Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılır

Keçmiş bank rəhbəri prosesin istintaqla aparılmasını istəyib

Source:


Keçmiş bank rəhbəri prosesin istintaqla aparılmasını istəyib

Dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Meydan TV-nin məlumatına görə, iclasa hakim Əflatun Qasımov sədrlik edib.

İclasda C.Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layicov çıxış ediblər. Onlar C.Hacıyev barəsində cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatətlə çıxış ediblər. Vəsatətlərə münasibət bildirən C.Hacıyev də prosesin istintaqla aparılmasını istəyib. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası dekabrın 23-nə təyin edilib.

C.Hacıyev, “Beynəlxalq Bank”ın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Ana səhifəXəbərlərCahangir Hacıyevin apelyasiya şikayətinə baxılır