Bu, nədir? (2-ci yazı)

Hüququn mövcud olmadığı azad insanların cəmiyyəti xaosdur

Source:


Hüququn mövcud olmadığı azad insanların cəmiyyəti xaosdur

Fərq ondadır ki, kapitalizmdə idarə olunanlar hüquqları olan insanlardır, onların idarə edənləri dəyişmək şansları daha çoxdur, sosializmdə idarə olunanlar isə fərd sayılmayan, hüquqsuz insanlardır, onların digər hüquqları da yoxdur, yəni həmin “əclafları” dəyişmək şansları azdır.

Buna görə də, demokratiya yalnız sağ ideyaların həlledici olduğu dövlətlərdə mümkün olur. Çünki onlar insanlara etibar edirlər. İnsanlara etibar etməyən, fərd olaraq yalnız kommunaları tanıyan dövlətlərdə, hərfi şəkildə yunan dilinə çevirsək, kommuna-kratiya olur. İnsan həlledici olduğundan insana münasibət də hər şeyə təsir edir. Məsələn, demokratik ölkələrdə vətəndaş cəmiyyəti olur, çünki insanların hüquqları var. İnsanların fərd hesab olunmadığı cəmiyyətlərdə isə vətəndaş cəmiyyəti yoxdur. Çünki digər hüquqlar kimi bu hüquq da kommunaya verilib. Məsələn “SSRİ”də kolxozların “vətəndaş cəmiyyəti” sovxozlar idi. Sanki insanlardan hörülmüş robotların cəmiyyətidir…

Bu sadaladığım problemləri məhz dövlətin mövcudluğunda görənlər də var. Əslində isə dövlət səbəb yox, nəticədir. Səbəb, dediyim kimi insana yanaşma fərqidir. Dövlətin bir təsisat kimi əleyhinə çıxanlar anarxist adlanırlar, amma bu tərcümədə, hakimiyyətsizlik kimi səslənir. Dövlətsizlik mümkün olar bilər, amma hakimiyyətsizlik praktik olaraq, mümkün deyil. Çünki, qeyd etdiyim kimi, insanın fitrəti qeyri-bərabərliyi diktə edir. Hər bir halda daha qabiliyyətli adamlar daha az qabiliyyətə və ya daha az ağıla malik olanları idarə edəcək. İnsan ictimai varlıqdır. Xüsusən, texnologiyanın indiki yüksək inkişafında tək yaşamaq mümkün deyil. Cəmiyyət zərurətdir və cəmiyyətdə də hər kəsin “yaxşı adam” olacağına heç kim qarantiya verə blməz. Bu “qeyri-yaxşı” meyllərin və bu meyllərin arzuolunmaz nəticələrinin qarşısını almaq və cəzalandırmaq, islah etmək üçün bir subyektə ehtiyac var. Frederik Bastiat bunu “Hüquq” adlandırırdı. Yəni dövlətin əsas funksiyası hüquq olmalıdır. Hüququn, yoxsa dövlətin daha əvvəl yaranması barədə 2 nəzəriyyə var (biri dövləti, digəri hüququ əzəli hesab edir). Amma bu nəzəriyyələrdə tərəf tutmadan deyə bilərik ki, hüquq zəruridir. Əgər dövlət ləğv olunsa, hüquqa ehtiyac qalacaq. Bu ehtiyacın təmin olunması baxımından dövlətsiz cəmiyyət iki halda mövcud ola bilər:

1) Hüquq mövcud olmayan cəmiyyətlər. Bu zaman hüququ zəruri edən qarşısı alınmalı əməllərin qarşısı alınmayacaq, tənzimlənməli münasibətlər tənzimlənməyəcək. Anarxist Bob Blek qeyd edir ki, Kanzasın bir qraflığında polis 1 həftə işə çıxmayıb, lakin həmin həftə cinayətkarlığın səviyyəsi dəyişməyib, polis olan həftələrdəki kimi olub. Blek bəsit məntiqlə bu halı dövlətə ehtiyacın olmaması kimi izah edir. Bu ona görə yanlış izahatdır ki, polisin görünüb-görünmədiyindən asılı olmayaraq, insanlar bilirlər ki, dövlət var, cinayətə meylli insanlar da bunu nəzərə alırlar.

