Cahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit verilib

”Cahangir müəllimin Allah balasını saxlasın, 10 milyonu ödədi”

Source:


”Cahangir müəllimin Allah balasını saxlasın, 10 milyonu ödədi”

Avqustun 26-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bank” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin məhkəməsi davam edib.

Göstərişi Cahangir Hacıyevdən almışam

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Anar Sultanov ifadə verib. O, 1997-ci ildən 2004-cü ilə qədər “Beynəlxalq Bank”da müxtəlif vəzifələrdə çalışdığını, 2004-2010-cu illərdə isə Mərkəz filialının rəhbəri olduğunu deyib. Bildirib ki, qaydalara görə, baş idarənin göstərişi olmadan filialın təminatsız 2 min, təminatlı isə 5 min manat kredit vermək səlahiyyəti olub: “Bundan yuxarı kreditlər Kredit Komitəsi, İdarə Heyəti kimi qurumların qərarı ilə ayrılırdı”.

Anar Sultanov istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirib ki, Baş idarə qərar verəndən sonra kredit ayrılması məsələsində filial daha çox texniki rol oynayıb.

Prokurorun suallarını cavablandıran Anar Sultanov bildirib ki, Cahangir Hacıyev də daxil olmaqla, onun yaxınlarının adına kredit verilməsi ilə bağlı göstərişi Cahangir Hacıyevdən alıb.

İttiham aktında yazılıb ki, guya mən sürücünün imzasını saxtalaşdırmışam

Daha sonra A.Sultanov C.Hacıyevin sürücüsü Aydın Mehdiyevə kredit ayrılması ilə bağlı sualları cavablandırıb. O, deyib ki, Aydın Mehdiyevə kredit İdarə Heyətinin 57 nömrəli qərarı ilə verilib: “İttiham aktında yazılıb ki, guya mən sürücünün imzasını saxtalaşdırmışam. Mən heç nəyi saxtalaşdırmamışam.Buna ehtiyac da yox idi. Aydın Mehdiyev Cahangir müəllimin sürücüsü idi. İşdə olurdu, başı qarışıq idi. Ona görə sənədləri imzalanması üçün baş idarəyə göndərmişəm. Oradan imzalanıb gələndən sonra kredit verilib. Həmin kredit 2009-cu ilin avqustunda bağlanıb”.

Prokuror Cahangir Hacıyevin sürücüsünün adına 9 milyon kredit verildiyinin nə dərəcədə doğru olduğunu soruşub. Anar Sultanov isə İdarə Heyətinin qərarının icrasının onun üçün məcburi olduğunu deyib.

Prokuror Mərkəz filialından Cahangir Hacıyevin qızının, xanımının adına plastik kartlar verildiyini deyib. Məlum olub ki, Mərkəz filialından Cahangir Hacıyev də daxil olmaqla ümumilikdə 9 nəfərin adına kredit kartı açılıb.

C. Hacıyev ona qanunları pozub, sənədləri toplamamaq kimi göstəriş verib- vermədiyini soruşub. A.Sultanov belə göstərişin olmadığını deyib.

C.Hacıyev ondan özünə və ailə üzvlərinə verilən kartlardan Azərbaycan daxilində çıxarışların olub-olmadığını soruşub.

A.Sultanov Azərbaycanda çıxarışların olduğunu deyib.

Daha sonra iclasda təqsirləndirilən İlqar Abdullayev ifadə verib. O, deyib ki, 2004-cü ildən “Beynəlxalq Bank”da işləyib. 2006-cı ildən filial müdirinin müavini olub. 2014-2015-ci illərdə isə filial müdiri vəzifəsini icra edib: “Cahangir Hacıyevi bircə dəfə görmüşəm. Onu da İdarə Heyətinin iclasında təyinat alanda. Ona görə də, mütəşəkkil dəstə mümkün olan iş deyil. Mən nə dəstə üzvü olmuşam, nə də mənimsəmədə iştirak etmişəm. Sadəcə, vəzifəmdən irəli gələn işləri görmüşəm, İdarə Heyətinin sədrlərinin müavinlərinin qərarlarını əsas götürmüşəm. Heç bir vəsaitin mənimsənilməsində iştirak etməmişəm. Cahangir Hacıyevin özü ilə birbaşa ünsiyyətim olmayıb”.

