Faiq Səftərov

Mənbə: Meydan TV

Başlıq: Faiq Səftərov

Çatax sakini: Qaz yox, odun yox, qışdan necə çıxaq?

“Dörd uşağı soyuq evdə yaşada bilmərəm”

Tovuzun Çatax kəndinin sakinlərinin qaz problemi var. Onlar bundan, xüsusən də, qış aylarında əziyyət çəkdiklərini söyləyirlər. Yaxın kəndlərə qaz çəkildiyini deyirlər. Hökumətin onları unutduğunu düşünürlər.

“Qaralar kəndi var bizdə. Erməni ilə sərhəddir. Məsələn, onlarda qaz var. Özü də lap bizim kənddən keçib gedir. Yəni bu kəndə qaz çəkmək bu qədərmi çətindir? Ərazisindən qaz borusu keçir”, - sakinlərdən Faiq Səftərov belə deyir.

Faiq Səftərov 2-ci qrup əlildir. Deyir, ailəsini pensiya ilə birtəhər dolandıran adamdır. Odun baha, qaz yox. Dörd azyaşlı uşağı var. Uşaqları qışda donmasınlar deyə, meşədən çör-çöp toplayır. Son zamanlar isə ona da imkan vermirlər:

“Müxtəlif bəhanələrlə kənd camaatını, eləcə də məni meşəyə buraxmırlar. Halbuki onlar da çox yaxşı bilirlər ki, biz salamat ağaclara toxunmuruq. Eləcə çürümüş, qırılmış, yerdə olan budaqları götürürük. Pul umurlar, gözləyirlər ki, hər gedəndə bir 100-150 manat ciblərinə qoyaq. O da məndə hardandır? Əliləm, birtəhər işləyib, ailəmi saxlayıram”.

Faiq Səftərovun övladlarının birinin başında, digərinin isə gözündə problemi var. Onların müalicəsinə də hər 3 aydan bir xeyli xərci çıxır:

“Xəstəxanalarda da çıxarıb pul verməsən, sənə küçə iti kimi baxırlar. Nə də düzgün müalicə gedir. Böyük qızımın beynində şiş var. Getdikcə vurub ayaqlarını tutur. Bakıda toka verir, masaj edirlər. Prosesi ləngidirlər. Əməliyyatı Almaniyadadır. Burda ancaq inkişafının qarşısını alırıq. Tez-tez tutmaları olur. Bir gün iflic olacaq deyə çox qorxuram. Kiçik oğlum isə bir dəfə gözündən əməliyyat olub. İndi cuzi görür. Həkimlər bunun bir neçə dəfə təkrarlanmalı olduğunu söyləyiblər”.

Ata deyir ki, bu qədər dərdin içində bir də istilik barədə düşünür. Uşaqları xəstədir, onları soyuq evdə yaşada bilməz.

“Dağlıq kənddir, qışda soyuqdan dayanmaq olmur”, Faiq Səftərov deyir. Odun sobası yandırmağa məcburdular, amma odun tapmaq da getdikcə müşkülə çevrilir:

“Satılanlara isə yaxın durmaq olmur. İndi şikayət etsək, deyəcəklər, meşədə ağac kəsmək olmaz. İnsan gərək gecə başını yastığa qoyanda vicdanı təmiz olsun. Heç mənə desələr “gəl, icazə veririk, bu ağacı kəs”, gedib ağac kəsmərəm. Meşə doludur çör-çöplə, sınmış budaqla. İnanın, heç ağac kəsməyə gərək də yoxdur”.

“Bəs düşünmürlər ki, bu millət qışı nə ilə, necə başa vurmalıdır? Meşəyə gedəni də söyüb, təhqir edirlər. Heç veclərinə də deyil, milləti düşünmürlər”, - bunu isə kənd sakinlərindən biri deyir.

Faiq Səftərovun sözlərinə görə, Qarabağda döyüşüb, əslində əlilliyi də orada qazanıb. Ayağında qəlpə var, amma buna görə əlillik dərəcəsi ala bilməyib:

“Çünki vaxtında üstünə düşmədim. Heç indi də istəmirəm. Hörmət qoysunlar, bəsimdir. Balaca bir araba düzəltmişəm. Odunu onunla daşıyıram. Amma imkan vermirlər”.

Tovuz Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, yaxın zamanda qazı olmayan kənd qalmayacaq. Sadəcə iş mərhələli şəkildə həyata keçirilir:

“Hər yerə bir günün içində qaz verilməsi mümkün deyil. Ancaq planda var, bütün kəndlər qazlaşdırılacaq”.

Dövlət Neft Şirkətinin rəsmi məlumatında bildirilir ki, ölkədə qazlaşdırma 90 faizi ötüb. Reallıqda isə rayonlardakı onlarla kənddə qaz yoxdur. Onların içində Çatax kimi dağ kəndləri də var.

Bu kəndin adamları növbənin onlara nə zaman çatacağını bilmirlər. Qarşıda isə qarlı qış günləri var.

Kəndin görüntüsü

Kəndin görüntüsü

Mənbə: Meydan TV

Ərazidən foto

Ərazidən foto

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4r823x

Ən çox baxılan