“Bütün tədbirlərdə ağızdolusu danışılan 52 milyard dollar valyuta rezervi hardadır?“

“Heç olmazsa, hazırkı şəraitdə, əhalinin bu çətin günlərində bunu nəzərə alın, işsizlərin hamısına sığorta müavinəti vermək aztəminatlı vətəndaşına dəstək olmaq dövlətin ümdə vəzifəsidir”.

Source:

İqtisadçı nazirin açıqlamasını absurd hesab edir

“Ailənin bir üzvü əməkhaqqı alırsa, digər ailə üzvlərinə yardım edilməyəcək”.

Əmək və əhalinin sosial müdafiəsi naziri

Sahil Babayev

belə deyib.

Nazir bildirib ki, hazırda işləyən sahibkarlar da işsizliklə bağlı müavinət almaq üçün müraciət edir:

“Müraciətlərin 60 faizi bunları əhatə edir. Bu da bizim işimizi, prosesi ləngidir. Tələbələr, hərbçilər, adına pay torpağı olanlar işsiz hesab edilmir. Biz istənilən müraciəti elektron qaydada yoxlayırıq. Artıq 10 mindən artıq müraciət emal edilib”.

Sahil Babayev onu da deyib ki, birdəfəlik ödənişə bir ailənin iki üzvünün hüququ yaranırsa belə, ödəniş yalnız onların birinə veriləcək: “Xüsusi karantin rejimi uzadılsa, növbəti aylarda da bunu alacaqlar”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu nazirin bu açıqlamasını absurd hesab edir. Bildirir ki, onun açıqladığı şərtlər nə Azərbaycan Konstitusiyasında təsbit olunan sosial dövlət modelinə, nə də „Azərbaycanın iqtisadi siyasətinin hədəfində vətəndaş, onun sağlamlığı və rifahı durur“ bəyanatını verən Prezident İlham Əliyevin açıqlamalarına uyğundur:

“Necə ola bilər ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə, yaxud kimsə pensiya, sosial müavinət alırsa, nəhayət, kiminsə adına torpaq payı varsa, digər üzvlərə birdəfəlik yardım verilməsin? Bəs onda cərimə edəndə niyə ailənin bütün üzvlərini edirlər? Amma iş yardım verməyə gələndə, ailənin digər üzvünün vəziyyətini nəzərə almırlar”.

İqtisadçı deyir ki, işsizlik sığortası müavinəti dövlət büdcəsindən deyil, İşizlik Sığortası Fondundan ayrılır. 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Qanuna görə, İşsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir:

“Yəni hər ay işəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində Fonda vəsait ödəyirlər. Bu il üçün işçilərin və işəgötürənlərin ödəmələri hesabına formalaşan İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400 manat təsdiq olunub. Onun da yalnız 5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edir”.

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

Qubad İbadoğlu deyir ki, elə sosial ədalət də burada pozulub:

“Heç olmazsa, hazırkı şəraitdə, əhalinin bu çətin günlərində bunu nəzərə alın, işsizlərin hamısına sığorta müavinəti vermək aztəminatlı vətəndaşına dəstək olmaq dövlətin ümdə vəzifəsidir. Bütün tədbirlərdə ağızdolusu danışılan 52 milyard dollar valyuta rezervi hardadır? İndiki çətin gündə də xərclənməyəcəksə, o, nəyə lazımdır, onu nə vaxta saxlayırlar, nəyi gözləyirlər? Yəqin gözləyirlər ki, dəyərini tam itirsin”.

Vətəndaşların dövlət tərəfindən yaradılan sosial.az və e-sosial az saytlarından işsiz kimi qeydiyyatdan keçməsinin mümkün olmamasına gəlincə, Sahil Babayev bildirib ki, baxmayaraq, ən geniş serverlər yaradılıb, amma onların da bir limiti var:

“Mütləq deyil ki, bu gün müraciət etsinlər. İşsiz kimi qeydiyyatdan keçən vətəndaş tələsməsinlər, karantin dövründə ödənişlər olunacaq”.

Nazir əlavə edib ki, internetə çıxışı olmayanlara Çağrı Mərkəzi (142) vasitəsi ilə FİN nömrələrini söyləmək şəraiti yaradılıb.

Bütün işsiz olan şəxslər dövlətin verdiyi yardımdan faydalana bilməyəcək. “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarına görə, bu şəxslərə birdəfəlik ödəmə verilməyəcək:

  • ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin üzvlərinə;
  • əmək pensiyaçılarına;
  • aylıq müavinət alanlara;
  • aylıq təqaüd alanlara;
  • özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
  • işsizlikdən sığorta ödənişi alanlara;
  • peşə hazırlığına görə təqaüd alanlara;
  • 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya (KTS) almış şəxslərə;
  • əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
  • əri və ya arvadı ÜDSY və ya KTS alan şəxslərə.

Nazirlər Kabinetinin qərarına görə, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və yuxarıda sadalanan kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Onlara aiddir:


  1. 2020-ci il 1 aprel tarixinə “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyata alınmış şəxslər;

  2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslər.

Covid-19 pandemiyasının Azərbaycanda da yayılmasına görə, xeyli iş yeri bağlanıb, insanlar işsiz qalıb. Dövlət işsiz kimi qeydiyyatda olanlara yarım məqsədilə 70 milyon vəsait ayırıb. İşsizlərə 2 ay müddətində hər ay 190 manat ödəniləcəyi bildirilir.

Ana səhifəİqtisadiyyat“Bütün tədbirlərdə ağızdolusu danışılan 52 milyard dollar valyuta rezervi hardadır?“