”Çadırda hamam var idi, burda da tələb edirsiz?”

Köçkünlər üçün salınan şəhərcikdə hamam yoxdur

Source:
Qəsəbə foto Meydan TV
Qəsəbə foto Meydan TV



Köçkünlər üçün salınan şəhərcikdə hamam yoxdur

“Bundan əvvəl tikilən qəsəbələri yarıtmışdılar, qalmışdı yeni tikilənlər. Biz 10 ildən artıqdır ki, Füzulinin “Qayıdış” qəsəbəsində yaşayırıq. O vaxt biz də verilən evlərə köçəndə gördük ki, hamamı yoxdur. Eləcə ev və həyətyanı sahənin axırında qazma ayaqyolu tikilmişdi. Ayaqyoluna su da çəkməmişdilər. Nəinki ayaqyoluna, heç evin içinə də su çəkilməmişdi. Açılışda bacım nümayəndədən soruşdu ki, “bəs, hamam işini neyləyəcəyik?” Cavab verdi ki, bugünə qədər çadırda yaşayırdız, orda hamam var idi, burda da tələb edirsiz?”, – deyir, Füzulinin “Qayıdış” qəsəbəsinin sakini Məlahət Talıbova.


Hamamsız ev olar?

Son günlər Füzulinin “Qayıdış” qəsəbəsi yaxınlığında, köhnə fin şəhərciyinin yerində salınan yeni, “Ümid” qəsəbəsinin evlərində hamamın olmaması media və sosial şəbəkələrdə müzakirə edilir. İnsanları maraqlandıran bir sual var: “Hamamsız da ev olar?”

Yeni salınan “Ümid” qəsəbəsində hələlik yaşayış yoxdur. Ancaq o məlumdur ki, yeni evlərə əvvəlki fin şəhərciyində yaşayan ailələr köçürüləcək.

Köhnə şəhərciyin sakinləri Meydan TV-yə yeni evlərdə hamamın olmadığı xəbərini təsdiqləyiblər. Bildiriblər ki, digər qəsəbə sakinlərinin etdiyi kimi, hamamlarını özləri tikməli olacaqlar:

“Qəsəbə yaxınlığında kanal var. Yəqin hökumətimiz düşünüb ki, həmin kanalda yuyuna bilərik. Ya da fikirləşiblər ki, bu boyda imarət tikib vermişik, hamamı da canları çıxıb, özləri tiksinlər. Sağlıq olsun, köçək, bir şey fikirləşəcəyik”.


Hamamsız necə olacaq?

Məlahət Talıbova deyir ki, “Qayıdış” qəsəbəsinə yayın istisində köçüblər. 1 aydan artıq onlardan əvvəl köçən qonşusunun hamamından istifadə ediblər:

“Bir aydan çox qonşuda çimdik. Onlar özlərinə balaca bir hamam qaraltmışdılar. Evlərin o qədər dərdi vardı ki, xeyli pulumuz çıxmışdı. Bir az özümüzə gələndən sonra hamam tikdik. Yeni qəsəbəyə köçənlər də bizim kimi, yəqin hamamlarını özləri tikəcəklər”.

Rəsmi məlumatlara görə, “Ümid” qəsəbəsində hər bir ev 12 sot ərazidə inşa olunub ki, məcburi köçkünlərin həyətyanı sahəsi olsun. Fin şəhərciyində ailə sayına görə məskunlaşmış sakinlərin mənzilləri də ailə sayının tərkibinə görə, 1, 2, 3 və 4 otaqlı inşa edilib. Qəsəbə 401 ailə üçün inşa edilib. Fin şəhəciyində məskunlaşmış 628 ailə isə onlara düşəcək mənzili gözləyir. Qalan 227 ailə ilə bağlı məlumat verilmir.


“Camaat özünə şərait yaradacaq”

Füzuli Rayon İcra Hakimiyyəti foto sosial şəbəkə
Füzuli Rayon İcra Hakimiyyəti foto sosial şəbəkə

Meydan TV məsələyə münasibət öyrənmək üçün Füzuli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən Fin quraşdırma evləri üzrə icra nümayəndəliyi ilə əlaqə saxlamağı məsləhət görüblər:

“Bizdə bu barədə məlumat yoxdur. İcra nümayəndəliyi daha yaxşı bilər. Onlarla əlaqə saxlayın”.

Füzuli rayon İcra Hakimiyyətinin Fin quraşdırma evləri üzrə icra nümayəndəsinin müavini Əbülfət İbrahimov isə faktı təsdiqləyib:

“Bəli, yeni şəhərcikdəki evlərdə hamam tikilməyib. Görünür, məcburi köçkünlər üçün tikilən qəsəbələrin layihəsində, bu, nəzərdə tutulmayıb. Çünki daha əvvəl tikilən qəsəbələrdə də hamamı sakinlər özləri tikiblər. Bizim xalq dözümlüdür. Camaat özünə şərait yaradacaq”.


Qalan 227 ailənin taleyi necə olacaq?

Yeni qəsəbənin nə zaman sakinlərin istifadəsinə veriləcəyinə gəlincə, Əbülfət İbrahimov vaxtı dəqiq bilmədiyini deyib:

“Cənab Əli Həsənov şəhərciyin açılışından sonra bildirdi ki, camaat 2-3günə köçürüləcək. Yəqin bu qədər tez zamana alınmadı. Hamı gözləyir”.

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi

Əbülfət İbrahimov yeni qəsəbədəki ev sayının ailələrin sayından az olduğu məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, qalan ailələr üçün yeni layihə nəzərdə tutulub: “Yeni layihə hazırlanır. 250 nəfərlik kiçik qəsəbə tikilsə, heç kim evsiz qalmayacaq”.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə Meydan TV-nin suallarını cavablandırmayıblar.

Ana səhifəXəbərlər”Çadırda hamam var idi, burda da tələb edirsiz?”