Dövlətin insanın əməllərinə müdaxilə etməməsi azdır, insaların buna inanması lazımdır. Məsələn, indiki Suriyanı götürək. 3 nəfər kameranı qurub, birinin başını kəsir. Çünki cəzalandırılma qorxusu yoxdur. Yaxud, 2010-cu ilin Qırğızıstanı. Bir qrup insanı inandırdılar ki, özbəkləri zorlayanlar cəzalandırılmayacacaq. Nəticədə bir neçə min özbək qadını zorlandı. Heç kim qarantiya vermir ki, hüququn olmadığı şəraitdə bu vəhşilər özlərini normal aparacaqlar. Onsuz da, polis cinayətkarın əlindən tutub, onu cinayətdən saxlamaq iqtidarında deyil. Düzdür, onun belə vəzifəsi var, amma bu hala o qədər az rast gəlinir ki, bu kadrlar kuryoz videolar kimi internetdə yayılır. Həm də hüquq, yalnız cinayət hüququndan ibarət deyil. (Azərbaycan türkcəsinin imkanları daha kasad olduğundan, burada səhv anlaşılma ola bilər. Nəzərə alın ki, cinayət hüququndakı “hüquq “ sözü ingiliscə “right” deyil, “law”-dur). Mülki və digər münasibətlər də, hüquqla tənzimlənir. Məsələn, bir zavodda iş qrafiki varsa, bu, hüquqdur. Aydın görünür ki, hüququn mövcud olmadığı cəmiyyətlərdə xaosdur.

2) Hüquq mövcud olan cəmiyyətlər-anarxistlər xaosa yox, məhz belə bir cəmiyyətə istinad edirlər, ya da bunu iddia edirlər. Əgər hüquq varsa , deməli, buna riayət olunur (çünki dövlətin olmadığını iddia edirik). Əvvəla, onu deyək ki hüququ hanısa subyekt yaradır. Məsələn, bir qrup insan hesab edir ki, 7 saatlıq iş günü olmalıdır, digər qrup isə 6 saatliq. Yaxud daha sadəsini götürək: zavodda iş qrafiklə görülməlidir. Bu qrafiki cədvəli kimsə tərtib etməlidir. Və bu kimsə legitim olmalıdır ki, qrafikə hər kəs riayət etsin. Qrafik tərtib edən (huquq yaradan) subyekt kommuna, insanların ümumi yığıncağı da olsa, hakimiyyət var, çünki bu subyektin istehsal etdiyi hüquqa tabeçilik var. Yox,əgər anarxistlər hüquqa, hər hansı akta ehtiyac olmadan insanların özlərinin kütləvi olaraq, “Necə lazimdır, elə” davranacağına inanırlarsa, bu, daha böyük əzazillikdir. Təsəvvür edin, hər kəs hesab edir, nahar saat 1-də olmalıdır, yaxud, iş saatı 14 saat (rəqəmin əhəmiyyəti yoxdur) olmalıdır. Yəni hər kəs hər şeyin “ən yaxşısını” düşünür, etiraz, inkar, tənqid, şübhə yoxdur. Belə yerdə isə inkişaf olmur, çünki hər kəs robotdur. Belə cəmiyyət Corc Oruellin “1984”-ündəkindən qat-qat totalitar olar. Anarxistlər hüquq məsələsində “ağlabatanlıq” ideyasına əsaslanmırlar. Bu da cox dayaz düşüncədir. Çünki ağlabatanlıq müasir hüquq sistemlərində də nəzərə alınır, amma qədərində. Çünki çox qeyri-müəyyən ifadədir; “Hansı ağla”, “nə qədər batan” kimi suallara cavab vermir.

Bir sözlə:

1) Dövlətsiz hakimiyyətlər (kommuna tipli) dövlətdən daha artıq tiraniyadır, çünki insanı fərd hesab etmir

2) Hüququn mövcud olmadığı azad insanların cəmiyyəti xaosdur

3) Hər kəsin ağıllı olduğu cəmiyyətlər ən totalitar və inkişafa düşünən cəmiyyətlərdir

Bu 3-cü varianta inanan anarxistlər insanlara etibar baxımından sağçılara, birinci varianta inananlar isə solçulara yaxındırlar. Çünki liberallar da insana etibar etməyin tərəfdarıdırlar… Yəni insanları “özbaşına” buraxmaq lazımdır, özləri bilirlər, necə yaşamaq lazımdır. Bu isə anarxo-kapitalizm yaradır. Çünki daha “əclaflar” digərlərindən çox qazanıb, onları istismar etmək şansını adətən əldən qaçırmırlar. Belə “əclaflıqların” olmadığını iddia etmək bizim 3-cü varianta uyğun gəlir. Bu “əclaflıqlar” olanda isə, təxminən on doqquzuncu əsrin birinci yarısının “Amerikası yaranır, məsələn, Vəhşi Qərb” (WILD WEST”)

