İlqar Qurbanov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəis təyin olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, İlqar Qəmbər oğlu Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəis təyin olunub. Bu haqda nazirliyin mətbuat xidməti məlumat yayıb.
ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ölkə Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb. Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır. Yeni xidmət özünün Mərkəzi Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən və Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarət olacaq.
İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin vaxtdan Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada, Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar İttifaqı Respublika Komitəsində, habelə ədliyyə sistemində, ƏƏSMN-də (2007-2010-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib.
İ.Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.
İlqar Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qardaşıdır.