruhu isə –  AZADLIQDIR. Bir çoxlarının qorxduğu –AZADLIQ.

Bəli, düz oxudunuz – qorxduğu(!)  Kitabdan qorxan KÖLƏLƏR, azad olmaqdan qorxurlar. Onların qorxularını çıxarmaq üçün maarifləndirmə yolu ilə “çıldaq” etmək lazımdır. Bunun üçün güclü təbliğat maşını milli televiyazalarımız ola bilər. Amma onlar da nə yazıq ki, kanalizasiyadan daha üfunətli olublar.

Kitab oxuyun və həyatınızı rəngli edin

Qaranlıq ölkəmizdə, qara həyatımıza ən gözəl rəngləri məhz kitablar verə bilər. Kitabların əsas qayəsi insanın yolunu aydınlatmaqdan ibarətdir. Şəxsən mənim üçün ən yaxşı dost kitabdır. Çünki onlar məni stressdən azad edir, mənə bir çox ağır situasiyalarla qarşılaşanda, düzgün addım atmağıma yardımçı olur, səbrli olmağı öyrədir, pis vərdişlərimdən və xasiyyətlərimdən vaz keçməyimə kömək edir. Bir sözlə, dünya görüşümü artırır. Hər bir kitab bir insandır. Hər yeni kitab-yeni bir dostdur. Onlarla danışarkən danışar, danışmadıqda düşünməyinə imkan verər. İnanmırsınızsa yoxlayın, fərqi hiss edəcəksiniz .

Ana səhifəMənim FikrimcəCazibədar qıza baxırmış kimi