“Buça hadisəsi”: Qərb Rusiyaya sanksiyaları artırır

Foto: Reuters

Zelenski: “Rus hərbçilərinin çəkildiyi ərazilərdə daha çox insan meyiti tapıla bilər”

Qərb Ukraynada mülki insanların ölümünə görə Rusiyaya daha çox sanksiyalar tətbiq etməyi planlaşdırır.
Ukrayna Prezidenti Volodimir Zelenski rus hərbçilərinin geri çəkildiyi ərazilərdə daha çox insan meyitinin tapıla biləcəyini açıqlayıb.

O, mülki əhalinin öldürülməsi ilə bağlı hərtərəfli araşdırmaya çağırıb.

Rusiya tərəf isə bu ittihamlara cavab kimi bildirib ki, Qərb Rusiya əsgərlərini gözdən salmaq istəyir. Bu səbəbdən həmin kütləvi qətlləri törədib.

Rusiya tərəf əsgərlərinin hər hansı hərbi cinayət törətmədiyini bildirib və daha çox Qərb diplomatını ölkəsindən çıxarmaqla hədələyib.

Ötən həftə Ukraynanın cənub və şərqinə qoşun yeridən Rusiya öz qüvvələrini paytaxt Kiyevin şimalındakı şəhərlərdən çıxarıb.

Ukrayna qoşunları Buça da daxil olmaqla, altı həftəyə yaxın müharibə nəticəsində xarabalığa çevrilmiş şəhərləri geri alıb. Bu zaman küçələrdə dinc əhalinin meyitləri aşkarlanıb.

Buçada kütləvi məzarlıq da aşkar edilib. Mülki əhaliyə aid cəsədlərin yaxın məsafədən açılmış atəşlə öldürüldüyü, işgəncə gördüyü məlum olub.

Yayılmış görüntülər beynəlxalq etirazlara səbəb olub.

Qərb Moskvaya qarşı daha çox sanksiyaların tətbiqinə qərar verib.

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinə qarşı müharibə cinayətləri üzrə məhkəmənin keçirilməsinə çağırıb.

Vaşinqton BMT Baş Assambleyasına müraciət edərək bildirib ki, Rusiyanın İnsan Haqları Şurasındakı üzvlüyünü dayandırsın.

Rusiyanın keçmiş prezidenti, Putinin yaxın müttəfiqi, hazırda onun təhlükəsizlik şurasının sədr müavini vəzifəsində çalışan Dmitri Medvedev isə deyib ki, Buçada mülki şəxslərin öldürülməsi ilə bağlı xəbərlər Rusiyanı gözdən salmaq məqsədi daşıyır və “saxta”dır.

Moskva Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aprelin 5-də keçiriləcək iclasına qatılacaqlarını və baş verənlərdə Rusiya silahlı qüvvələrinin iştirak etmədiyini sübut edən “empirik sübutlar” təqdim edəcəyini bildirib.

Aprelin 5-də Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

O, Buçadakı qətllər və Rusiya ordusunun digər hərəkətləri ilə bağlı istintaqı dəstəklədiyini söyləyib.
Bildirib ki, bu barədə tezliklə Təhlükəsizlik Şurasında da danışacaq.
Buçada ən azı 300 mülki şəxsin öldürüldüyü bildirilir.

Zelenski deyib ki, onların sayı daha da artacaq: “Bu, yalnız bir şəhərdir. Rusiya qüvvələrinin ələ keçirə bildiyi çoxsaylı Ukrayna icmalarından biridir. İşğaldan azad edilmiş digər şəhərlərdə daha çox insanın öldüyü barədə məlumat var”.

“Reuters” əməkdaşı yaxın məsafədən vurulan bir neçə cəsədi, müvəqqəti dəfn edilən insanları və Buçadakı kütləvi məzarlığı görüb. Lakin ölənlərin sayını və ya hadisəni törətməkdə kimin məsuliyyət daşıdığını yoxlaya bilməyib.

Rusiya fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyata başladığını açıqlayıb.
Bildirib ki, məqsədi qonşusu olan Ukraynanı demilitarizasiya etməkdir.

Qərb isə Rusiyanın bu hərəkətini işğal adlandırır və qanunsuz olduğu fikrindədir. Buna görə Rusiyaya sanksiyalar tətbiq edib.

Ana səhifəDünya“Buça hadisəsi”: Qərb Rusiyaya sanksiyaları artırır