Teyfurə Əliyeva: “Rasim Əliyevi aldadıb apardılar”
Aprelin 6-da Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Meydan TV-nin prosesi izləyən əməkdaşının məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda 8-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Ədalət Məmmədov ifadə verib. O, ifadəsində bildirib ki, Cavid Hüseynovu maşını ilə birlikdə Şamaxıdan Bakıya gətiriblər: “Bizə məlumat gəldi ki, həmin şəxsi gətirmək lazımdır. Biz də gedib gətirdik. Sonradan bildik ki, onun qohumu jurnalisti öldürüb. Başqa nəsə bilmirəm”.
Cavid Hüseynovun əmisi oğlu Nihat Abbaslı da şahid qismində məhkəmədə ifadə verib. O, bildirib ki, hadisənin ertəsi günü Cavid Hüseynovla “whatsapp”da yazışıblar: “Cavid mənə bildirdi ki, Elşən gedib polisə təslim olmalıdır. Mən həmin vaxt Elşənin yanında idim. Elşən mənə dedi ki, Rasimlə görüşə Cavidə görə yox, özünə görə gedib. Çünki Rasim ona söyüş söyüb”.
Prosesdə Cavid Hüseynovun anası Xalidə Hacıyeva da ifadə verib. X. Hacıyeva bildirib ki, oğlunun cinayət işində əli yoxdur: “Cavid milli qəhrəmanın oğludur. Bu işdən onun xəbəri olmayıb. Mənim oğlumun günahı yoxdur. Cavidin xəstəxanaya gedib Rasimə baş çəkməsindən də xəbərim olmayıb. Bizim aramızda bu məsələ ilə bağlı söhbət olmayıb”.
Daha sonra iclasda Rasim Əliyevin anası Teyfurə Əliyeva ifadə verib. O, bildirib ki, Rasimi aldadaraq görüşə aparıblar: “Rasim elə bir ailədə tərbiyə alıb ki, heç vaxt söyüş söyən olmayıb. Hadisədən əvvəl bir neçə dəfə Cavid və Elşən ona zəng elədilər. Əvvəlcə Rasim gərgin danışırdı. Sonradan mülayim danışmağa başladı. Mənə də dedi ki, Cavid adlı futbolçu ikinci dəfə bir əxlaqsız hərəkət edib. Onunla bağlı yazdığı status isə onların xoşuna gəlməyib. Rasim telefonla danışanda eşitdim deyir: “Lazım deyil, telefonda dedin, bəs edər. Mən uzaqdayam. İndi deyirsən bu təhqirlərdən sonra biz görüşək?” Sonra yenə zəng gəldi. Rasim çox mülayim danışırdı. Hətta zarafat da edirdi. Həmin zəng edən adam demişdi ki, mən Cavidin qohumuyam. Əgər sən Razinə gələ bilmirsənsə, mən gələrəm şəhərə. Sonra da evdən pul götürüb getdi ki, qonaqlarım gəlir. Dedim, Rasim, birdən səni aldadarlar. O da dedi ki, “Bayıl Market”in qarşısında, adamların içində nə edəcklər ki? Sənə ona görə nəsə demirəm. O, gedən sonra aptekə düşürdüm. Dostu gəldi ki, Rasimi döydülər. Əgər Rasim Elşənə söysəydi, Cavidə də söyərdi. Söyülən Rasim olub ki, deyiblər: “Qanında erməni qanı var”. Bu, həm ana, həm var-yox söyüşüdür. Sonra Rasimi axtarıb xəstəxanada tapdıq. Biz gedəndən sonra onu palataya yerləşdirdilər, sistem qoşdular. Mən də ona paltar, yemək gətirmək üçün evə getdim. Tez-tez Rasimlə danışırdım. Mənə telefonda dedi ki, Cavid meneceri ilə gəlmişdi. Mən də soruşdum, o əclaflara dedinmi ki səni niyə bu günə qoyublar. Dedi, gəl, danışarıq. Cavid gedib, xəstəxanada həkimi də görüb. Əgər əli yox idisə, Elşənin atası, anası Rasimin yanında gələrdi. Cavid həkimə deyib ki, xərci mənlikdir”.
Bu zaman Cavid Hüseynov bildirib ki, o, hər şeyi düzgün danışır: “Əgər Elşəni Rasimlə görüşə göndərsəydim, Elşənə yazmazdım ki, Rasimlə danışdım, məsələ bağlanıb”.
C. Hüseynovun vəkili Adəm Məmmədov isə bildirib ki, T. Əliyevanın verdiyi ifadəyə istintaq tənqidi yanaşıb.
T. Əliyeva isə vəkilin sözlərinə etirazını bildirib: “Sən cavan adamsan, mənəvi zərbə vurursan mənə. Biri var kişi kimi öləsən, biri var şərəfsiz kimi. Rasim nəsə deməyib ki, üzr də istəyə. Mən danışanda niyə müzakirə edirsən?”
Adəm Məmmədov isə bildirib ki, o, vəkildir və hər kəsi müdafiə edə bilər: “Ölüm haqdır. Mən başa düşürəm. Allah heç kimə göstərməsin”.
Teyfurə Əliyeva isə bildirib ki, müdafiə etmək vəkilin hüququdur, amma şər atmaq yox: “O sənin hüququndur . Amma şər, böhtan olmasın. Mən prosesdə iştirak etməmişəm. Sən keçən dəfə deyirsən, bu qadın iclaslarda olub. Sən qadına şər atırsan. Bu, nə hüquqa, nə kişiliyə sığır. İştirak etmişəmsə, sübut elə”.
Məhkəmə prosesi aprelin 13-də davam etdiriləcək.
Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.
Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Kənan Mədətov, Samir Mustafayev və Arif Əliyevə hökm oxunub.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.