AİHM 3 qərardadını elan edib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 11-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 3 qərardadını elan edib.
“Əsgərova Azərbaycana qarşı” – işi mülkiyyət hüququnun pozuntusu iddiaları ilə bağlı olub.
Ərizəçiyə məxsus əmlak Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən özgəninkiləşdirilib.
Ərizəçi iddia edib ki, əmlakının özgəninkiləşdirilməsinə görə, ona 20 faizlik kompensasiya və digər təzminatlar ödənilməyib.
Şikayətçinin yerli məhkəmələr qarşısında qaldırdığı iddialar təmin edilməyib.
O, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq mülkiyyət hüquqlarına qanunsuz müdaxilə edildiyindən AİHM-ə şikayət edib.
Bu işdə tərəflər dostca anlaşıblar.
Anlaşmaya əsasən, hökumət Fatma Əsgərovaya maddi ziyana görə 6290, mənəvi zərərə görəsə 3000, xərc və məsrəflər üçün 500 avro ödəməlidir.
“Quliyev və başqaları Azərbaycana qarşı” – işində 5 ərizə birləşdirilib.
Ərizəçilərin hamısı Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən onların məhkəməyəqədər həbsdə saxlanmaları üçün əsasların olmamasından şikayət edib.
Məhkəmənin qərardadına görə, hökumət ərizəçilərdən C.Quliyev, İ.Rəhimov və E.İsmayıllının hər birinə mənəvi zərər əvəzi 1750, xərc və məsrəflərə görə 1750, R.İsmayılova mənəvi zərər əvəzi 4000, xərc və məsrəflərə görə 2800, P.Aslanova isə mənəvi zərər əvəzi 1800, xərc və məsrəflərə görə isə 1700 avro təzminat ödəməlidir.
“Hacıyev və Zeynalov Azərbaycana qarşı” – işində də ərizəçilər azadlıq və toxunulmazlıq hüququnun pozuntusunu mübahisələndirib.
Hər iki ərizəçi Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq məhkəməyəqədər həbsdə saxlanmalarının əsassız olduğunu iddia edib.
Qərardada görə, hökumət ərizəçilərdən Yaşar Hacıyevə mənəvi zərər əvəzi 3900, xərc və məsrəflərə görə 500, Firudin Zeynalova isə mənəvi zərər əvəzi 4200, xərc və məsrəflərə görə 500 avro ödəməlidir.