“Büdcəni sahibkarları cərimələməklə doldururlar”

İqtisadi gündəm çoxlu suallar doğurur; Avrasiya İttifaqı ilə bağlı aparılar danışıqlar, rəsmilərin açıqlamaları, büdcə məsələləri, qeyri-neft sektorunda artım haqqında statistik məlumatlar, yeni iş yerlərinin açıqlması və s.i. İqtisadçı Qubad İbadoğlu isə suallarımızı bu və ya digər ictimai maraq doğuran istiqamətdə qurmaqla mövcud iqtisadi mənzərəni göstərməyə çalışdıq.



Qubad b


əy, son vaxtlar Azərbaycanda Avrasiya İttifaqı və “Gömrük Sazişi” haqqında fikirlər haçalanır, bəziləri Bakının bu qurumlara qoşulmasını müsbət, əksəriyyət isə bunun əleyhinə çıxırlar. O baxımdan Avrasiya İttifaqı və “Gömrük Sazişi”nə qoşulmağımızın iqtisadi cəhətdən müsbət tərəfləri varmı?

–         Əvvəla, Avrasiya İttifaqı və “Gömrük Sazişi” daha çox siyasi məsələdir. Əgər Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin bu yaxınlarda imzaladıqları müqaviləni nəzərdən keçirsək, bəlli olacaq ki, sənədin əsas hissəsi 2009-cu ildə imzalanmış Gömrük İttifaqı ilə bağlı sənəddən götürülüb. Digər hissəsi isə vahid iqtisadi məkan sahəsində imzalanmış növbəti bir sənəddən götürülüb. Sadəcə, əvvəlki öhdəliklər yenidən Avrasiya İttifaqına gətirilir. Bu, bir növ ad dəyişdirilməsi kimi bir şeydir. Əslində, Avrasiya İttifaqı sırf siyasi məsələdir, “Gömrük Sazişi” isə ona imkan verir ki, gələcəkdə bu ittifaqa daxil olan ölkələr arasında xarici ticarət rejimləri eyniləşdirilsin, vahid bir məkanda çalışsınlar, eyni zamanda, vahid valyuta tətbiq olunsun.



Yəni SSRİ iqtisadi baxımdan bərpa olunur?

–         SSRİ daha böyük məkan idi. Ancaq Avrasiya İttifaqı və “Gömrük Sazişi”nin əhatə etdiyi ölkələrdə vahid valyutanın olması istənilir. Necə ki, Avropa Birliyi avro tətbiq edir. Sabah da bu qurumları təsis edənlər rublu Avrasiya İttifaqının vahid valyutası hesab edərlər. Əvvəlki müzakirələrdən görünür ki, bu proses nə vaxtsa baş tutacaq. Təbii ki, Rusiyanın iqtisadi vəziyyətindən çox şey asılıdır. Yəni Kreml nə dərəcədə prinsipial olacaq.



Bəs dünyadakı proseslər gedişata təsir edəcəkmi?

–         Əslində, bizim regiondakı hadisələr Rusiyanı tələsdirir. Rusiya tələsik istəyir ki, Avrasiya İttifaqına keçmiş SSRİ-də olan respublikaları cəlb etsin. Bu gün artıq 3 respublika müqavilə imzalayıb və mən Qırğızıstanın, Ermənistanın da müqaviləyə qoşulmasında heç bir problem olmayacağını düşünürəm. Çünki hər ikisi tam şəkildə Rusiyadan asılı dövlətlərdir. Bununla Rusiya Avrasiya İttifaqını genişləndirməyə başlayacaq. Eyni zamanda, Azərbaycan kimi neytral ölkələrdən də Avrasiya İttifaqının iqtisadi gələcəyinə müsbət təsir göstərmək üçün bəzi öhdəliklər alırlar.



Nədən ibarətdir dediyiniz öhdəliklər?

–          ARDNŞ-la “Rosneft” arasında müqavilə var. Əslində, bu, yeganə öhdəlik deyildi. Bu günlərdə iqtisadiyyat naziri bəyanat verdi ki, Rusiyaya 18 milyard dollar yatırım qoyulacaq.



