“Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasına görə aralarında gərginlik yaranmışdı…”

Təəssüf ki, məhkəmə də obyektiv araşdırma aparmaqda maraqlı olmadı.

Source:


Məhkəmədə təqsirləndirilən şəxslər son sözlərini deyiblər

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev deyir ki, müvəkkili ilə Daxili İşlər Nazirliyi arasında 2005-ci ildən gərginlik var. Ona görə də bu nazirliyin tabeliyində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi C.Hacıyevə qarşı qərəzli davranıb, Beynəlxalq Bank işi üzrə obyektiv araşdırma aparılmayıb. Bu barədə vəkil avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərkən danışıb.

F.Mehdiyev bildirib ki, C.Hacıyev və onunla birlikdə mühakimə olunan 19 nəfərin əməlində cinayət tərkibi yoxdur: "Bu şəxslərin hamısının haqqında cinayət təqibinə xitam verilməlidir. Çünki onlara qarşı irəli sürülən ittiham sübutlara yox, mülahizələrə əsaslanır. İstintaq vaxtı çoxsaylı pozuntulara yol verilib. İş materiallarına görə, Cahangir Hacıyev 2015-ci ilin martında İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşandan sonra Emil Mustafayev Daxili İşlər Nazirliyinə məktub göndərib, bankda kredit problemlərinin olduğunu yazıb, araşdırma aparılmasını istəyib. Emil Mustafayev özü uzun müddət bankın Kredit Komitəsinin sədri olub, İdarə Heyətinin sədr müavini olub. O bilmirdi ki, bu işi Daxili İşlər Nazirliyi araşdıra bilməz? Vəzifə cinayətlərindən söhbət gedirsə, prokurorluq araşdırmalıydı. O da bilirdi ki, Daxili İşlər Nazirliyi Cahangir Hacıyevə qarşı qərəzlidi. 2005-ci ildə Cahangir Hacıyevin həyat yoldaşı günün günorta çağı şəhərin mərkəzindən oğurlandı. Bütün dövlət orqanları hərəkətə keçdi və məlum oldu ki, bu işin arxasında Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri dayanıb. Nəticədə Cahangir Hacıyevlə nazirliyin əməkdaşları arasında gərginlik yarandı. O vaxtdan da Cahangir Hacıyevə qarşı qərəzli münasibət var. Təəssüf ki, istintaqın bu qurumda aparılmaması barədə vəsatətimiz təmin olunmadı".

Beynəlxalq Bankın vəziyyətinin sağlamlaşdırılması barədə prezidentin 2015-ci ilin iyununda sərəncam verdiyini, lakin orada göstərilən məsələlərin yerinə yetirilmədiyini vurğulayan vəkilin sözlərinə görə, əgər tapşırıqlar icra olunsaydı, bugünkü vəziyyət yaranmazdı.

“Bankdan götürülmüş iri məbləğdə kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönəldilib. Amma ittiham tərəfi qərəzli olaraq, o vəsaitləri mənimsənilmiş kimi qələmə verib. Müəssisələr də həbslərdən sonra Beynəlxalq Bankın problemlərinin həlli məqsədilə yaradılmış “Aqrarkredit” QSC-nin idarəçiliyinə keçib. Sonra da ələ keçirilib. O müəssisələr işləyirsə, o zaman niyə gətirdiyi gəlirlər müəssisənin yaradılması üçün götürülmüş kredit ödənilmir? İşlək deyilsə, niyə onları satıb krediti bağlamırlar? O müəssisələrin əksəriyyəti 2015-ci ilə qədər istifadəyə verilib, işlək vəziyyətdə olub. Bu həbslərdən öncə kreditlər də ödənilirdi. Sui-istifadə edib o əmlakları ələ keçiriblər, məsuliyyəti də atırlar Cahangir Hacıyevin üzərinə. Mənim bu işi araşdıran, istintaqı aparanların savadına şübhəm yoxdur. Lakin qərəzə görə obyektiv araşdırma aparılmayıb. İstintaq öz qərəzinin girovuna çevrildi. Təəssüf ki, məhkəmə də obyektiv araşdırma aparmaqda maraqlı olmadı. Bu məqsədlə verdiyimiz vəsatətlərin heç biri təmin edilmədi. Maliyyə nazirinin, onun müavininin dindirilməsini, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Beynəlxalq Banka, Daxili İşlər Nazirliyinə sorğu göndərilməsini istəmişdik. Heç biri olmadı. Hamısı birbaşa işin mahiyyətinə təsir göstərən məsələlər idi. ”, – deyə vəkil çıxışında bildirib.

F.Mehdiyevin sözlərinə görə, Beynəlxalq Bankın kredit probleminin kəskinləşməsinin əsas səbəbi C.Hacıyev və digərlərin həbsindən sonra həmin layihələrin idarəçiliyindəki xaos olub.

Daha sonra təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Məhkəmə dövründə həbsdə olmayan və prokurorun şərti cəza verilməsini təklif etdiyi 19 nəfər təqsirləndirilən şəxsin hamısı məhkəmədən ədalətli nəticə istəyib. Həbsdəki üç nəfərdən yalnız biri –

C.Hacıyevin bacanağı, “İntertobacco” tütün fabrikinin keçmiş rəhbəri İsmayıl Hidayətzadə çıxış edib. O da günahsız olduğunu söyləyib.

C.Hacıyev və onun dostu, keçmiş deputat Dünyamin Xəlilov isə son sözünü demək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi sentyabrın 2-nə qədər təxirə salınıb.

Prokuror hər üç şəxs haqqında əvvəlki hökmlər də nəzərə alınmaqla, C.Hacıyevə 17 il, D.Xəlilova 15 il 9 ay, İ.Hidayətzadəyə isə 6 il azadlıqdan məhrum etmə cəzası istəyib.

Ana səhifəSiyasət“Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasına görə aralarında gərginlik yaranmışdı…”