”Büdcəni talayanların cəzası yüngülləşdirilir”

Milli Məclisdən Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur

Source:


Milli Məclisdən Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur

Büdcə və digər dövlət vəsaitlərindən təyinatdan kənar istifadə etməyə görə yeni cəzalar tətbiq edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur.

Təklif olunan 308-1 maddəsinə görə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə halına görə təqsirləndirilən şəxslər  8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

Eyni hərəkətlər külli miqdarda vəsaitlə olduqda 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Külli miqdarda dedikdə 250 min manat və daha çox məbləğ nəzərdə tutulur.

Layihə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Bu barədə Meydan TV-yə şərh verən sabiq deputat, iqtisadçı Nazim Məmmədov təklifi müsbət qiymətləndirdiyini və dəfələrlə səsləndirdiyi məsələnin gündəmə gəlməsindən məmnun olduğunu dedi.

Nazim Məmmədov
Nazim Məmmədov

O, bildirdi ki, dövlətin müxtəlif orqanlarında cərimələrin toplandığı büdcədən kənar fondlar olmamalı, köçürülən vəsaitlər birbaşa dövlət büdcəsinə yönəldilməlidir: “Səhv etmirəmsə, 2008-ci ildə bunu tətbiq də etdilər. İstənilən nazirliyin sahibkara cərimə tətbiq etmə, eyni zamanda, ödənişli əsasla xidmət göstərmək imkanı var. Onların bütün vəsaitləri büdcədən kənar fondlara toplanır, sonradan müxtəlif təmir-tikinti işləri, əsaslı vəsait qoyuluşu, yaxud bir hissəsi öz işçilərinə əməkhaqlarına əlavə olaraq verilməsi adı altında mənimsənilir. Təəssüf ki, universitetlərdə olan bir sıra müxalif iqtisadçılar bunu dəstəklədilər də. Onlara izah edirdim ki, sizə 100 manat vəsait verildikcə, 100 milyonlarla vəsait mənimsənilir. Təəssüf ki, opponentlərimiz onların müdafiəsinə qalxıb büdcədən kənar fondların saxlanmasında israr edirdilər”.

N. Məmmədov fikirlərinin bütün nazirliklərə aid olduğunu söylədi: “Olmazmı ki, büdcədən kənar vəsaitlərin hamısı büdcəyə yönəldilsin, sonradan əməkhaqlarına əlavə olunsun?! Bu baxımdan qanunda sərtlik vacibdir”.

İqtisadçıya görə, dövlət büdcəsindən verilən müxtəlif subsidiyalar da  dayandırılmalıdır: “Məsələn, büdcədən Sahibkarlara Yardım Milli Fondu, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan yardımlara ehtiyac yoxdur. Bu fondlar vasitəsilə bürokratik aparat yaradılır və özlərinə yaxın olan təşkilartları, insanları maliyyələşdirmə sistemi aparılır. Həmin təşkilatlar sovet iqtisadiyyatının stereotipləridir, bazar iqtisadiyyatında bunlar olmamalıdır. Bəli, nazirliklərin büdcələri əsasında  jurnalistikaya, QHT-lərə tender əsasında layihələr keçirmək olar. Amma  birbaşa dövlət büdcəsindən, yaxud müxtəlif fondlar vasitəsilə maliyyələşməni demokratik ölkələrin təcrübəsindən istifadə etməklə həyata keçirmək olar”.

Xalid Ağaliyev
Xalid Ağaliyev

Media məsələləri üzrə  hüquqşünas Xalid Ağaliyev isə bu dəyişikliyin o qədər də əhəmiyyətli olmadığını dedi: “Büdcə və digər dövlət vəsaitlərindən təyinatdan kənar istifadə etmək vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdir. Bu sui-istifadə cəmiyyətin, dövlətin qanunla qorunan mənafelərinə zərər vurur. Hazırkı cinayət qanunvericiliyi buna görə onsuz da məsuliyyət, həbs cəzası nəzərdə tutur. Məcəlləyə görə, belə əməllərə yol verənlər 1000 manatdan 2000  manatadək miqdarda cərimə oluna, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə, 2 ilədək müddətə islah işlərinə məhkum edilə, əmlakı müsadirə olunmaqla 3 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər. Vəzifədən sui-istifadə ağır nəticələrə səbəb olduqda isə pozuntuya yol verənlər əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər”

X.Ağaliyevin fikrincə, əslində, təklif olunan dəyişiklik cəzanı yumşaldır. “Belə görünür ki, cəza yüngülləşir. İndi qüvvədə olan qanunvericilik 8 ilədək cəza nəzərdə tutur. Dəyişiklik isə büdcə vəsaitini təyinatdan kənar istifadəyə görə, cərimə, 3 ilədək və ya 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur”.

Ana səhifəXəbərlər”Büdcəni talayanların cəzası yüngülləşdirilir”