Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb
Bakı Apellyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun apellyasiya şikayətinə baxılıb.
Meydan TV-nin prosesi izləyən əməkdaşı bildirib ki, futbolçu Cavid Hüseynov məhkəməyə gətirilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov, həmçinin futbolçunun anası da iştirak edib.
Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin həbs-qətimkan qərarını qüvvədə saxlayıb. C.Hüseynov yenidən İstintaq Təcridxanasına aparılıb.
Avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.