Ermənistana buğda daşıyan qatar Azərbaycan ərazisindən keçərək gedib.
APA-nın məlumatına görə, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından yola düşən, ümumi çəkisi 1 048 ton 800 kiloqram olan buğda yüklü 15 vaqon Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistanın Dalarik stansiyasına çatdırılıb.
Bu, Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən verdiyi bəyanatdan sonra baş verib. O zaman İlham Əliyev bildirmişdi ki, “Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.”
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.
Onun sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.
“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, – İlham Əliyev bildirmişdi.