İddiaçılar məhkəmə prosesinə qatılmadılar
Martın 4-də Yasamal rayon Məhkəməsində 12 saylı seçki məntəqəsinin üzvlərinin “Azadlıq” qəzeti, “Meydan TV” və televiziyanın əməkdaşı Cavid Abdullayevə qarşı qaldırdıqları iddiaya baxılıb. Hakim Zəfər Quliyevin sədrliyi ilə keçən prosesdə Cavid Abdullayevin nümayəndəsi Xalid Bağırov vəsatətlə çıxış edib.
Hüquqşünas deyib ki, iddia ərizəsində Meydan TV-nin hüquqi şəxs olaraq statusu və təşkilati hüquqi forması göstərilməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. MPM-nin 259.0.2-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149‐cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3‐cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.
Xalid Bağırov hakimdən xahiş edib ki, Hacıyeva Əfruz Sadıq qızı və qeyrilərinin Cavid Abdullayevə və digər cavabdehlərə qarşı iddiasında qüsurları aradan qaldırmaq üçün müddət müəyyən etsin. Bu müddətdə həmin qüsurlar aradan qaldırılmadıqda iddianı baxılmamış saxlasın.
Xalid Bağırov eyni zamanda iddiaya etiraz və Cavid Abdullayevin qarşılıqlı iddia ərizəsini də hakimə təqdim edib.
İddiaçı tərəf məhkəmədə iştirak etmədiyindən hakim prosesi təxirə salıb və 19 mart, saat 15.00-a təyin edib.
12 saylı seçki məntəqəsinin 6 nəfər komissiya üzvü hər iki kütləvi informasiya vasitəsini onların şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edir. Komissiya üzvləri 5 min manat təzminat və təkzib tələb edirlər.
23 dekabrda 12 saylı seçki məntəqəsində Meydan TV-nin əməkdaşı Cavid Abdullayev çəkiliş aparıb. Çəkiliş zamanı o, seçki qutusuna topa bülleten atan qadını görüntüləyib və məntəqə üzvü Əfruz Hacıyevadan baş verənlərə aydınlıq gətirməsini istəyib. Amma komissiya üzvləri jurnalistə hücum edərək onu məntəqədən qovublar.