Buğda ixracına qadağalar: “Azərbaycanda qiymətlər artacaq”

Buğda, un, çörək, Shebeko/Shutterstock

“İlham Əliyev də etiraf edir ki…”

Aprelin 15-dən etibarən Qazaxıstan hökuməti buğda və buğda unu ixracını 3 aylıq müddətə məhdudlaşdırmaq qərarına gəlib.

Ölkə ümumi ixracı 1 milyon və 300 min tona salacağını açıqlayıb.

“Radio Liberty” yazır ki, bu, Orta Asiya ölkələri üçün üzücü xəbərdir, çünki bu ölkələrin buğda idxalının 90 faizdən çoxu Qazaxıstandan asılıdır.

Məqalədə bildirilir ki, Qazaxıstan dünyada ən çox buğda becərən ölkələrdəndir. Lakin özü də Rusiyadan nisbətən ucuz buğda idxal edir.

Sonradan həmin buğdanı başqa ölkələrə daha baha qiymətə satır.

Bu ilin martında Rusiya da qəbul etdiyi yeni qanunla Avrasiya İqtisadi İttifaqı üzvləri olan Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistana buğda ixracını müvəqqəti dayandırıb. Beləliklə, iyunun 30-dək buğda, çovdar, arpa və qarğıdalı ixracını kəsib.

Ölkə bunu daxili ərzaq bazarını qorumaqla izah edib.

Azərbaycan da buğda ehtiyacının böyük əksəriyyətini Qazaxıstan və Rusiyadan qarşılayır.

Rusiya və Qazaxıstanın idxala qoyduğu qadağalar Azərbaycana necə təsir edəcək?

Azərbaycan ərzaqlıq buğda ilə özünü 25 faiz təmin edir.

Ümumi taxıl istehsalı isə ölkə tələbatının 60 faizini təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə belə deyib.

12 aprel müşavirəsi. Foto: president.az

O, ölkədə ərzaqlıq buğdanın istehsalının artırılmasının vacib olduğunu bildirib: “Biz özümüzü ərzaqlıq buğda ilə 70-75 faiz təmin etməyə nail olmalıyıq. Azərbaycanda bu potensial, imkan var. Həm azad edilmiş torpaqlarda, həm də ölkənin digər ərazilərində”.

İqtisadçı Fərid Mehralıyev deyir ki, Azərbaycan təkcə bu ilin 3 ayı ərzində Qazaxıstandan buğda idxalını 27 dəfə artırıb.

“Qazaxıstan buğda ixracına məhdudiyyət tətbiq edəcəksə…”

Görünən odur ki, hökumət Rusiyadan lazım olan qədər ala bilmədiyi buğdanı Qazaxıstan hesabına bərpa etməyə çalışıb: “Əgər Qazaxıstan da buğda ixracına məhdudiyyət tətbiq edəcəksə, bu, Azərbaycana təsirsiz ötüşməyəcək. Bundan sonra Azərbaycan yaxın ölkələrdən yox, daha uzaq ölkələrdən buğda idxal etməyə başlayacaq. Rəsmi rəqəmlərə görə, biz lazım olan buğda ehtiyacımızın cəmi 60 faizini qarşılaya bilirik. Hətta bu yaxınlarda açıqlandı ki, ərzaqlıq buğdanın cəmi 25 faizi daxili istehsal hesabına təmin olunur. Buğda ilə bağlı tələbin ödənməsində Azərbaycanın idxaldan ciddi asılılığı var”.

İqtisadçı bildirib ki, üstəlik, ötən aydan Rusiya da ixraca qadağa qoyub: “Yəni Azərbaycan Qazaxıstanın qoyduğu məhdudiyyəti, bu boşluğu avtomatik Rusiya ilə də doldura bilməyəcək. Qazaxıstandan sonra regiondakı ən böyük buğda ixracçılarından biri də Ukrayna idi. Orada da vəziyyət məlumdur, müharibədir, vəziyyət çətindir. Logistik problemlər var, bu da ixraca çətinlik yaradır”.

Fərid Mehralıyevin şəxsi arxivindən

“Yaxınlarda mediada oxumuşdum ki, Hindistan Rusiyadan, Ukraynadan azalan payı doldurmaqla bağlı dünya ölkələrinə təkliflər verib. Nəzərə alaq ki, pandemiyadan sonra daşıma işlərində də artım var. Odur ki, bizim daha uzaq ölkələrdən buğda idxal etməyimiz baha başa gələcək. Nəticədə, unun, buğdanın maya dəyəri yüksələcək”, – deyə iqtisadçı bildirib.

Fərid Mehralıyev deyir ki, hökumət burada fərqi iki yolla qapada bilər: “Ya subsidiyalarla, bu da dövlət büdcəsinin vəsaiti hesabına təmin ediləcək. İkinci variant da qiymət artımıdır. Bu da əhaliyə təsir edəcək. İstənilən halda bu məsələ ölkə iqtisadiyyatına əlavə xərc kimi geri dönəcək”.

“İlham Əliyev və onun vəzifəyə gətirdiyi qeyri-peşəkar kadrlar əksini deyirdilər”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, uzun illərdir ki, Azərbaycan ərzaq buğdasına olan tələbatının 70 faizdən çoxunu idxal edir.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

Onun sözlərinə görə, İlham Əliyev və onun Kənd Təsərrüfatı Nazirliyinə gətirdiyi qeyri-peşəkarlar isə əksini deyirdilər: “İndi İlham Əliyev etiraf edir ki, özümüzü ərzaq buğdası ilə cəmi 25 faiz təmin edə bilirik”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il Azərbaycanda toplamda 1 milyon 885 min ton buğda yetişdirilib.

Ölkəyə gətirilən buğdanın həcmi isə 1 milyon 148 min ton olub.

Ana səhifəİqtisadiyyatBuğda ixracına qadağalar: “Azərbaycanda qiymətlər artacaq”