”Məhkəmə ədalət mühakiməsinin minimal standartlarından da çox uzaqdır”
“Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin həbsdə olan sədri Cahangir Hacıyev bəyanatla çıxış edib.
C. Hacıyev vəkilləri vasitəsi ilə yaydığı bəyanatda onun “siyasi məhbus” kimi tanınmaqdan ötrü müxtəlif vasitələrə əl atması haqda bir sıra saytlarda yazılanlara etiraz edib.
Bildirib ki, o və vəkilləri bu formada təqdimat üçün heç bir quruma və şəxsə müraciət etməyiblər:
“Bunlar sifarişli yazılıb. Sifarişçilər də “Beynəlxalq Bank”la bağlı həqiqətlərin gizli qalmasında maraqlı olan adamlardır. Mənimlə bağlı məhkəmə prosesi ədalət mühakiməsinin minimal standartlarından da çox uzaqdır. Məhkəmə də müəyyən məsələlərin üzə çıxmasının qarşısını almağa çalışır. Bakı Apelyasiya Məhkəməsində vəkillərimə çıxış etməyə belə, imkan verilmir. Vəkillərim məhkəməyə 12 vəsatət təqdim edib. Məhkəmə bir qərarla bu vəsatətlərin heç birinin təmin olunmadığını elan edir. Halbuki, o vəsatətlərin təmin olunması bir xeyli həqiqətləri ortaya çıxarardı. Üstəlik, qanunda açıq şəkildə yazılıb ki, verilən vəsatətlər bir-bir elan olunmalı, müzakirəyə çıxarılmalıdır. Bizim məhkəmədə isə qanunun bu tələblərinin heç birinə əməl olunmadı”.
C.Hacıyev bildirib ki, “Beynəlxalq Bank”la bağlı həqiqətlərin açılmasına əngəl yaratmaq, dövlət başçısının göstərişinə qarşı çıxmaqdır. “Çünki prezident bu məsələlərin ciddi araşdırılmasına göstəriş verib”.
C. Hacıyev “Beynəlxalq Bank”ın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.