Vergi Məcəlləsinə dəyişikliklər II oxunuşda təsdiqlənib
Milli Məclisin iclasında “Vergilər Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi II müzakirə olunub.
Dəyişikliklərdən biri buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad olunması barədədir.
Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı – 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olunub.
Lakin hazırda qəbul edilmiş dəyişikliyə görə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilir.
Həmçinin kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.
Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edillib.
Elektron siqaretlər üçün mayeyə aksiz 5 dəfə artırılır
Digər dəyişiklik Azərbaycanda bir neçə mala aksiz dərəcələri tətbiq edilməsi barədədir:
– Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;
– Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.
Bundan başqa, bir neçə aksizli malların dərəcələri artırılır.
Dəyişikliklə siqarillanın (nazik siqarlar) 1 000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 100 manata qaldırılır.
Layihənin birinci oxunuşdakı variantında elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri 220 manata qaldırılması təklif olunurdu.
Layihəyə ikinci oxunuşda əlavə edilən daha bir dəyişiklik qəlyan üçün hazırlanan tütünlərin aksiz vergisinə cəlb edilməsi barədədir.
Külçə, sikkə və ya qranul şəklində qızıl-gümüşün satışı vergidən azad olunacaq
Məcəlləyə başqa dəyişikliklə isə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 3 il müddətində vergidən azad olunacaq.
Həmçinin Azərbaycanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı vergidən azad olunacaq.
Dəyişikliyi nəzərdə tutulan digər müddəa ödəmə qabiliyyətini itirmiş bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin daha 2 il müddətinə ƏDV-dən azad ediməsi ilə bağlıdır.