Elxan Şahinoğlu: ”Say nisbətən dəyişə bilər, amma partiyaların sıralamasında dəyişiklik gözləmirəm”
Sentyabrın 18-də Rusiyada vahid seçkilər günüdür.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ölkə vətəndaşları Rusiya parlamentinin aşağı palatasının – Dövlət Dumasının deputatlarını, o cümlədən Federasiya subyektlərinin başçılarını və Rusiyanın 38 subyektində dövlət hakimiyyətininin qanunvericilik orqanına deputatları seçirlər.
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası bildirib ki, seçki günü seçici siyahılarında qeydə alınmış 111,6 milyon rusiyalının səs verəcəyi gözlənilir. Onların təxminən 1,87 milyonu xarici ölkələrdədir. Səsvermə prosesi Rusiya ərazisində açılmış 95 mindən çox məntəqədə keçirilir. Rusiyanın 145 ölkədəki diplomatik nümayəndəliklərində 371 məntəqə yaradılıb.
Rusiya MSK sədri Ella Pamfilova seçki məntəqələrində bütün təhlükəsizlik tədbirləri görüldüyünü və məntəqələrin texniki avadanlıqla təmin edildiyini deyib. Onun sözlərinə görə, 15 regionda və 13 şəhərdə yaradılan məntəqələrdə videomüşahidə kameraları quraşdırılıb.
MSK sədrinin müavini Nikolay Baluyev bildirib ki, saat 11:00-a olan məlumata görə, Rusiya ərazisində seçici fəallığı 10 faizi keçib: “Uzaq Şərqdə artıq seçki prosesi bitmək üzrədir. Ümumu ölkə üzrə seçici fəallığı 10 faizi ötüb. Moskva vaxtı ilə saat 11:00-da artıq Kamçatka və Çukotka muxtar vilayətində seçki seçki məntəqələri artıq bağlanıb və səslərin sayılmasına başlanılıb.
Rusiyada parlament seçkiləri qarışıq sistem üzrə keçirilir. Deputatların yarısı – 225 nəfər proparsional qaydada, yəni partiya siyahısı, digər yarısı isə majoritar qaydada-birmandatlı dairələr üzrə seçiləcək.
Rusiyadakı seçkiləri “facebook” səhifəsində şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Dövlət Dumasının yeni tərkibi köhnəsindən ciddi fərqlənməyəcək: “Say nisbətən dəyişə bilər, amma partiyaların sıralamasında dəyişiklik gözləmirəm. Əsas sual başqadır: Sağ və liberal yönümlü partiyalardan hansı Dövlət Dumasında təmsil olunacaq? Keçmiş baş nazir Kasyanov və illərin liberalı Yavlinskinin parlamentə düşmək şansı yüksək deyil. Liberal demokratlardan “Partiya Rosta” cox canfəşanlıq nümayiş etdirdi. Partiyanın lideri Boris Titov iddialıdır. Boris Titov məşhur iş adamıdır, Rusiya prezidentinin yanında müxtəlif şuralarda təmsil olunub, ölkənin biznes-ombudsmanı vəzifəsində çalışıb. Görünən odur ki, prezident Vladimir Putin sağ liberallardan Kasyanov və Yavlinskidənsə Dumada Dumada Titovun varlığına üstünlük verərdi. Çünki Putin sağ və liberal partiyaların liderlərini Amerikanın Rusiyadakı 5-ci kolonu hesab edir, Titovu isə bu siyahıda görmür. Maraqlıdır ki, Putin özü idarəetmədə avtoritarizmə meylli olsa da, ətrafında hər zaman sağ liberalları saxlayıb. Putin belələrinin iqtisadi biliklərinə arxalanıb. Nümunə olaraq keçmiş maliyyə naziri Kudrini göstərmək olar ki, Putin onu indiyə qədər yanında saxlayır. Halbuki, Kudrin baş nazir Dmitri Medvedyevin əsas opponentidir. Demək, Putin bütün yumurtaları eyni zənbilə toplamır”.