”BUE Caspian” gəmiçilik şirkətindən narazılıq var

”Vəli Məmmədovun arxasında Rauf Vəliyev durur”

Source:


”Vəli Məmmədovun arxasında Rauf Vəliyev  durur”

“Çalışdığım şirkətdə özbaşınalıq, rüşvət halları var. Şirkət 20 ildir Azərbaycandadır. Baş ofisi Dubayda yerləşir. Ölkədəki nümayəndəliyin baş meneceri əcnəbidir. Qalan şöbələrdə Azərbaycan vətəndaşları çalışır. Şirkətdəki xoşagəlməz vəziyyətin başında da elə azərbaycanlı, kadrlar şöbəsinin rəisi Sevda Məmmədova və onun köməkçisi Vəli Məmmədov durur”, – “BUE Caspian” (Topaz Marine) gəmiçilik

şirkətinin

adının açıqlanmasını istəməyən əməkdaşı belə deyir.

O, Meydan TV-yə şirkətdəki durumla bağlı yazıb. Hazırda həmin şirkətdə çalışdığından və bu işə çox ehtiyacı olduğundan adının açıqlanmasını istəmir. Deyir, şirkətdəki vəziyyəti ictimailəşdirdiyi bilinsə, onu işdən azad edərlər.

Şirkət əməkdaşı bildirir ki, “BUE Caspian” BP-nin podradçı şirkətidir. BP platformalarının təchizatı ilə məşğuldur. Deyir, əvvəl şirkətdə hər şey qaydasında idi. Məhz kadrlar şöbəsinin rəisi Sevda Məmmədova və onun köməkçisi Vəli Məmmədov işə başlayandan sonra özbaşınalıq olub:

“Bütün korrupsiya və rüşvətxorluq halları bu adamların gəlişindən sonra başlayıb. Getdikcə daha da güclənir. İşəgötürməyə 6000-15000 arası rüşvət istəyirlər. Vəzifələrə yüksəlmək üçün də həmçinin. Hər dənizçi növbədən dönəndən sonra onlara 500-1000 manatarası rüşvət verir. Şirkətdə 600 nəfərə yaxın dənizçi çalışır. Rüşvət vermək istəməyənlər incidilir, sıxışdırılır, süründürülür. Ən sonda da işdən azad edilir. Bu da başqalarına nümunə olur”.

Mənbə əlavə edir ki, adıçəkilən insanların tək məqsədi dənizçilərdən rüşvət yığmaqdır:

“Bizi incidib, cibimizə girirlər. Bununla da dövlətə və büdcəyə ziyan vururlar. Savadlı və bacarıqlı işçilər onları maraqlandırmır. Onları maraqlandıran tək şey rüşvət yığmaqla haram pul qazanmaqdır. İndi düşünün, ölkədəki əsas, strateji yerlərdə kimlər çalışır. Gəmiçiləri kimlər idarə edir. Onların başına nə oyunlar açılır”.

Şikayətçi deyir ki, əvvəllər şirkətin kadrlar şöbəsində hər şey qaydasında imiş:

“Dənizçilərə çox yaxşı şərait yaradılmışdı. Xərclərimiz ödənirdi, bizə hörmət qoyulurdu. Elə ki, bunlar işə başladı, qara günlərimiz gəldi. Dənizçilərdən bir xeyli sənəd tələb edilir. Bu sənədlər də hər 5 ildən bir dəyişilir, yenilənir. Yəni həmin sənədlərin, sertfikatların çoxu müəyyən pullu kurs keçdikdən sonra verilir. Əvvəl dənizçilərin həmin kurslarının pulu ödənilirdi. Kursda olduğumuz vaxtların əmək haqqını da alırdıq. Hətta bölgələrdən kursa gələn dənizçilərin burada qalmaq, yemək xərcləri də qarşılanırdı. Kadrlar şöbəsinə yeni müdir gələndən sonra bir müddət belə davam etdi. Daha sonra şirkət bu xərcləri nağd şəkildə ödəməyi yığışdırdı, elektron verməyə başladı. Bu da yeni kadrlar şöbəsinin rəhbərliyinə sərf etmədi.  Onların təşəbbüsü ilə bizə bu pulların ödənməsi dayandırıldı. Çünki həmin vəsait daha onların əlindən keçmirdi. Bununla da, şirkətə xeyir gətirdikləri üçün yaxşı bonuslar aldılar. Pis durumda qalan isə dənizçilər oldu. İndi bu xərclərin hamısını özümüz ödəyirik”.

