“Büdcədə 1 milyarda yaxın itki olacağını proqnozlaşdırmaq mümkündür”

Natiq Cəfərli: “Artıq indidən hökumət üçün 2016-ci ilin büdcəsinin formalaşdırmasının ciddi problem olduğunu demək olar”

Source:


Natiq Cəfərli: “Artıq indidən hökumət üçün 2016-ci ilin büdcəsinin formalaşdırmasının ciddi problem olduğunu demək olar”

Brent markalı neftin sentyabr fyuçersləri 2015-ci ilin yanvarından bu yana ən aşağı səviyyəyə – bir barelə görə  48,90 dollara enib. 2015-ci ildə təklifin tələbatı sutkada 2 mln barrel üstələyəcəyi barədə “Goldman Sachs” analitiklərinin proqnozlarının fonunda “qara qızıl”ın qiyməti enir.

“Hazırda biz təklifin çox, tələbatın az olduğunu müşahidə edirik, lakin gələcəkdə qiymətlərin enəcəyi gözlənilir”, – deyə  analitiklər bildirirlər.

Ekspertlər hesab edirlər ki, bazarda neft bolluğunu nəzərə alaraq çox güman ki, Brent 2015-ci ildə minimal həddə – bir barelə görə 45 dollara çatacaq.

Bu fonda Azərbaycanın “Azeri Light” nefti 50 dollar civarında satılır.

Neft qiymətlərinin son enişinin ilk silləsi Rusiya rubluna dəyib. Mart ayından sonra ilk dəfə olaraq Moskva birjasında avro 70 rublu keçib. Dolların qiyməti apreldən bəri ilk dəfə olaraq 64 rubla çatıb.

Bəs dünya bazarında neftin qiymətinin enişi Azərbaycan iqtisadiyyatına hansı təsirlərilə yadda qalacaq, manatı növbəti devalvasiya gözləyirmi?

Meydan TV mövcud vəziyyəti iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

İqtisadçı deyir ki, 2015-ci ilin 6 ayında neftin qiymətinin düşməsinin hansı təsirlər edəcəyi barədə ümumi təsəvvür yaranıb: “Son 6 ayda Azərbaycan neftinin qiymətinin az qala 60 dollara yaxın olmasına baxmayaraq, Neft Fonduna daxilolmalar cəmi 3,8 milyard dollar həcmində olub. Halbuki, 2014-cü ilin müvafiq dövründə rəqəm 8 milyarddan yuxarı idi. Artıq Neft Fonduna vəsaitlər 2,1 dəfə azalıb. İlin ilk yarısında olan qiymətdən də aşağı qiyməti nəzərə alsaq və yaxın 6 ayda qiymət 50 dollar civarında qalarsa, Neft Fonduna daha az vəsait daxil olacaq. Ancaq Neft Fondunun 2015-ci ilə təsdiq olunmuş büdcəsində  gəlir və xərclərin hesablanmasında təqribən 12 milyarda yaxın nəzərdə tutulub.  Söhbət büdcə transferləri və büdcədən kənar vəsaitlərin xərclənməsindən gedir. İndidən tam arxayınlıqla demək mümkündür ki, bu il Neft Fondu daxil olan vəsaitdən xeyli artıq vəsait xərcləməyə məcbur olacaq. Təqribən 12 milyard dollar xərcləyəcəksə, neft satışından 7 milyarddan çox qazanacaq, bu isə rezervlərdən 4-4,5 milyard azalma deməkdir”.

Natiq Cəfərlinin sözlərinə görə, məsələnin ikinci tərəfi odur ki, ölkə büdcəsinin parametrləri neftin 90 dollar ilə hesablandığından 2,7 milyard manat neft şirkətlərinin gəlir vergisi şəklində proqnozlaşdırılır: “Bu gəlirlər də 90 dollardan hesablanır. ABƏŞ və SOCAR-ın gəlirlərindən ödənilən vergiləri 90 dollardan hesablanmasını nəzərə alaraq 2,7 milyardın büdcəyə yığılmasında da problem olacaq. Çünki ABƏŞ və SOCAR-ın gəlirləri aşağı düşəcəyi təqdirdə, vergilər də azalacaq, bu baxımdan 1 milyarda yaxın itki olacağını proqnozlaşdırmaq mümkündür. SOCAR və ABƏŞ-in büdcəyə transferlərində xeyli azalma müşahidə olunacaq”.

Natiq Cəfərli neft qiymətlərinin enməsinin milli valyutaya təsirsiz ötüşmədiyinə toxunub: “Rəsmilər də manatın neft qiymətindən asılı olduğunu gizlətmirdi. Təbii ki, neftin qiyməti endikcə, manata basqılar artacaq və nəticə kimi manatın devalvasiyası ilə səcilənəcək. Bütün bunlar həm makroiqtisadi göstəricilərə, həm insanların dolanışığına, həm də gəlirlərinə ciddi təsir göstərir. Artıq indidən hökumət üçün 2016-ci ilin büdcəsinin formalaşdırmasının ciddi problem olduğunu demək olar. Gəlirlər azalırsa, hökumət xərcləri də azaltmağa məcbur olacaq, xərclər azaldıqca, ölkədə iş yerlərinin sayının azalması paralel şəkildə büdcə xərcləmələrinin azalması ilə müşahidə olunacaq. Çox güman ki, ilin sonuna qədər yumşaq şəkildə manatın dəyərdən düşməsi prosesi davam edəcək”.

Ana səhifəXəbərlər“Büdcədə 1 milyarda yaxın itki olacağını proqnozlaşdırmaq mümkündür”