Kredit rəsmiləşdirildikdən sonra pullar baş ofisdən götürülürdü


Təqsirləndirilən Yusif Ələkbərov isə 2001-2012-ci illərdə bankda işlədiyini deyib.

Filial rəhbəri olduğunu deyən Y.Ələkbərov heç bir mütəşəkkil dəstənin üzvü olmadığını bildirib: “Mənim əvvəlki işimdə 1 milyon 800 min manatdan söhbət gedirdi. Ona görə məhkumluq həyatı yaşamışam. Bank rəhbərliyi o zaman məni həbs etdirmişdi. Ona görə də, mütəşəkkil dəstə və məmimsəmə ittihamı mənə gülməli gəlir. Mən bu sualları müstəntiqə də verdim. Onu da deyim ki, kredit rəsmiləşdirildikdən sonra pullar baş ofisdən götürülürdü. Necə və kim tərəfindən götürüldüyünü isə bilmirəm”.

Təqsirləndirilən Kənan Orucov isə ifadəsində bank yaranan gündən etibarən orada işlədiyini, 2003-cü ildən 2015-ci ilə qədər nəqliyyat filialının müdiri olduğunu, sonradan öz ərizəsi ilə işdən çıxdığını bildirib:

“Bizə dedilər ki, “İnter Security” şirkətinin 18 əməkdaşının adına 16 milyondan çox kredit ayırmaq lazımdır. Bizə belə bir göstəriş gəlmişdi. Ancaq bizim filialda o qədər pul yox idi. Biz sadəcə olaraq, rəsmiləşdirməni həyata keçirmişdik, pulu isə baş idarədən götürdülər. Bizim koorperativ müştərilərimiz olurdu. Cahangir Hacıyev mənə əsasən büdcə təşkilatlarına kredit ayrılması ilə bağlı göstəriş verirdi”.

Təqsirləndirilənlərdən Məmməd Cahangirov isə ifadəsində bildirib ki, 2001-ci ildən 2011-ci ilə qədər “Beynəlxalq Bank”ın Nərimanov filialının, 2011-ci ildən sonra isə sənaye filialının müdiri olub.

O, bu müddət ərzində baş idarənin göstərişinə əsasən kredit verdiyini deyib: “Baş idarənin qərarları əsasında böyük kreditləri vermişəm. Aydın Mehdiyevin adına verilmiş kredit Ukrayna və Albaniyada metal biznesinə yönəlmişdi. Aydın Mehdiyev (Cahangir Hacıyevin sürücüsü red.) mənə zəng edirdi və deyirdi ki, bu qədər kredit ayrılmalıdır. Mən də baş idarə ilə danışırdım. Orada olan Akif Əliyev bunun əleyhinə idi. Digər tərəfdən də, Aydın Mehdiyev zəng edirdi. Mən də məcbur olub Arif Əliyevin yanına gedib dedim ki, Aydın Mehdiyev zəng vurub kredit ayrılmasını istəyir. Onun otağında olanda Arif Əliyev Cahangir Hacıyevlə əlaqə saxladı. Cahangir müəllim isə Akifə dedi ki, krediti verin. Bundan sonra kredit ayrıldı. Kredit komitəsinin bu cür kreditlərlə bağlı qərarı sənədlər yığılmamışdan əvvəl gəlirdi. Adam gəlirdi, sonra sənədlər yığılırdı. Mən, ümumiyyətlə, həmişə çalışırdım ki, qanuna əməl edək. Deyirdim ki, adamlar özləri gəlsin, imza çəksin, kredit verilsin. Ayrılan pulun hara getməsindən, necə xərclənməsindən xəbərim olmayıb.

Biz nə edə bilərdik ki?! Biz sadəcə memorandum yaza bilərdik ki, bu cür kreditlərin ayrılması təhlükəlidir. Ancaq bu o demək idi ki, biz öz hökmümüzü çıxarırıq. Həm də ki, bir məsələ var ki, kimin gəlib imza atmasından asılı olmayaraq, əgər pul oradan çıxarılamlı idisə, çıxarılacaqdı”.

