Bu videolar hakimiyyətin əxlaqının göstəricisidir…

Ayıb olan nədir?

Source:

Ayıb iş görən adam görəsən, utanırmı? Çox mübahisəli məsələdir. Hərə bir cür cavab verə bilər.

Fitri humanist deyəcək ki, vicdansız insan yoxdur, sadəcə mühit bu vicdanı susdurub və ya boğub. Deyəcək: “Elə şərait yaranar ki, vicdan ya oyanar, ya xortlayıb durar və ayıb işi görən adam mütləq utanar, tövbə edər və düzəlməyə çalışar.”

Bu, humanistin mövqeyidir və belələri bizlərdə nadir tapılır.

İnsan övladının çiy süd əmdiyinə dərindən inanan əksəriyyət isə deyər ki: “Ayıb işi görən adamlarda vicdan yerli-dibli olmur, olsaydı, onları bəd əməldən saxlayardı.” Hələ əlavə də edər ki: “Vicdansız adamda şərəf və ləyaqət olmur, üstəlik həya da olmur və onlar o qədər sırtıq olurlar ki, bütün cəmiyyəti zorlayıb insanları döyə-döyə öz əyri işlərini düz, bəd əməllərini nəciblik kimi qəbul elətdirirlər.”

“Ayıb iş” deyəndə bizim bütün dəyərlərdən, o cümlədən Konstitusion hüquqdan və köhnə abır-həyadan qurtulmuş hakimiyyətimizin qul kimi susmaqdan imtina edən vətəndaşlara qarşı müntəzəm təşkil etdiyi yataq səhnələrinin TV-də və İnternetdə yayımını nəzərdə tutmuram. Bu yayımlar hakimiyyətimizin simasının və əxlaqının göstəricisidir. Belə çəkilişləri onlar ortaya qoyanda demək istəyirlər ki, baxın, bizi tənqid edənlər ətdən və sümükdən olan adi insanlardır, biz isə bir kişi ilə bir qadının yataqda sevişməsindən əmələ gəlməmişik, biz səma laboratoriyasında şüşə qabda emal olunub, göydən zənbillə yerə düşmüşük.

Ayıb işləri sadalayaqmı? Məsələn, siz bilən, rüşvət almaq, büdcə pullarını oğurlamaq, avam və aciz vətəndaşları xamlayıb onların cibinə girmək ayıb iş sayılırmı? Sadəlövh insan həmin an deyəcək ki: “Əlbəttə, sayılır! “ Onda da bu sadlövh vətəndaşdan soruşmaq yerinə düşər ki: “Aya, bu əməllər ayıb işdirsə, bəs nə üçün onların sahibləri məhbəsdə deyil, hakimiyyətin yuxarı pilləsində əyləşir? Nə üçün cəmiyyət onları lənətləmir, əksinə, qurban-sadağa gedib təzim edir?”

Cavab bəllidirmi? Ya cəmiyyətin meyarları pozulub, əyriyə düz, düzə əyri deyir, ya da zəmanə dəyişib, əyri düzün, düz əyrinin yerini halalca tutub.

Nə üçün cəmiyyət cəmi bir nəslin həyatı boyunca belə mənəvi tənəzzülə uğradı, ən aşkar cinayətləri ayıb iş deyil, həyatın adi təzahürü kimi qəbul etdi? Axı “milli-azadlıq mübarizəsi” adlanan şəbədə zamanı meydana toplaşmış məxluqatın hisslərini “partokratların rüşvətxorluğu və dəbdəbəli həyatı” hekayətləri ilə coşdururdular.

Budur, “partokrat” qeybə çəkilib, xalqımızın milli məmurlarının tikdiyi və yaşadığı imarətlər, gəzdiyi maşınlar, ölkələr, həyat tərzi əhali tərəfindən tam biganə qarşılanır, sanki hər şey elə belə də olmalıdır.

Xalqımızın yeni, müstəqil əxlaq meyarlarına görə rüşvətxorluq və oğurluq ayıb iş sayılmır. Ölkədə hamı bilir və görür ki, kim hamıdan çox oğurlayır və xalqın malını basıb-yeyir, lakin buna etiraz edənə xor baxırlar, onu azı ədəbsiz, ya da səfeh sayırlar.

Belə olmasaydı, hakimiyyət xalqdan çəkinib sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovdan soruşa bilərdi ki: “Oğlunun Britaniyadakı yüz milyonluq dəbdəbəli həyatını təmin etmək üçün Azərbaycan kəndlisinin neçə milyard pulunu oğurlamısan?”

Ya da hələ də nəqliyyat naziri vəzifəsində oturan Ziya Məmmədovdan soruşardı ki: “Bəs sən oğlunun Britaniyadakı dəbdəbəli həyatını təmin etmək üçün xalqın cibindən neçə milyard oğurlamısan?”

Ayıb iş dəxi ayıb sayılmır. Vətənə xəyanət, büdcə oğurluğu, vətəndaşın şərlənib damlanması, millətin zorlanması ayıb iş deyil, bacarıq və qabiliyyət sayılır. Müstəqil dövlətimizin həyat şüarı “bacarana can qurban”dır.

Yalan danışmaq, tarixi saxtalaşdırmaq, casusdan büt düzəltmək, aşkar məğlubiyyətə qələbə demək ayıb işdirmi? Əgər ayıbdırsa, onda nə üçün bizim son 25 ilin tarixi barədə yazanda, göstərəndə, yalnız qəhrəmanlıq üvertyurası çalınır?

Bu ölkədə yaşayan əhalinin şərəf və ləyaqət məfhumu dəyişib. Onun yalnız zəif işartıları qalıb. Məhz bu işartıların təsiridir ki, tək-tük adamlar ağızlarını açıb milləti düzgünlüyə, halala, qanacağa, mərifətə və şüura dəvət edirlər.

Lakin bu işartılara da dözməyən əksəriyyət və hakimiyyət bu ağızları yumub öz ayıb işlərini tam və mütləq sükut içində görmək istəyirlər.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBu videolar hakimiyyətin əxlaqının göstəricisidir…