Martın 31-də “Siyasi Məhbuslarsız Azərbaycan Alyansı”nın təşkilatçılığı ilə Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirilib. Konfransda vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Tədbirdə beynəlxalq təşkilatların siyasi məhbus hesab etdikləri keçmiş məhbusların nümayəndəsi kimi Tofiq Yaqublu çıxış edib. O bildirib ki, Azərbaycanda siyasi məhbuslar probleminin arxasında ölkə başçısı İlham Əliyev durur:
“2014-cü ilin iyununda AŞPA-nın sessiyasında İlqar Məmmədovun işi ilə bağlı sualın cavabında İlham Əliyev deyib ki, Azərbaycan Avropa Məhkəməsi hüquqi sisteminə daxildir. İlqar Məmmədovun azad edilməsi barədə qərar olarsa, o, yerinə yetiriləcək. Strasburq məhkəməsinin Böyük Palatası İlqar Məmmədovun azad edilməsi barədə məhkəmənin qərarını qüvvədə saxladığı vaxtdan bəri AŞ Nazirlər Komitəsi dəfələrlə bu qərarın icrasına çağırsa da, o, hələ də həbsdədir”.
Tofiq Yaqublu həmçinin bildirib ki, bu rejimə qarşı mübarizə aparanlar birlikdə olmalıdır.Amma aralarındakı uçurum dərinləşib:
“Mənim siyasi mübarizə formulam belədir: Biz vətəndaş cəmiyyətinə, siyasi partiyalara münasibəti özümüzə görə yox, onların hakimiyyətə olan münasibəti ilə müəyyənləşdirməliyik. Bir partiya hakimiyyətə qarşı effektiv mübarizə aparırsa, gəlib məni söysə də, onu yağ-bal kimi qəbul edərəm. Təki o işi görsün. Müsavat Partiyasının ilk illərindən mənim xəttim belə olub. Hər kəsin öz düşüncəsi var. Çoxu həqiqətən düşünür ki, haqlıdır. Çünki dəyərləndirmə kriteriyaları fərqlidir”.
Tofiq Yaqublu deyib ki, “Yeni Müsavat” qəzetinin xətti ilə öz mövqeyi üst-üstə düşməsə də, o qəzetdə yazılarını çap etdirəcək.
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646