Bu il buğda idxalı azalıb

Ümumi məhsuldarlığın aşağı düşəcəyi gözlənilir

Source: Foto: arxiv


İqtisadçı: “Narahatlıq üçün ciddi əsasdır”


Buğda

idxalı 60 faiz azalıb.

Dövlət Gömrük Komitəsi

nin (DGK) 2020-ci ilin ilk 3 ayı ərzində idxal olunan mallarla bağlı açıqladığı hesabatdan belə məlum olur.

Məlumatda bildirilir ki, bu ilin ilk 3 ayında ölkəyə 166 min ton buğda idxal edilib.

İqtisadçı Nemət Əliyev deyir ki, bu, ciddi siqnaldır. Çünki ötən ilin ilk 3 ayında ölkəyə 406 min ton buğda idxal edilib:

“Bu isə bu ilin ilk 3 ayında idxal etdiyimiz 166 min ton buğdadan 240 min ton azdır. Bu, kiçik rəqəm deyil. Narahatlıq üçün ciddi əsasdır”.

İqtisadçı deyir ki, Azərbaycan buğdaya olan tələbatının cəmi 58 faizini yerli istehsal hesabına ödəyə bilir. Tələbatın qalan 42 faizi idxaldan asılıdır:

“Ən azından 2019-cu ildə açıqlanan hesabatlardan belə məlum olurdu. Bu illə bağlı hələlik, məlumat yoxdur. Odur ki, bu 42 faizlik hissənin 60 faiz azalması bu gün bir o qədər hiss olunmasa da, sabah mütləq özünü göstərəcək”.

Nemət Əliyev deyir ki, buğda idxalının kəskin düşməsi həm yanvar, həm fevral, həm də mart aylarında müşahidə olunub. Taxıl biçininə isə hələ ayyarım vaxt var:

“Növbəti ay yarımda vəziyyət dəyişməsə, idxal hesabına yaradılan ehtiyatlar daha 120 min ton azalacaq. 240∶3∙1,5=120 şəklində olacaq”.

Nemət Əliyev əlavə edir ki, belə vəziyyətdə yerli istehsaldan gözləntilər də ürəkaçan deyil. Ona görə ki, hələ yalnız Kür çayının səviyyəsinin aşağı düşməsi səbəbindən Kürdəmir, Ucar, Zərdab, Hacıqabul, Göyçay, Ağsu və bir sıra digər Kürboyu rayonlarda suvarma sahəsində bu gün də yaşanmaqda olan ciddi problemlər var.

A82F8B1A-9175-445B-A239-525CCA3BB1D9_w1200_r1.jpg
Nemət Əliyev

İqtisadçı düşünür ki, bu problemlər bu il taxıl istehsalının azalacağını real ssenariyə çevirib. Ümumi məhsuldarlığın aşağı düşəcəyi gözlənilir:

“Odur ki, koronavirus pandemiyasının yaratdığı qeyri-müəyyənliyə və ölkənin valyuta gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, idxal resursları hesabına əlavə ehtiyatlar yaradılmalı, boşluqlar tam şəkildə doldurulmalıdır. Bu məsələdə hər hansı riskə cəhd etmək qəti yolverliməzdir”.

Son bir ayda bazarda unun qiymətinin artması da müşahidə olunur. Yanvar-fevral aylarında 28,5 manata olan 50 kiloluq un hazırda 28,5-32 manat civarındadır.

Daha öncə Meydan TV-yə bazarlarda unun bahalaşması və qıtlığı ilə bağlı danışan iqtisadçı Qubad İbadoğlu bildirmişdi ki, Qida Təhlükəsizliyi Agentliyi xalqa hesabat verməlidir. Nə qədər taxıl və un ehtiyatı qaldığını, tələbatın indiki səviyyəsi ilə onun nə vaxta qədər bəs edəcəyini açıqlamalıdır.

Ana səhifəİqtisadiyyatBu il buğda idxalı azalıb