Prokuror da futbolçuya 4 il iş istəmişdi
Mayın 31-də Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə əlaqədar həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun məhkəmə prosesi başa çatıb.
Meydan Tv-nin prosesdə iştirak edən əməkdaşı bildirir ki, məhkəmənin qərarıyla Cavid Hüseynov 4 il azadlıqdan məhrum edilib.
Prokuror da futbolçuya 4 il iş istəmişdi.
Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.
Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər – Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar barələrində olan məhkəmə qərarından apellyasiya şikayəti veriblər.