Sonradan təkzib olundu, 1,8 milyard dollar deyildi…

–         Hətta 1,8 milyard dolların Rusiya iqtisadiyyatına sərmayə qoyulması da siyasi xarakter daşıyır və Avrasiya İttifaqının qurulmasına dəstək məqsədi güdür. Çünki Neft Fondunun birinci rübünün nəticələri ilə bağlı hesabatından görünür ki, qurum Rusiyadakı sərmayələrinə görə bu ilin 3 ayında ziyan çəkib. Bu, beynəlxalq birjalarda rus şirkətlərinin səhmlərinin aşağı düşməsindən irəli gəlir. Bilirsiniz ki, bizim Rusiyanın əmlak, bank bazarında sərmayələrimiz var, eyni zamanda, milli valyutamızın cüzi də olsa bir hissəsini bu ölkənin rublunda saxlayırıq. Ümumiyyətlə, Azərbaycan Dövlət Neft Fondu neft gəlirlərinin bir hissəsini Rusiya bazarına yerləşdirmək siyasətini 2012-ci ildən başlamışdı. İndiki halda fond nəticələrə görə korrektələr etməlidir. Nəticələr onu deyir ki, Rusiyaya sərmayələr qoymaq yox, sərmayələri götürmək lazımdır. Belə olan halda nazirin Rusiya iqtisadiyyatına 1,8 milyard qoyması açıqlaması daha çox siyasi məsələdir. Çünki Rusiya iqtisadiyyatında bugünlərdə o qədər risklərin mövcudluğu şəraitində sərmayələr qoyulması iqtisadi baxımdan səmərəli görünmür.



Bəs “Rostneft”lə ortaq şirkət yaradıb, neft hasil etmək perspektivi varmı?

–         Təbii ki, var. Əgər müxtəlif şirkətlər birləşirsə, konsersium şəklində fəaliyyətlər daha effektli olur. Amma “Rostneft”lə ARDNŞ arasında müqavilə öhdəliyini Rusiya prezidentinin Azərbaycana səfəri zamanı rəsmi Bakı artıq götürmüşdü və müəyyən niyyət protokolları imzalanmışdı. Bu amil də Azərbaycan hökumətinin Rusiya qarşısında götürdüyü öhdəliklərdən biridir. Hesab edirəm ki, bu, sırf siyasi və seçki ilə bağlıydı. Artıq həmin öhdəliklər icra olunmağa başlayır. Öhdəliklərdən biri o idi ki, artıq ARDNŞ “Rostneft”-lə birgə fəaliyyətə başlayır.



Yəqin “Rostneft”in rəhbərinin həbsdə olduğunu bilirsiniz…

–         Bəli, bu mənada indiki halda “Rostneft”lə əməkdaşlıq müəyyən çətinliklər yarada bilər.



Nə mənada?

–         O mənada ki, bir şirkətin rəhbəri sanksiya altındadırsa və o şirkətlə əməkdaşlıq qurulursa, gələcəkdə birgə fəaliyyət nəzərdə tutulursa, birgə fəaliyyətin reallaşdırılmasında çətinliklər yarana bilər. İddia etmirəm ki, ARDNŞ-a da sanksiyadan təsir ola bilər. Amma istənilən halda düşünmürəm ki, “Rostneft”lə ARDNŞ-nin birgə fəaliyyət göstərməyi Dövlət Neft Şirkəsinin inkişafına gətirib çıxaracaq. Çünki dünyanın öncül şirkətləri Azərbaycandadır, bp, Statoyl, Şevron və s. O zaman ARDNŞ əməkdaşlıqdan daha çox yararlanmaq istəyirsə, nədən Qərb şirkətləri ilə ortaq biznesə getmir?



Qayıdaq büdcə ilə bağlı yaranan suallara, 2013-cü il büdcə icrasını necə dəyərləndirirsiniz, yəni 2012-ci illə müqayisədə qeyri-neft ödəmələrində vəziyyət necə dəyişib?

–         Əslində, gözlənildiyindən də pis. Bilirsiniz ki, hökumət 2014-cü ilin büdcəsində  müəyyən dəyişikliklər etdi, transferləri azaltdı, eyni zamanda, büdcənin neft gəlirlərindən asılılığını azaltmağa çalışırlar. Amma Milli Büdcə Qrupunun hesablamaları göstərir ki, 2013-cü ilin büdcəsinin icrasının 75,2 faizi neft sektorundan daxil olmalar hesabına baş verib. Büdcəyə gələn hər 4 manatın 3 manatından çoxu birbaşa neft sektorundan daxil olub. Qeyri-neft sektorunun payı isə 1 manatın içində 98 qəpikdir.



