Cahangir Hacıyevin əlavə şikayəti var

Vəkillərə bir ay vaxt verilib

Source:
Cahangir Hacıyev
Cahangir Hacıyev

Vəkillərə bir ay vaxt verilib

Fevralın 14-də Ali Məhkəmədə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, üç ildən çoxdur həbsdə olan Cahangir Hacıyevin kassasiya şikayətinə baxılıb. Şikayət C.Hacıyevin 15 il azadlıqdan məhrum edilməsi barədə hökmün qüvvədə saxlanması barədə Bakı Apelyasiya Məhkəməsinin qərarından verilib.

C.Hacıyev bundan əvvəlk bir dəfə Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürsə də, sonra yenidən şikayət verib.

Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyilə keçirilən məhkəmə iclasında məlumat verilib ki, C.Hacıyevin vəkilləri məhkəməyə kassasiya şikayətinə əlavələr təqdim ediblər. Hakim bildirib ki, qanuna görə, həmin əlavələr bu cinayət işində tərəf olan digər şəxslərə də təqdim olunmalıdır. Bunun üçün vəkillərə bir ay vaxt verilib.

Keçmiş bankirin şikayətinə baxılması martın 14-nə qədər təxirə salınıb.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib.

Bu cəzanı çəkdiyi vaxt onun barəsində yenidən cinayət işi başlanıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində ikinci cinayət işi üzrə məhkəmə prosesi gedir. Bu dəfə C.Hacıyev keçmiş deputat olan tanışı Dünyamin Xəlilov, bacanağı İsmayıl Hidayətzadə və daha 19 nəfərlə birlikdə və real dəyəri olmayan veksellərin alınması, təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manatın mənimsənilməsində ittiham olunur.

C.Hacıyev isə özünü təqsirli bilmir.

Ana səhifəXəbərlərCahangir Hacıyevin əlavə şikayəti var