“Bundan sonrakı mərhələdə “sürünən müharibə”ni görürəm”

Çünki Ermənistan proseslərin icra mexanizmi yaxınlaşanda “biz bunu istəmirik” deyir və sıfırdan başlanmaya start verilir.

Source: Specify Source
Bundan sonrakı mərhələdə “sürünən müharibə”ni görürəm


Əhməd Əlili: “Hazırda Dağlıq Qarabağda baş verənlər yalnız Azərbaycan-Ermənistan münaqişəsi deyil”


10 oktyabr Moskva anlaşmasından sonra başlanan hərbi əməliyyatlarla bağlı yaranan suallara beynəlxaql idarəetmə üzrə tədqiqatçı Əhməd Əlili cavab verir.


– Əhməd bəy, söhbətimizi Rusiya Xarici işlər naziri Sergey Lavrovun dünən erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşdə “Ermənistanla Azərbaycan arasında atəşkəsə əməl olunur, amma tam yox” açıqlamasıyla başlamaq istərdim. Rusiyanın Gəncəyə raket atılmasına sükutla yanaşması fonunda Lavrovun dediklərini necə izah edərdiniz?

– Uzun illərdir Avropa İttifaqı ölkələri və ABŞ regionu sırf Rusiyanın təsir dairəsi kimi görürdü. İndiki şəraitdə isə regiona Türkiyənin gəlişini görürük. Hazırda həm ərazi, həm iqtisadi baxımından bütün parametrlərinə görə regionda Azərbaycan üstünlüyə malik olduğundan Ankaranın Bakı vasitəsilə regiona gəlməsi o deməkdir ki, gedişat tədricən Rusiyanın regiondan çıxmasıyla nəticələnə bilər. Ona görə Rusiya çox böyük narahatlıq içərisindədir. Belə olduğu halda, Rusiya söz sahibi olduğunu göstərməyə çalışır, münaqişəylə bağlı yekun sözü o icra edir və tərəfləri də özü sülhə çağıra bilər. Necə ki, 2016-cı ildə belə oldu. Bu baxımdan Sergey Lavrov atəşkəsə qismən əməl olunduğunu deyəndə, bu, Rusiyanın gedişatı izlədiyini, amma prosesin tədricən nəzarətdən çıxdığını da sezdiyini göstərir. Yəni əvvəlki kimi istədiklərini desələr də, amma sonda Rusiyanın istədiyi kimi icra olunmur. Ona görə Lavrovun dedikləri daha çox Rusiyanın narahatlığından irəli gəlir.



Fakt budur ki, 10 oktyabr Moskva anlaşması pozuldu. Prezident İlham Əliyev Moskva anlaşmasının Azərbaycanın marağına uyğun olduğunu desə də, orda onun tələb etdiyi işğal olunmuş ərazilərin boşaldılması qrafiki, Nikol Paşinyanın üzr istəməsi yox idi. Bu baxımdan oktyabrın 10-da Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya getməsinə ehtiyac vardımı?

– Hazırda münaqişələrlə bağlı jurnalistlərin çoxunun istifadə etdiyi “hibrid müharibə” ifadəsi var. Bu, o deməkdir ki, müasir müharibələr informasiya texnologiyasının, diplomatiya və hərbi əməliyyatlar kompleks formasında hərəkət edir. Azərbaycan tərəfi də bunu gözardı edə bilməz. Müəyyən mənada qısamüddətli olaraq danışıqlar masasına yenidən oturulsun. Hazırda proseslərin bu cür gedişiylə uzunmüddətli sülhün əldə olunması mümkün deyil. Uzunmüddətli sülh və yaxud uzunmüddətli atəşkəs o zaman əldə olunacaq ki, Prezident Əliyevin dediyi şərtlər qəbul olunsun, müəyyən qrafik əsasında Ermənistan qoşunları Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxsın, status məsələsini sonraya da saxlayıb müzakirə etmək olar. Azərbaycan tərəfinin 10 oktyabrda danışıqlar masasına qayıtması o demək idi ki, Bakı da müəyyən oyun qaydalarını bilir və buna əməl etmək niyyətindədir. Çünki Bakı indiki şəraitdə ona getməsəydi, Azərbaycanla bağlı müəyyən xoşagəlməz itkilərlə nəticələnərdi. İkinci, “hibrid müharibə”nin komponentləri Azərbaycanın fəaliyyətində də hiss olunur, ölkə başçısının 10 oktyabr anlaşmasından sonrakı müsahibələrində bu özünü göstərir.



