Əminə Hacıyeva və Cahangir Hacıyev

Mənbə: meydan tv

Başlıq: Əminə Hacıyeva və Cahangir Hacıyev

Cahangir Hacıyevin bacısı: Ötən ilin sentyabrından qardaşımla görüşə bilmirəm

Keçmiş bankirin bacısı Penitensiar Xidmətin idarə rəisindən icazə məktubu alsa da, qardaşı ilə görüşə buraxılmır

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva 8 aydır qardaşı ilə görüşə bilmir. O, sonuncu dəfə ötən il sentyabrın 8-də qardaşı ilə görüşüb.

Əminə Hacıyeva bu barədə mayın 16-da Meydan TV-yə danışıb. O, qardaşı ilə görüşmək üçün mayın 16-da yenidən Penitensiar Xidmətə müraciət edib.

Əminə Hacıyeva bildirib ki, onlar 2 saylı Bakı İqtisad Məhkəməsinə və Apelyasiya Məhkəməsinə müraciət etsələr də, istədikləri cavabları almayıblar:

“Məhkəmələr məsələnin onlara aidiyyatı olmadığını söylədilər. Eyni zamanda, Penitensiar Xidmətə dəfələrlə müraciət etsəm də, nəhayət, qurumun Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov cavab məktubu göndərdi ki, görüşə və telefon danışıqlarına məhdudiyyət yoxdur. Amma bu məktubla təcridxanaya getsəm də, qardaşımla görüş vermədilər. Ona görə Penitensiar Xidmətə gəldim, Mirsaleh Seyidov məni qəbul etdi, qərara gəldik ki, rəis Ceyhun Həsənova müraciət edək. Çünki məktuba baxmayaraq qardaşımla görüşə icazə vermirlər”.

Əminə Hacıyeva qardaşı ilə görüşə icazə verilməməsini insan hüquqlarının pozulması hesab edir:

“Bizə telefon danışığına da icazə vermirlər, anlamıram bu nə münasibətdir. Oxşar halla 2017-ci ilin payızından 2018-ci ilin yazına qədər də qarşılaşmışdıq. O vaxtdan vəkillər də Cahangir Hacıyevlə görüşə bilmirlər, müvafiq orqanlar məsuliyyəti bir-birinin üzərinə atırdılar. Hazırda qardaşım təcrid olunmuş vəziyyətdədir, yeməkdən başqa heç nə qəbul etmirlər. Vəkillərinə görüş icazəsi verilsə də, onlar hansısa məsələni qaldıranda, kollegiyaya çağırırlar, hədələyirlər. Bizə bütün tərəflərdən təzyiq edirlər. Mən bacısı olaraq 4 ildir çıxılmaz vəziyyətdəyəm, ölkədən də getməyə qoymurlar. Avropa Məhkəməsi bunun qanunsuz olması haqda qərar çıxarsa da, yerli məhkəmə icra olunması barədə qərar versə də, icra olunmur. Mən girov kimi saxlanılıram. Belə bir qanun varmı ki, bacını qardaşa görə girov saxlasınlıar?! Cahangir Hacıyevlə görüşəndə də, o, bu münasibəti anlamadığını dedi”.

Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovun məktubu

Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovun məktubu

Mənbə: meydan.tv

Əminə Hacıyeva mübarizəsini dayandırmayacağını söyləyib:

“Bundan sonra Respublika Prokurorluğuna gedəcəm, amma onlar məsuliyyəti Penitensiar Xidmətin üzərinə atırlar. Baxın, Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovun aprelin 11-də mənə verdiyi məktuba riayət olunmur”.

Cahangir Hacıyev 2015-ci ilin dekabrın 4-də həbs edilib. Onun və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. O, 2016-cı ildə 15 il azadlıq məhrum edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hdftni

Ən çox baxılan