Bu, nədir? (1-ci yazı)

Bu məsələdə sağ da, sol da eyni davranır…

Source:

Nəyinsə əleyhinə mübarizə aparmaq üçün onu yaşamaq lazımdır. Nəzəri olaraq, əleyhinə çıxmaq olar, amma praktiki fəaliyyət göstərmək və ya belə fəaliyyətin sistemli nəzəriyyəsini yaratmaq üçün bu obyektdən əziyyət çəkmək lazımdır. Çünki bu, daha təbiidir. Əziyyət çəkilən şeyin əleyhinə çıxmaq yaşamaq uğrunda mübarizənin vasitələrindən biridir. Məsələn, Bakıda oturub Şimali Koreya rejimini bəyənməmək olar, amma o rejimi əvəz edən hansısa sistematik, nəzəri biliklərə malik olduğunu iddia etmək ən azı qeyri-səmimilikdir (hələ biz SSRİ-ni yaşamış adamlarıq).

İndi Azərbaycan ictimai fikrində yeri gəldi-gəlmədi kapitalizmin, liberalizmin əleyhinə elə ciddi çıxırlar ki, sanki hazırda ən böyük problemimiz budur. Əslində isə biz məhz nədən əziyyət çəkiriksə, onun əleyhinə çıxsaq, bu, daha təbii, həm də nəzəri qanunauyğunluq baxımından daha effektli olar. Bizim əziyyət çəkdiyimiz hazırkı rejim məgər kapitalizmdirmi? Bu suala cavab vermək üçün heç olmasa, əlifba səviyyəsində kapitalizmin anlayışına baxaq.

Kapitalizm liberalizmin məhsulu kimi ortaya çıxıb. Hazırkı idarəetmədə (demokratik ölkələrdə) sağ və sol meylli hökumətlər əvəzlənir və mütəmadi olaraq, liberalizmin və sosializmin tədbirlərini tətbiq edirlər. Bəs bu demokratik ölkələr kapitalist, yoxsa sosialist dövlətlərdir? Hər şeydən əvvəl onu deyək ki, liberalizm və sosializmin təməl fərqi insana olan etibardadır. Liberallar insanları daha mükəmməl, etibar olunan varlıqlar hesab edirlər. Sosialistlər isə insanı “özbaşına” qaldıqda arzuolunmaz nəticələr törətmə potensialına malik varlıqlar sayırlar. Elə buna görə də, ən mükəmməl liberal dövləti –ABŞ-nı ortodoks xristianlıqdan uzaqlaşmış puritanlar qurublar. Ortodoks xristianlıq insanı Allahın iradəsindən tam asılı, islam isə hətta qul hesab edir. Bu baxımdan, ortodokslar solçulara yaxınlaşırlar . Elə buna görədir ki, ən ifrat ortodoks xristian idarəetməsi (orta əsrlərin papa hakimiyyəti) və ən ifrat sol dövlətlər (SSRİ,Şimali Koreya və s.) Platonun “ideal Dövlət”ini tətbiq edirdilər-ölkəni meritokratlar idarə edirdilər. Ortodokslardan uzaqlaşan qərblilər isə hesab etdilər ki, insanı Allah yaratsa da, onun iradə sərbəstliyi var.

Ən azından, Bibliyada göstərilib ki, Tanrı insanı öz surətində yaratdı. Buna görə də, insana etibar etmək lazımdır. Hər bir fərd bu etibara layiqdir. Buna görə də onların anadangəlmə hüquqları var. Hüququn həyata keçirilməsinin əsas təminatı isə maddi əsasdır, yəni mülkiyyətdir. Fərdin məhz fərd olaraq tanınması üçün onun mülkiyyət hüququ tanınmalıdır. Kapitalizm də məhz bu ilkin təsbitdən yaranıb. Varlığa individium kimi tanınma haqqını qazandıran hüquqların maddi əsası mülkiyyətdir, ona görə də mülkiyyət hüququ müqəddəs elan olunub. Məhz bu da kapitalizmin ədalətsiz nəticələrini doğurur. Bərabər imkanlar şəraitində hər bir fərdin qazandığı maddi sərvət onu daha artıq dərəcədə fərd edir. Bərabər imkanlar şəraitində isə qazanclar bərabər olmur. Çünki insanın fitrəti bərabər əsaslı deyil – biri daha çox qabiliyyətə malikdir, digəri daha az.

