”Bu qərar Prezidentin rəqəmsal hökumətə keçidlə bağlı imzaladığı sənədlərə tam ziddir”

Osman Gündüz: ”Son dövrlərdə müşahidə olunur ki, kimlərsə məqsədyönlü olaraq vətəndaşların kütləvi narazılığının yaranmasında maraqlıdırlar”

Source:


Osman Gündüz: ”Son dövrlərdə müşahidə olunur ki, kimlərsə məqsədyönlü olaraq vətəndaşların kütləvi narazılığının yaranmasında maraqlıdırlar”

“Mobil telefonların qeydiyyat rüsumu minimum 4 dəfə, maksimum isə 30 dəfəyədək qaldırılıb. İndiyədək 5 manat olan qeydiyyat rüsumu bundan sonra telefonun modelindən asılı olaraq 20-150 manat olacaq. Kimdir bu qərarın müəllifi? Bununla bağlı Nazirlər Kabinetinə kimlər müraciət edub? Bu, müxtəlif qrupların varlanmaq ehtirasının göstəricisidir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə düşünür. Deyir, bu, insanların müasir texnologiyalara əlçatımlığının məhdudlaşdırılması, innovasiyaların, 4G, 5G, LTE texnologiyaların inkişafının qarşısının alınmasıdır:

“Etdikləri həm də rəqəmsal cəmiyyətə, rəqəmsal hökumətə keçidin qəsdən ləngidilməsinə cəhddir. Ümumiyyətlə, son dövrlərdə müşahidə olunur ki, kimlərsə məqsədyönlü olaraq vətəndaşların kütləvi narazılığının yaranmasında maraqlıdırlar. Heç bir normal məntiqə sığmayan addımlar atılır. İctimai müzakirələr, hesabatlılıq hədsiz azalıb”.

Osman Gündüz
Osman Gündüz

Osman Gündüz düşünür ki, bu qərar həm də Prezidentin son zamanlarda qəbul etdiyi rəqəmsal hökumətə keçid, innovasiyaların təşviq və tətbiq edilməsi, rəqəmsal sahibkarlığın inkişafı ilə bağlı sənədlərə tam ziddir:

“Fikrimcə, PA bu məsələyə ciddi reaksiya verməlidir. Hökumət nəinki bu qərarın qüvvəsini dayandırmalı, hətta bu qərarın təşəbbüsçüləri, lobbiçilik edənlər aşkara çıxarılmalı və müvafiq tədbirlər görülməlidir”.

İqtisadçı Qubad İbadoğlu isə düşünür ki, bu vəziyyət telefonların qiymətinin xeyli bahalaşmasına gətirib çıxaracaq. Üstəlik, mobil telefon bazarından fərdi sahibkarları çıxaracaq:

“Ona görə də telefon mafiyası bayram edir. Görəsən, bu qərarı keçirmək üçün onlar nə qədər “tərləyiblər”? Qeydiyyat rüsumlarının birdən-birə 4 dəfədən 30 dəfəyə qədər artırılması müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdırmaqla yanaşı radiasiya riski yüksək çin mobil cihazların idxalını stimullaşdıracaq”.

Qubad İbadoğlu foto Meydan TV
Qubad İbadoğlu foto Meydan TV

İqtisadçı bildirir ki, ilk növbədə, yeni model və müasir funksiyalara malik olan mobil cihazların bazar qiymətini bahalaşdıracaq:

“İkincisi, bazarda bu növ məhsulları təklif edən şirkətlərə üstün və hökmran mövqe qazandıracaq. Üçüncüsü, bu qərar mobil telefon bazarından fərdi sahibkarları çıxarmağa hesablanıb. Dördüncüsü, radiasiya riski yüksək çin mobil cihazların idxalını stimullaşdıracaq. Nəhayət, köhnə telefonların istismar müddətini uzatmaqla istehlakçıların müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdıracaq”.


Nazirlər Kabineti

iyulun 31-də “Mobil cihazların qeydiyyata alınmasına” görə dövlət rüsumunun artırılmasına qərar verib. “Mobil cihazların qeydiyyata alınmasının 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlara şamil edilməyəcək. Bu qərar yalnız fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazlara tətbiq olunacaq.

Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən ediləcək. Foto, video çəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək.

Ana səhifəXəbərlər”Bu qərar Prezidentin rəqəmsal hökumətə keçidlə bağlı imzaladığı sənədlərə tam ziddir”