Bəs həmsədr dövlətlər buna hazırdılarmı, yaxud maraqlıdırlarmı?

– Həmsədr dövlətlər dedikdə biz hazırda Rusiyanın regionda aktiv iştirakını görürük, o cümlədən, Türkiyənin. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olsa da, həmsədr deyil. Yəni Türkiyənin statusu və regionda təsir imkanları Rusiyayla eyni deyil. İndiki şəraitdə Türkiyənin rolunun danışıqlar masasında tapmasına ciddi ehtiyac var. Buna digər həmsədrlər razıdırlarmı, yaxud digər həmsədrlər atəşkəsi arzulayırlarmı? Bəli, hamı çalışır ki, regionda aşağı intensivliklə, ümumiyyətlə, hərbi toqquşma olmasın. Bu, o deməkdir ki, regionda müəyyən bir sabitlik var və uğurlu layihələr icra etmək olar. Ona görə ABŞ, Avropa İttifaqı da regionda sülhün olmasını istəyir. Amma regionda real sülhə gətirəcək qüvvələr Rusiya və Türkiyədir, onların danışıqlarından keçən məsələlər çox vacibdir. Mən arzulayardım ki, bu iki dövlətin danışıqlarına paralel olaraq Azərbaycan və Ermənistan arasında müəyyən bir balans yaransın. Çünki belə olarsa, Ermənistana danışıqlardan imtina etməyə daha az şərait yaranacaq.



Prezdent İlham Əliyevin dünən “Türkiyə niyə Minsk Qrupunun həmsədr olmasın” açıqlamasından sonra Rusiya Xarici işlər naziri Lavrov bununla bağlı “ATƏT-in Minsk Qrupu olduqca çoxsaylı ölkələr qrupudur. Danışıqları aparmaq üçün səlahiyyət üç həmsədrə – Rusiya, ABŞ və Fransaya verilib. Dünya paytaxtlarından səslənən bəyanatlarda üç həmsədrin mandatına bağlılıq ifadə olunub” – deyə söyləmişdi. Bu, Rusiyanın Türkiyəni həmsədr görmək istəmədiyini göstərmirmi?

– Əgər biz Ermənistanda hərbi bazası olan və son 30 ildə Ermənistana müxtəlif istiqamətli dəstək verən Rusiyanı həmsədr kimi görürüksə, niyə Türkiyənin iştirakı olmasın?! Ölkə başçısının dediyi odur ki, Rusiyanın iştirakı var, balans yaratmaqdan ötrü mütləq Azərbaycan tərəfinə yaxın olan Türkiyənin də iştirakı lazımdır. Bilirsiniz, Dağlıq Qarabağda hazırda baş verənlər yalnız Azərbaycan-Ermənistan münaqişəsi deyil, məsələyə çox iri kontekstdə baxmaq lazımdır. Keçmiş postsovet məkanında olan bir çox münaqişənin taleyi burda həll olunur. Söhbət həm yeni hərbi texnologiyaların sınağından keçir, həm də tankların bu cür müharibələrdə yararsız olduğu gündəmə gəlir, yəni münaqişə hərb taktikasına yeniliklər gətirməklə yanaşı ümumiyyətlə, regionun siyasi simasını dəyişir. Beləliklə, indiki gedişatda meydana çıxacaq siyasi priyomlardan bir müddət sonra Gürcüstanda, Ukraynada istifadə edilə bilər. Rusiya da elə vəziyyətdədir ki, Azərbaycandan imtina edə bilmir, amma Ermənistana da dəstək verməməklə digər satelitlərinə göstərir ki, müəyyən mənada onlardan imtina edə bilər. Ona görə Rusiya çox çətin seçim qarşısında qalır. Və Lavrovun sitat gətirdiyi fikri də Türkiyəni oyuna buraxmamaqdır. Regionun siyasi simasının dəyişməsinə Rusiyanın bütün varlığıyla verdiyi təpkidir, yəni, heç bir formada kənar oyunçu gələ bilməz, bura sırf Rusiyanın təsir dairəsidir. Bu baxımdan Qarabağda baş verənlər postsovet məkanında “domino effekti” ola bilər. Rusiya geri çəkiləcəksə, ən azı yaxın 5 ildə Moldovada, Gürcüstanda, Ukraynada yeni keyfiyyət mərhələsini görəcəyik.



