”Bu hakimiyyət 15 ildir milli iqtisadiyyat qura bilmir”

Qubad İbadoğlu: ”Elman Rüstəmovun narahatlığı başadüşüləndir”

Source:
Qubad İbadoğlu
Qubad İbadoğlu


Qubad İbadoğlu: ”Elman Rüstəmovun narahatlığı başadüşüləndir”

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkənin maliyyə durumundan danışıb. O, uçot dərəcəsinin 10 faiz səviyyəsində saxlanmasını qərara aldığını söyləyib.

“Faiz dəhlizinin yuxarı və aşağı həddi simmetrik diapozonda +/-2 faiz səviyyəsində (yuxarı həddi 12, aşağı həddi 8 faiz) saxlanılıb. Bundan öncə bu il ərzində AMB uçot dərəcəsini üç dəfə aşağı salıb: 2018-ci il fevralın 12-də 15 faizdən 13 faizə, aprelin 9-da 13 faizdən 11 faizə, iyunun 14-də 11 faizdən 10 faizə”.

Elman Rüstəmovun sözlərinə görə, növbəti, beşinci dəfə uçot dərəcəsinə oktyabrda baxılacaq:

“Uçot dərəcəsinin saxlanmasına dair qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzərə alınıb”.

Elman Rüstəmov diqqəti inflyasiyanın azalma trendinin saxlanmasına da yönəldib:

“2018-ci ilin 6 ayında orta illik infilyasiya 3 faiz təşkil etməklə elan olunmuş hədəf dəhlizindən 6-8 faiz aşağı səviyyədə qərarlaşıb”.

Elman Rüstəmov inflyasiyanın aşağı düşməsini manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal şəkildə idarə olunması, inflyasiya gözləntilərinin azalması və mövsümü faktorla izah edib. Onun sözlərinə görə, bütün bunlar dünya əmtəə qiymətlərinin, o cümlədən dünya ərzaq qiymətlərinin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin daxili inflyasiyaya artırıcı təsirini müəyyən dərəcədə neytrallaşdırır.

“Manat- dollar avantürası iqtisadiyyatı inkişafdan saxlayır”, – iqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, Elman Rüstəmovun narahatlığı başadüşüləndir:

“Biz dəfələrlə demişik, indi də təkrar edirəm ki, Azərbaycan Okeaniyada yalqız bir ada deyil ki, dünyada, xüsusilə də yaxın qonşularda baş verənlər ona təsir göstərməsin. Bu hakimiyyət 15 ildir ki, milli iqtisadiyyat qura bilmir. Bəlkə də onu heç istəmir. Çünki son 1 ildə baş verənlər idxala nəzarət edən məmur-oliqarxların maraqlarına xidmət edir. Baxın, bu ilin 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlər 14,1 faiz, kredit qoyuluşları 19,3 faiz azalıb. Bu, o deməkdir ki, iqtisadiyyat daxildən qidalanmır. Bununla yanaşı son 2 ayda (may və iyunda) ixracın aşağı düşməsi fonunda 2018-ci ilin yanvar-iyun ayları üzrə idxal əməliyyatları ötən ilin müvafiq dövrünə nisbətən 37 faiz artıb. Bu isə o deməkdir ki, daxildə qazanılan əlavə dəyər, kapital ölkədə qalmır, “xaricə qaçır”. Son 6 ayda ixracatda xam neft, neft məhsullar və qazın birlikdə payı 90 faizə çatıb. Bütün bunlar da Azərbaycan iqtisadiyyatının xarici şoklara həssaslığını artırır”.

Q.İbadoğlu deyir ki, xarici ticarət tərəfdaşlarının, xüsusilə də Türkiyə, Rusiya və İranın valyutalarının ABŞ dollarına nisbətdə dəyərini sürətlə itirməsi manata təzyiqləri artırıb, idxalı stimullaşdırıb, qeyri-neft məhsullarının ixrac rəqabət qabiliyyətini aşağı salıb:

“Fikrimcə, bir ölkənin iqtisadiyyatını inkişafdan saxlamaq üçün bundan artığına gərək yoxdur. Arxasında heç bir iqtisadi məntiq olmadan ABŞ dollarına nisbətdə inzibati vasitələrlə sabit saxlanılması kökündən yanlış siyasəti 1 il 5 aydır ki, davam etdirirlər. Odur ki, mən Elman Rüstəmovun məntiqini başa düşsəm də, onun daşıdığı məsuliyyəti heç vaxt üzərimə götürməzdim.

Yeri gəlmişkən, Fitch Beynəlxalq Agentliyi Azərbaycanın uzunmüddətli emitent defoltu reytinqini xarici valyutada “BB+”, başqa sözlə, möhtəkir xüsusiyyətləri olan riskli öhdəliklər səviyyəsində təsdiqləyib. Bu da o deməkdir ki, bundan sonra qazanılanlar yüksək faizlərə ödəniləcək”.

Ana səhifəXəbərlər”Bu hakimiyyət 15 ildir milli iqtisadiyyat qura bilmir”