İnsanlara bu qədər aşırı etibar 1929-cu ildə ən böyük ziyanlı təsirini göstərdi. ABŞ-ın “Böyük Depressiya “ illəri sübut etdi ki, dövlətə ehtiyac var və bu, yalnız cinayət hüququ, xarici əlaqələr səviyyəsində olmamalıdır. Hər şeyin əsası olan iqtisadiyyata sərhədsiz sərbəstlik verilməsi əvvəl-axır hər şeyə, o cümlədən həmin “əclaflıqlara” da bu sərbəstliyi verəcək. “Xoşbəxtlikdən”, o dövrdə mövcud olan totalitar dövlətlər (SSRİ, daha sonra 3-cü Reyx və digərləri) göstərirdi ki, dövlətin özünün də maksimum sərbəstliyinin qarşısı alınmalıdır. Nəticədə, hazırkı sağ-sol iqtidarın növbələşdiyi müasir Qərb demokratiyası formalaşdı. İnsanı fərd hesab edən individuallıqlarına görə bu dövlətlər əlbəttdəki, kapitalist iqtisadiyyatına əsaslanan liberal quruluşlardır. Lakin sosial demokratların siyasətinin mütəmadi tətbiqi ilə, kapitalizmin əndazəsini aşmamağa çalışırlar. Yəni bu dövlətlərdə sol siyasətə meyl əndazəli kapitalizmi qorumağa xidmət edir.

Gələk bizə.

Bizdə hansı quruluşdur? Bu, feodalizmlə sosializmin qarışığıdır.

Ölkənin feodallıqlara (mülklərə) bölünməsi, insanlara təbəə kimi yanaşılması, feodalizmin hər şeyin dövlətə və dövləti idarə edənlərə məxsus olması sosializmin əlamətidir. Bəzən mülkiyyətin idarədicilərə məxsus olmasını “dövlət kapitalizmi adlandırırlar”. Bu, “suveren demokratiya” ifadəsinin demokratiyadan uzaq olduğu qədər, kapitalizmə uzaq bir ifadədir. Çünki kapitalizm fərdiyyətçiliyə, imkan bərabərliyinə və hər şeydən öncə fərdlərin müqəddəs və toxunulmaz mülkiyyət hüququna əsaslanir. Park salmaq üçün evi sökülən və kompensasiya, demək olar ki, verilmədən mülkiyyətçinin qovulduğu cəmiyyətdə kapitalizm yoxdur. Azərbaycandakı rejim kapitalizmin əlifbasını danır. Biz də imkan bərabərliyini təmin etməliyik ki, bu imkan bərabərliyi qabiliyyətlərin qeyri-bərabərliyinin nəticəsində dövlətin müdaxiləsini zəruri edən vəziyyət yaratsın və biz də sosial demokratlara, yəni sola ehtiyac duyaq, nəticədə, indiki Qərb ölkələrindəki kimi sağ-sol meylli iqtidarların mütəmadi əvəzlənməsi başlansın.

Sola sağın böhranında ehtiyac duyulur. Bizdə hələ sağ formalaşmayıb, qaldı ki, onun böhranı. Nominalist xalq olmağımızdan istifadə edib, yalnış adlandırmaq ilə hədəfdən yayınmaq lazım deyil. Bu, dövlət kapitalizmi deyil. Ümumiyyətlə, kapitalizm insanlara etibarın üzərində qurulub. Ona görə də, kapitalistlər üçün dövlət iqtisadiyyatda subyekt deyil, yalnız zəruri idarəçiliyi, müdaxiləni həyata keçirən legitim gücdür. ”Güc”-ə iqtisadi subyekt olma imkanının verilməsi imkan bərabərliyi prinsipini pozur, bu da kapitalizmin də liberalizmin də allahı hesab olunan prinsipdir. Bir sözlə, bizə indi əziyyət verən, liberal dövlətimizin olmamasıdır. Biz indi liberal Cümhuriyyətimizi bərpa etməliyik ki, təbii inkişafla başqa problemlərə də çataq..

19.03.2014

Kürdəxanı

Ana səhifəMənim FikrimcəBu, nədir? (2-ci yazı)