Amma rəsmilər qeyri-neft sektorunun inkişafından danışırlar…

–         Bəyanatlar çoxdur, qeyri-neft sektorunun inkişafından, iqtisadiyyatın şaxələnməsindən danışılır, amma faktlarla təsdiqlənmir. Bu yaxınlarda büdcənin icrasıyla bağlı hesabatı parlament qəbul etdi və maliyyə naziri hesabat verdi. Eyni zamanda, Hesablama Palatası büdcənin icrasıyla bağlı və büdcə qanununa rəy hazırlayıb. Hər üç sənəd təsdiqləyir ki, dövlət büdcəsinin gəlirlərinin 75,2 faizi birbaşa neft sektorundan daxilolmalar hesabınadır.



O zaman hasilat azalacağı təqdirdə büdcəni nə ilə örtmək olar?

–         Bu istiqamətdə hökumət artıq fəaliyyətə başlayıb.



Nədən ibarətdir fəaliyyət?

–         Birinci, qeyri-neft sektorunda vergi ödəyicilərinin cərimələnməsi, sanksiyalar və 2013-cü ilin büdcəsi ilə bağlı hesabatdan bəlli olur ki, 2012-ci illə müqayisədə cərimələr, sanksiyalar üzrə daxilolmalar 109 milyon manat artıb. Artıq sahibkarlarımız cərimələr ödəməklə büdcədə həmin maddədən daxil olmaları artırıblar. İkinci, dövlət büdcəsinin icrası göstərir ki, ölkədə rezidentlərin mənfəət vergisindən ödəmələr ildən-ilə azalır və bu, dinamikaya çevrilib. Baxmayaraq ki, büdcə sektorunda əməkhaqqı artımları gedir, amma onların gəlir vergisindən ödəmələr azalıb.



Dem


ək istəyirsiniz ki, sahibkarları “qara günlər” gözləyir?

–         Onsuz da sahibkarlar “qara günlər”ini yaşayır. Söhbət kiçik və orta biznesdə olanlardan gedir, onlar da büdcə qarşısında belə öhdəlikləri yerinə yetirmək məcburiyyətindədirlər. Çünki 2014-cü il ötən ildən daha ağır olacaq, səbəb də transferlərin məbləğini azaltmağımızla bağlıdır. Ötən il transferlərin Neft Fondundan dövlət büdcəsinə köçürülməsi ilə bağlı ən yuxarı həddir. Hazırda ən yuxarı həddən aşağı gedirik. Dediyiniz neft hasilatı da azalır və bunun nəticəsində neft satışından gəlirlərin azalmasına gətirib çıxardır. Bu, bütövlükdə Dövlət Neft Fondunun aktivlərinin azalmasını şərtləndirə bilər. Ona görə hökumət siyasəti dəyişdi ki, heç olmasa, Dövlət Neft Fondunun aktivləri qalsın, hazırda 36,5 milyarddır. Aktivləri o səviyyədə saxlamaqla, müəyyən gəlirlər əldə etmək istəyirlər. İndi fond aktivlərin 5 faizini əmlak bazarında yerləşdirir, 5 faizini inkişaf etməkdə olan ölkələrin bazarında, 5 faizini də qızıl bazarında, yerdə qalan 85 faizi səhmlərdədir.



Bu siyasətin müsbət cəhəti varmı?

–         Yəni gəlir var, çünki 2012-ci ildə fondun investisiya siyasəti dəyişdi və 2011-ci illə müqayisədə daha çox valyutanın idarə edilməsindən gəlir əldə etmişik. Amma bu il ola bilər ki, gəlirlərin həcmi əvvəlki illərdən az olsun. Səbəb də Rusiya amilidir ki, Neft Fondunun aktivlərinin idarə olunmasından daxil olan gəlirlərin azalmasını şərtləndiribdir. Bütövlükdə götürəndə neft amili yenə də üzdədir. Bu ili dövlət başçısı “Sənaye ili” elan etdi, amma statistik göstəricilər bu sektorda azalmaların olduğunu göstərir. Bunu da təmin edən əsas amillərdən biri neft sektorunda hasilatın aşağı düşməsidir.