Əgər hər hansı mənəvi dəyəri tapdalayıb pul qazanmaq olursa, daha mənəviyyatsız adam daha çox pul qazanacaq və o, mənəvi keyfiyyətləri daha yüksək olan şəxsə nisbətən daha çox dərəcədə individium olacaq. Məhz bu ədalətsizlik şüurlu surətdə solçu olanların əsasıdır.! Bu ədalətsiz nəticə ilə barışmayıb sosializmi seçənlər isə hesab edirlər ki, insan hec də mükəmməl varlıq deyil. İnsan təkamül edir və təkamül sonsuz prosesdir. Bu prosesi tamamlamayan varlığa etibar etmək olmaz. Bu səbəbdəndir ki, sol dövlətlər daha ateist, sağ dövlətlər isə bu sahədə onlardan zəif olurlar. Məsələn, ABŞ-ın pul əskinasında “in God we trust”(biz tanrıya inanırıq) yazılır, SSRİ və Şimali Koreyada isə ateizm rəsmi idealogiya elan olunur. Bəs, fərd olaraq etibar olunmayan insan necə davranmalı?

İlk növbədə onu fərd yox, fərdin bir hissəsi etmək lazımdır. Bəs fərd kim olmalıdır? İnsandan daha ali varlıq olmayan və bu ali varlığa tək-tək etibar edilməyən şəraitdə fərd yalnız bu ali varlıqların cəmi, qrupu ola bilər. Yəni kommuna. Hansısa subyekti fərd saymağın əsası isə maddi məsələdir. Bu məsələdə sağ da, sol da eyni davranır, baxmayaraq ki, iqtisadiyyatın bazis olması ideyasını Marks irəli sürüb: İnsanı fərd olmaqdan məhrum etməyin əsas vasitəsi onu mülkiyyət hüququndan məhrum etməkdir. Eləcə də, hansısa insan qrupunu, yəni kommunanı fərdə çevirməyin əsas yolu, yalnız onun mülkiyyət hüququna malik olmasını qəbul etməkdir.

Nəticədə insanın anadangəlmə malik olduğu hüquqların bir çoxu kommunaya verilir, insanın sonradan qazandığı hüquqları da avtomatik kommuna qazanır, bu hüquqlar heç insana “çatmır”. Çünki hüququn həyata keçirilməsi üçün əsas təminat maddi əsasdır. Mülkiyyət hüququndan məhrum olan subyekt isə avtomatik olaraq, belə təminatdan, nəticədə həm də hüquqlarından məhrum olur. Buna görə də sol dövlətlərdə idarəetmə subyektləri kommunalardır. Yəni hər bir halda subyekt fərddir, sadəcə məsələ nəyin fərd hesab olunmasıdır. Kommuna fərd hesab olunanda idarəetmədə isə insanların ayrıca səsvermə, əleyhinə çıxma,müxalifətdə olma, azlıq kimi maneəsiz mübarizə aparma imkanları olmur. Əgər sən nədənsə narazısansa, sənin mənsub olduğun kommunanın səsi qədər imkanın ola bilər. Hüquqlarından məhrum olunmuş, fərd hesab edilməyən insanlardan təşkil olunmuş cəmiyyətlərdə isə hər kəs 3 aşağı, 5 yuxarı eyni cür düşünür. Necə düşünməyin lazım olduğu da “yuxarı”dan diktə olunur. Bu ‘yuxarını” isə əgər komunnaya keçid dövründən “ədalət” gözlənilibsə, daha qabiliyyətlilər ələ keçir. Nəticə olaraq kommunizmdə də, kapitalizmdə olduğu kimi, daha qabiliyyətlilərin, daha mənəviyyatsızların, daha əclafların hakimiyyəti bərqərar olur.

(ardı var)

19.03.2014

Bakı, Kürdəxanı


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəBu, nədir? (1-ci yazı)