Bu nə hay-küydür?

Aylardır çeynənən devalvasiya saqqızı

Source:

Cəmiyyətimiz üç aydır devalvasiya saqqızını çeynəyir. Aman, qoymayın, manat dollara nisbətən ucuzlaşdı! Bir dəfə! Vaxsey! İkinci dəfə! Şaxsey! Üçüncü dəfə də, deyəsən, özü də 150 faiz labüdlüklə, məzənnə düşəcək! Ha, onda nə olacaq? Canına azar olacaq!

Hamı devalvasiyadan yazır. Vurur, bölür, sübut edir, fərziyyələr söyləyir. İqtisadçılar günün qəhrəmanıdır. Statistika Komitəsinin gop rəqəmləri araşdırılır, təhlil edilir. Təkzib və ya təsdiq edilir, onlara sübut və ya yalan kimi şərh verilir. Gündəmdən düşmüş siyasilər girəvədən istifadə edib ətraflarındakı iqtisadçılardan beş-altı islahat tədbiri barədə məsləhət alıb “böhrandan qurtuluş” naminə proqramlar sərgiləyirlər.

AXCP sədri Əli bəy Kərimli isə hətta prezident İlham Əliyevi debata çağırır. İlham Əliyev isə, görünür, Əli Kərimlinin debat bacarığından çəkinib, meydandan yayınır.

Devalvasiya yabısını minib, onu mahmızlamaq istəyənlər unudurlar ki, yuxarıda proqram qıtlığı yoxdur. Əsla! Hakimiyyətdə heç kəs oturub səbirsizliklə “Allahın altında müxalifət bizə bir dənə böhrandan çıxış proqramı verəydi” demir. Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundov indi proqramşünaslıqla məşğul olan bəyləri parta arxasına əyləşdirib onlara bir ay hər gün iqtisadi proqramlar barədə mühazirə söyləyə bilən mütəxəssisdir.

Yuxarıda proqram qıtlığı yoxdur. Orada mövcud üsul-idarəni dəyişmək üçün tələb olunan siyasi iradə yoxdur.

Buna baxmayaraq, hamı məşğuldur. Devalvasiya mövzusu maraqlı mövzudur. Hamının cibinə aiddir. Görürsünüz, mən də yazıram. Fəqət bir qədər fərqli. Devalvasiya mənim vecimə deyil. Məncə, ölmək ölməkdir, xırıldamaq nə deməkdir? Hamı bu xırıltının incəliklərini arayır. Mən isə ölümü xırıltıdan daha əhəmiyyətli mövzu sayıram.

Müftə neft gəlirlərinin şir payını mənimsəyən hakimiyyət süfrədəki qırıntıları əli ilə süpürüb masa ətrafındakı rəiyyətə atırdı. Rəiyyət də bu azadlığın qırıntıya barterindən məsud olub dəxi “mən də vətəndaşam və hüquqlarım var” demirdi . İndi bu müftə gəlir azalıb. Nə qədər? Yəni rəiyyətin qırıntısına çatmaz? Yəni qırıntısız qalmış rəiyyət xatırlayar ki, vətəndaşdır və bu Vətən onundur? Ayağa qalxar?

Xeyr, müftə neft pulları o qədər azalmayıb ki, qırıntıya çatmasın. Azərbaycan büdcəsinə daxil olan neft pulları sakitcə büdcədən maaş alanlara da, təqaüdlərə də çatar. Yəni söhbət acların üsyan təhlükəsindən getmir.

Söhbət toxların üsyan təhlükəsindən gedir. Yəni əvvəlki gen-bol talamaq imkanları xeyli məhdudlaşıb. Hər bir on beş-iyirmi ildir talayan isə əmindir ki, bu hakimiyyət ona talamaq imkanı verdiyinə görə mövcuddur. Əgər bu hakimiyyət ona yazılmamış qanunda göstərilib-razılaşdırılmış miqdarda talamaq imkanı vermirsə, nəyə lazımdır? Təkrar edirəm, bu hakimiyyət nəyə lazımdır? Onu dəyişmək lazımdır! Eləsinə ki, əvvəlki qədər talamağa imkan versin… Bax, budur təhlükə.MTN kələfinin ucu da gedib çıxır bu toxların üsyan təhlükəsinə. Hələ açılmamış neçə kələf də tapılacaq.

28 ildir ictimai-siyasi hadisələri öyrənirəm, bircə dəfə 1989-cu ildə xalqın aşağılarının müstəqil şəkildə nə isə etmək istədiyini görmüşəm, onda da mafiozlar elə oyun qurdular ki, kələf açılıb uca çatanda həmin bu aşağılar hakimiyyəti xahiş-minnətlə yuxarılara verdilər. Ondan savayı heç bir ac üsyanını görməmişəm. Nə görmüşəmsə, toxların oyununu görmüşəm. İndi də bu devalvasiya oyunundan toxların oyununun üfunət iyi gəlir. İstər beynəlxalq səhnədə, istər bizim kənd klubunun səhnəsində.

1960-larda oxuduğum fakultədə rus sektoru da var idi. Bizim rusdilli azəri xanımlarımız “h” ilə “x” hərflərini də, sözləri də bəzən qarışdırardılar. Bir dəfə belə bir xanım sinfə girib görür ki, möhkəm hay-küydür, soruşur ki, “Rebyata, çto za xay-xuy?” Elə mən də indi bu canfəşanlığı müşahidə edərkən soruşmaq istəyirəm ki, “uşaqlar, bu nə hay-küydür?”

Böhran cahanşümul səciyyə daşıyır. Böhran sələm pul, naşı idarəçilik, pozğun əxlaq və öldürülən təbiət böhranıdır. Qurunu da, suyu da, göyü də əhatə edib. Müsəlman da, məsihi də, bütpərəst də böhran içindədir. Ya insanların sayı Yer kürəsinin təhəmmül edəcəyi həddi aşıb, ya da bəşəriyyət silkələnib yeni dəyərlərdən yapışmalıdır.

Hansı dəyərlərdən? Bilmirəm. Yalnız onu bilirəm ki, bu dəyərlər “bacarana can qurban” olmayacaq. Həmin yeni dəyərlər sistemində yada düşəcək ki, bəni-Adəm insandır və insanlar üçün Kitablar göndərilib. Bu Kitablarda isə “bacarana can qurban” yoxdur.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəBu nə hay-küydür?