O zaman hökumətin statistikasında ÜDM-da qeyri-neft sektorunun payının artmasını necə şərh edərdiniz?

–         Daha çox kəmiyyət göstəricisidir. Neft sektorunda əvvəllər qeydiyyata alınan istehsalın və xidmətin bir hissəsini artıq qeyri-neft sektoruna keçiriblər. Məqsəd qeyri-neft sektorunun payının çoxalması və bu sektora stimul verməkdir. İkinci, qeyri-neft sektorunda müəyyən artım elementləri var, bu, həm də xidmət sektorundan qaynaqlanır.  Etiraf edək ki, turizm sektoru əvvəlki illərlə müqayisədə yerli və xarici vətəndaşlar üçün daha cəlbedici olub. Üçüncü, nəqliyyat sektoruna kifayət qədər investisiyalar qoyulduğundan bu sahədə canlanma var. Əlavə olaraq rabitə sektoruna xeyli investisiyalar qoyulub, indi də gəlirlər əldə olunur. Bu mənada qeyri-neft sektorunda müəyyən qədər canlanma var. Ancaq digər istiqamətdə qeyri-neft sektorunun inkişafını stimullaşdıran amillərdən biri məhz istehlak xərclərinin artmasıdır. Bu gün Azərbaycan vətəndaşları artan inflyasiyanın təsirindən vəsaitlərinin 71 faizini istehlaka yönəldib. Amma bu, o demək deyil ki, avtomatik olaraq iş yerlərinin sayı artır.



Prezident və hökumət rəsmiləri isə iş yerlərinin sayının artdığını bildirirlər və rəqəmlərdən sitat gətirirlər. Dəqiqdirmi bu rəqəmlər?

–         O rəqəmləri təkzib edən kifayət qədər fakt var. Birinci, ölkədə muzdla işləyənlərin sayı 1,5 milyondur, yəni kənd təsərrüfatında kiminsə torpaq payı varsa, biz onu məşğul əhali kimi qeydə alacağıqsa, son nəticədə iş yerlərinin sayının artacağı göstəriləcək. Amma əslində kənd təsərrüfatında işləyən hər hansı adam ordan qazanc götürürsə, kəndlinin torpaq payı varsa və istifadə etmirsə, ordan qazancı yoxdursa, bunu məşğul əhali hesab edə bilmərik. Məşğulluq məsələləri ilə bağlı kifayət qədər statistik, metodoloji məqamlar var ki, ona əsaslanıb iş yerlərinin açılması istiqamətində məlumatları təhlil etmək mümkündür. Bir sözlə, rəsmi iş yerlərinin açılması ilə real mənzərə arasında bir təzad var. Beynəlxalq Əmək Təşkilatının hesabatına baxaq, göstərilir ki, Azərbaycanda gənclər arasında işsizliyin səviyyəsi 15 faizə yaxındır və ildən-ilə də artır. Təşkilatın məlumatına görə, işsizliyin səviyyəsi 2018-ci ilə qədər artmaqda davam edəcək. Bu, onu göstərir ki, iş yerlərinin açılması istiqamətində qeyri-neft sektorunun potensialı o qədər də böyük deyil. Sadəcə, bəzi xidmət sahələrində müəyyən artımlar var, onlar  daha çox yüksək texnologiyalarla idarə olunsa da, əmək tutumu əvvəlki maşınqayırma, metallurgiya ilə müqayisədə aşağıdır. Mən onsuz da “Sənaye ili”nin elan olunmasının əleyhinə idim, çünki sənaye çox böyük sektordur, ona görə bu sahənin bir qolu seçilsəydi, daha yaxşı olardı. Məsələn, bu il metallurgiya, gələn il maşınqayırma sənayesi ili olardı və diqqəti də ora cəlb edərdilər. Ümumi bir “Sənaye ili” kimi elan olundu və sənaye sektorunda da göstəricilər bu gün məyusluq doğurur. Çünki sənaye sektorunda hasilatın tempi aşağı düşüb.

Ana səhifəVideo“Büdcəni sahibkarları cərimələməklə doldururlar”