Camal Əlinin qohumları polis bölməsinə aparılıb (Yenilənib)

“Haqq-ədalət yerini tapana qədər fəaliyyətimə davam edəcəyəm”

Source:


16.00.

Camal Əlinin anası və qohumları azad edilib. Bu barədə repçinin anası Gülşən Əliyeva Meydan TV-ə bildirib. O, əlavə heç nə danışmaq istəmədiyini, onlara oğlunun yazdığı rep barədə xəbərdarlıq edildiyini qeyd edib: “Heç bir fiziki və mənəvi təzyiq olmadı. Məni Sabunçu Rayon Polis İdarəsində saxlamışdılar. Sadəcə, dedilər ki, Camal mahnının mətnini mədəni yazsın, söyüşlə yox. Bir neçə qohumumuzu saxlamışdılar, saat 16-da buraxdılar”.



***


“Haqq-ədalət yerini tapana qədər fəaliyyətimə davam edəcəyəm”

Gənc fəal, rok musiqi ifaçısı Camal Əlinin qohumları Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Meydan TV-yə bu barədə Camal Əli özü məlumat verib. Bildirib ki, buna səbəb sonuncu çəkdikləri “Heykəl Baba” adlı repdir:

“Anamı Bakı Şəhər Baş Polis idarəsinə aparıblar. Hal-hazırda ordadır. O biri qohumları da gətirəcəklərini deyiblər. Əvvəlcə dünən gəlib aparıblar Sabunçu Rayon Polis İdarəsinə. Deyiblər ki, oğlunuz mahnı yazıb, onu tuta bilmirik, sizi tuturuq. Şifahi xəbərdarlıq ediblər. Deyiblər ki, silsin “Youtube”dan. Bu gün yenə gəliblər və bu dəfə artıq Bakı Şəhər Baş Polis idarəsinə aparıblar”.

Camal Əli heç nəyi silmək fikrinin olmadığını söyləyir: “İlham Əliyev istefa verərsə, mən də həmin videonu silərəm. Haqq-ədalət yerini tapana qədər fəaliyyətimə davam edəcəyəm”.

Camal Əlinin sonuncu “Heykəl Baba” adlı ifası ilə ölkə rəhbərliyini gənc fəallara qarşı söz və ifadə azadlığının pozulması ilə müşayiət edilən təqiblərə son qoymağa çağırır. Videoya “Youtube”da 11 minə yaxın baxış olub.

Meydan TV Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.

Camal Əli 2007-ci ildə H.O.S.T qrupunda repçi kimi çalışıb. 2008-ci ildə qrupu tərk edib. 2012-ci il martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən, polis tərəfindən həbs olunub. Azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edib. Hal-hazırda Berlində yaşayır.

Ana səhifəXəbərlərCamal Əlinin qohumları polis bölməsinə aparılıb (Yenilənib)