Vəsait Ukrayna və Albaniyada armatur biznesinə ayrılırdı

Cahangir Hacıyev isə çıxış edərək bu vəsaitin Ukrayna və Albaniyada armatur biznesinə ayrıldığını, sürücüsü Aydın Mehdiyevlə Məmməd Cahangirovun şərikli iş gördüklərinin deyib.

Məmməd Cahangirov isə Cahangir Hacıyevin bu çıxışına qəzəblə cavab verib: “Cahangir müəllim, Allahınız olsun, niyə yalan danışırsınız? Mənim bu biznesə aidiyyətim olmayıb. Mənim iş yerimin dəyişdirilməsi də ratasiya qaydasında olub”.

C.Hacıyev isə doğru danışdığını deyib: “Mən yalan danışmıram. Mən olanı deyirəm. Əlavə olaraq qeyd edirəm ki, ittiham aktında göstərilən kreditlərin Məmməd Cahangirova aidiyyəti olmayıb”.

M.Cahangirov isə adlarına kredit rəsmiləşdirilmiş şəxslərin “İnter Secrutiy” şirkətinin əməkdaşları olduğunu sonradan bildiyini deyib.

Məhkəmədə “İnter Security” şirkətinin rəhbəri İbrahim Hüseynov da ifadə verib. Hazırda həbsdə olan İ.Hüseynov deyib ki, işçilərini kredit götürməsi üçün banka özü göndərib. Bu işdə heç bir marağı da olmayıb.

Məmməd Cahangirov çıxış edərək götürülən kreditlərin bağlanmasını tələb etdiyini söyləyib: “Mən tələb edirdim ki, o kreditlər bağlansın. Aydın Mehdiyev mənə deyirdi ki, kreditlər Dünyamin tərəfindən bağlanmalıdır”.

Cahangir müəllimin Allah balasını saxlasın, 10 milyonu ödədi

Prosesdə hazırda həbsdə olan Bakı Fındıq Emalı zavodunun rəhbəri Azad Cavadov ifadə verib. O, 2002-2012-ci illərdə çalışdığı zavodu inkişaf etdirməyə çalışdığını deyib: “Məni çağırıb dedilər ki, yeni iş yerləri yaradılmalıdır. Kənd təsərrüfatında çalışan adam kimi regionlarda iş yerləri yaradılması üçün konsepsiya hazırlamağımı istədilər. Mən də dedim ki, ancaq bu işi bacarıram. Bunun üçün maliyyənin lazım olduğunu bildirdim. Dedilər ki, problem yoxdur. Maliyyə ayrıldı və 2 min hektara qədər torpaq sahəsi aldıq.

2010-cu ildə vergidən gəlib yoxladılar. Mən də götürülmüş pulların hara xərcləndiyini dedim. Ancaq başa düşmək istəmirdilər. Cahangir müəllimin Allah balasını saxlasın. 10 milyonu ödədi. 7 milyonun da hara xərcləndiyi bəlli idi. Xaçmazda 300, Oğuzda 100, Balakəndə 100 hektar və digər yerlərdə fındıq sahələri alınmışdı. Özləri də getdilər baxdılar ki, həqiqətən bu yerlər var. Ancaq onlar bunu qəbul etmək istəmirdilər. Çox mübahisə etdik. Həmin əraziləri də aldılar, ardınca da pulu tələb etdilər. Axırda bizə dedilər ki, yeganə çıxış yolu budur ki, gedin şefinizlə danışın, kredit ayrılsın və borcları bağlayın. Bağları da götürdülər, pulları da aldılar. Kredit rəsmiləşdirildi. Borcu ödədim. İndi də o bağlardan fındıq yığılır.

Mən müstəntiqdən soruşdum ki, bu nə olan məsələdir ki, biz həm pulu ödəyirik, həm də torpağımızı alırlar?”

Məhkəmə avqustun 29-da davam etdiriləcək.

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxs Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Ana səhifəXəbərlərCahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit verilib