Mənbə deyir ki, onların şikayətləri ilə heç bir qurum maraqlanmır. Sanki onlarla əlbirdirlər:

“Dəfələrlə şikayət etmişik. Heç bir xeyri olmayıb. Hara müraciət ediriksə, onlar birbaşa Vəli Məmmədova zəng edirlər. Sanki şirkəti idarə edən bu insandır. Bunun da səbəbi var. Çünki Vəli Məmmədovun arxasında Rauf Vəliyev (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi) durur. Həmin şəxs də himayə etdiyi insanın özbaşınalıqlarına göz yumur. Rauf Vəliyev və Vəli Məmmədov vaxtında Xəzər Dəniz Neft Donanmasında birgə çalışıblar. O vaxtdan qurduqları dostluq münasibəti indi də davam edir. Bu da özbaşınalıqlara və rüşvətxorluqlara imkan yaradır”.

Şirkət əməkdaşı əlavə edir ki, elə Vəli Məmmədovun şirkətə gəlməsi də Rauf Vəliyevlə əlaqəlidir:

“Rauf Vəliyev rəis olandan bəri Vəli Məmmədovun rüşvət faizləri daha da qalxdı. Bütün bu özbaşınalıq və rüşvətxorluğu hamı bilir. Hətta şirkətin rəisinin də vəziyyətdən xəbəri var. Ancaq heç kəs bir şey edə bilmir. Çünki Vəli Məmmədov Rauf Vəliyevin adamıdır. O, Azərbaycanda bütün dənizçilik sektorunu nəzarətdə saxlayır. Hətta xarici şirkətləri də”.

Mənbə deyir ki, “BUE Caspian” şirkətinin əsas gəliri Xəzər dənizindən çıxır. Çünki digər bölmədəki gəmilərinin işi dayanıb. Yalnız Xəzərdəki gəmiləri işləyir:

“Deməli, gələn gəlirlə başqa bölmələri saxlayırlar. Buna baxmayaraq, ən aşağı maaş və ən rüşvətxor bölmə də məhz Xəzərdədir. Digər bölmələrdə çalışan dənizçilər (əcnəbilər) bizdən ikiqat yüksək maaş alırlar. Bizdə isə nəinki maaş aşağıdır, vaxtaşırı kimlərisə işdən çıxarır, yenisini gətirirlər. Bununla da, ikitərəfli gəlir əldə edirlər. Məsələn, noyabrda “Citadel” gəmisinin tam heyətini işdən azad etdilər. Bütün heyət öz təşəbbüsü ilə işdən çıxa bilərmi? Görün indi yeni götürdükləri işçilərdən nə qədər rüşvətlər alacaqlar. İstər xarici şirkət olsun, istər yerli orada bizim nümayəndə varsa, deməli, rüşvət, haqsızlıq, özbaşınalıq var. İnsanın dəyəri yoxdur”.

Meydan TV deyilənləri araşdırmaq üçün şirkətin daha iki əməkdaşı ilə əlaqə saxlayıb. Adının açıqlanmasını istəməyən həmin əməkdaşlardan biri həmkarının fikirlərini təsdiqləyib. Digəri isə bu barədə danışmaqdan çəkinib.

Şirkət əməkdaşlarının ittiham etdiyi Vəli Məmmədov və Sevda Məmmədova isə deyilənləri təkzib edib.

Vəli Məmmədov Meydan TV-yə deyib ki, şikayətçinin bildirdiklərinin hamısı yalandır:

“Deyirlər ki, rüşvət alıram, o zaman mənə fakt göstərsinlər. Mən də gəlib hamınızın qarşısında diz çöküb, üzr istəyim. Bilirsiniz də, rüşvəti birinin əlində tutmayınca, ona “rüşvət alırsan” demək olmaz. Siz durun gəlin bizim şirkətimizə. Özü də kamerasız, diktafonsuz. Sizi qarşılayım, bu barədə danışaq. Görək bizdən şikayət edən kimdir. Məlumatı efirə buraxmadan öncə şirkətimizi öyrənin. Siz mənə zəng etdiz, mən də deyirəm ki, şirkətin rəhbəri deyiləm və deyilənlər yalandır. İnanmırsınızsa, buyurun, gəlin, aydınlaşdıraq”.

İşçilərin işə rüşvətlə götürülməsinə gəlincə, Sevda Məmmədova deyib ki, işçiləri işə onlar götürmür. Şirkət işçilərini imtahanla qəbul edir:

“Bu işə baxan komitə var. Deyilənlər yalandır. İşçilər xaricdə kurs keçib dönəndən sonra işə götürülürlər. Bu işə də komitə baxır. Bilmirəm məlumatı sizə kim verib. Adını bizə desəydiniz, bizə çox böyük kömək etmiş olardınız. Bizə böhtan atırlar. Bu böhtanı atan da 100 faiz şirkət işçisi deyil, kimdirsə işsiz biridir. Dedikləri də yalan və şər-böhtandır. Bu yeganə şirkətdir dənizdə işləyən. Bəlkə də kiminsə paxıllığı tutur, nəsə var, deyə bimirəm. Hər bir halda, mən bunu araşdıracağam”.

Ana səhifəXəbərlər”BUE Caspian” gəmiçilik şirkətindən narazılıq var