Atəşkəs yayda Tovuzda pozulduğundan belə bir sual yaranıb; baş verənlər həm də “Cənub axını” ilə “Şimal axını” qaz boru kəmərlərinin münaqişəsi deyilmi? Yəni, Rusiya “Cənub axını”nın əleyhinə olduğundan vəziyyətin bu həddə gəlməsində maraqlıydı?

– Əslində Rusiya son zamanlar Azərbaycandan keçən enerji dəhlizlərində maraqlı olduğunu göstərib. Çünki Rusiyadan birbaşa Avropaya axan qaz dəhlizlərinə ayrı-ayrı sanksiyalar tətbiq olunurdu, ona görə çalışırdı ki, qazını sanksiya tətbiq olunmayan Azərbaycan vasitəsilə keçirsin. Bu prizmadan baxdıqda, bəli, 90-cı illərdə neft və qaz kəmərlərindən yanaşılırdı gedişata. Müasir dövrdə isə məsələ Rusiyanın regiondan çəkilməsi söhbətidir, konkret iqtisadi layihəsi yox, gələcək geosiyasi fəaliyyətinin nə cür qurulacağıdır. Və Türkiyənin regiona müdaxiləsinə Avroatlantik məkanda çox sükutla dəstək verildiyi görünür. Ona görə də proseslərə qaz layihələri kontekstindən baxmaqdan daha çox regiona NATO üzvü olan birinin gəlməsini görürük. Bu o deməkdir ki, münaqişənin həlliylə bağlı irəliləyiş əldə olunduqdan sonra həm Azərbaycanın, həm də Ermənistanın imkanları müəyyən qədər açılmış olacaq. Onlar geosiyasi vektorlarını seçməkdə daha sərbəst addım atacaqlar.



Ancaq Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan “Dağlıq Qarabağın müstəqilliyi tanınmalıdır” deyə israr edirsə, söylədikləriniz nə qədər real görünür və Ermənistan hansısa güzəştlərə gedəcəkmi?

– Dünən axşam Avropa İttifaqının yayılan bəyanatını diqqətlə oxumaq lazımdır. Bəyanatda artıq münaqişənin siyasi həllindən danışılır, indiyə qədər diplomatik həlldən söhbət gedirdi. Bu, o deməkdir ki, diplomatik iş sahəsində Azərbaycan və Ermənistanın müəyyən bir razılığının əldə olunması və bunun icra edilməsi lazımdır. Siyasi həll o deməkdir ki, artıq tərəflərə müəyyən təzyiq edilə bilər. Birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması və Minsk Qrupu həmsədrlərinin planının icrasıyla bağlı Yerevana çox ciddi təzyiq ola bilər. Çünki Ermənistan proseslərin icra mexanizmi yaxınlaşanda “biz bunu istəmirik” deyir və sıfırdan başlanmaya start verilir. Ona görə də Ermənistana planı icra etməyə məcburetmə olacaq, amma bu, uzun müddət davam edəcək. Bu müddətdə isə Azərbaycanın hərbi əməliyyatları dayandıracağını düşünmürəm. Bundan sonra müharibə sürünmə mərhələsinə qədəm qoyacaq, tədricən baş verənlər əvvəlki illərdən fərqli olaraq intensiv hərbi toqquşmaların sayı qısa müddətdə hədsiz çox olacaq. Belə olanda, 2021-ci ilin ən azından yazına qədər çoxsaylı atəşkəs razılaşdırılacaq, amma buna tərəflər əməl etməyəcək. Müqayisə üçün 1992-ci ilin sentyabrına qədər olan 6 atəşkəs razılaşmasını misal gətirə bilərik. Ona görə də mən bundan sonrakı mərhələdə əməl olunmayan atəşkəslər və “sürünən müharibə”ni görürəm. Bu da tədricən Azərbaycanın strateji nöqtələri ələ keçirməsi və Dağlıq Qarabağ üzərinə öz tələbləriylə çıxış etməsinə gətirəcək. Arzu edərdim ki, Qarabağ ermənilərinin lideri müdrik adam olsun, əslində, real lider hazırkı şəraitdə Azərbaycan icmasının lideri Tural Gəncəliyevə zəng edib atəşkəsi dayandırmağa çağırar. Bundan sonra birgə yaşayışın nə formada olmasını müzakirə edər. Mən arzuladığım ssenari budur, amma reallığı da nəzərə almağı üstünlük verirəm.

Ana səhifəSiyasət“Bundan sonrakı mərhələdə “sürünən müharibə”ni görürəm”