Bu, kimin bayramıdır…

Öldürülən, təhqir olunan, işgəncə verilən…

Source:

1908-ci ilə dayanan 8 mart tarixi, Nyu-Yorkda sosial-demokrat qadın təşkilatının təşkilatçılığı ilə qadınların da kişilərlə bərabərhüquqlu olaraq seçkilərə qatılması, əmək hüququnun tanınması şüarları keçirilmiş yürüşlə əlaqdərdır. Bir neçə il ərzində Avstriya, İsveçrə, Almaniya və Hollandiyaya yayılan bu dalğa 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabından sonra Sovetlər Birliyində də ( Sovetlər Birliyinin üzvü olan Azərbaycanda da ) populyarlaşmış, 1921-ci ildə keçirilmiş 2-ci Kommunist Qadınları Konfransında qəbul olunmuş qərardan sonra 8 mart Sovetlərdə də rəsmi bayram olmuşdur.

“Beynəlxalq qadın hüquqları uğrunda mübarizə günü” kimi qeyd olunan bu bayram ölkəmizdə də məşhurdur. 25-30 il öncə “qəhrəman Sovet qadını”, “əməkçi Sovet qadını” sayılan Azərbaycan qadınları da bəzən şişirtmə, bəzən pafoslu sözlərlə ifadə olunmaqla ( Sovetlərin hər şeyi pafosa bağlaması fonunda, bu, təbii idi ) göstərdiyi hünərlərə, cəmiyyətə verdiyi faydalarına görə təbriklər alırdı.

Şəxsən mənim bu tarixə yanaşmam bir qədər fərqlidir. Bugün sevgililər arasında oyuncaq ayı ilə, kafeyə getməklə qeyd olunan gün deyil. Bu gün ailə daxilində öz həyat yoldaşından “hədiyyə tələb edən” qadınların da günü deyil. Haqsızlığa susan, həyat yoldaşının bütün təhqir və təzyiqlərinə dözən, öz ömründən kəsib hansısa məmura “bağışlayan” qadınların da bayramı deyil.

8 mart İran hakimiyyəti tərəfindən öldürülən, 2009-cu ildə İranda prezident seçkiləri zamanı baş vermiş etirazlara qatılmış, saxtalaşdırılmış seçki nəticələrinə etiraz edərkən ( rəsmən 21, qeyri rəsmi mənbələrin isə 100-dən çox ölənlərin olduğu bildirilmişdi ) həlak olmuş Neda Ağa-Soltaninin bayramıdır. Bu gün təcavüzə məruz qalıb, ədalətsiz və insafsız İran məhkəməsi tərəfindən təcavüz edəni yox, təcavüzə məruz qalanı təqsirli bilib, bu səbəbdən edam etdirilən Pərvanə Cabbarinin bayramıdır. Bu gün ədalətli cəmiyyət, hüququ cəmiyyətdə vətəndaşların yaşadığı, sivil inkişaf yoluna qədəm qoymuş, insan hüquq və azadlıqlarının icra olunduğu, qadınların da bərabərhüquqlu olduğu Əfqanıstan uğrunda mübarizə aparan hüquq müdafiəçisi Nəcibə Əyyubinin bayramıdır. 8 mart düzgün aparılmamış (əslində heç aparılmamış ) istintaq və əfqan məhkəməsinin ədalətsiz hökmü nəticəsində edam edilmiş Ferhunde Muhammadin günüdür. Bu gün atasının bəraət verib, etdiyi cinayətlə övündüyü oğlu Murad Adais adlı yeniyetmə ərəbin, sırf yahudi olduğu üçün öz övladlarının gözü qarşısında öldürülən 6 övlad anası olan Dafna Meirin anılmalı olduğu gündür. Bu gün Çin hakimiyyəti tərəfindən həyat yoldaşı ilə birgə həbs olunmuş, övladının isə xüsusi nəzarət altında saxlanıldığl hüquq müdafiəçisi Van Yuyun təbrik olunmalı olduğu gündür.

Azərbaycanda da yuxarıda dediyim kimi qadınlar var. Xədicə İsmayıl… Gözəl araşdırmaçı, jurnalist, həqiqi vətəndaş və haqqı müdafiə etdiyi üçün həbs edilən Xədicə. Bu gün məhz onun bayramıdır. 8 mart Azərbaycanın demokratik və hüquqi dövlət olması, vətəndaşların bərabərhüquqlu olması, onların hüquqlarının müdafiəsi üçün bütün çətinliklərə rəğmən mübarizə aparan Arzu xanımın, Mətanət xanımın, Lətafət xanımın bayramıdır.

Bu gün özünün, ətrafının, yaşadığı cəmiyyətin hər bir fərdinin hüquqları uğrunda savaşan, haqqımı tələb edən, cəmiyyətinə, dövlətinə və bütün dünyaya töhfə verməyə çalışan qadınların bayramıdır. Bayramınız mübarək, mübariz Azərbaycan və dünya qadınları !


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəBu, kimin bayramıdır…