Apelyasiya məhkəməsi MTN-çilərlə bağlı qərarı qüvvədə saxlayıb
Həbsdə olan keçmiş MTN vəzifəlilərindən daha dörd nəfərin – nazirliyin İstintaq Baş İdarəsinin rəisi olmuş, general mayor Mövlam Şıxəliyev, onun tabeliyindəki İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, II şöbənin rəisi Vüsal Ələkbərov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun haqqında çıxarılmış 8 ildən 12 ilədək olan həbs hökmləri qüvvəyə minib. Bakı Apelyasiya Məhkəməsi aprelin 4-də onların işi üzrə yekun qərarını elan edərək, çıxarılmış hökmün dəyişdirilmədən qüvvədə saxlandığını, apelyasiya şikayətlərinin təmin olunmadığını açıqlaylb.
Bundan həm sabiq MTN-çilər, həm də zərərçəkmişlər narazı qalıblar. Çünki Şıxəliyev və işçiləri bəraət, eləcə də müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını istəyirdilər. Zərərçəkmişlər isə əksinə, onlara verilmiş cəzaların daha da ağırlaşdırılmasını, birinci instansiyanın – Bakı Hərbi Məhkəməsinin onların ailə üzvlərinə qaytardığı əmlakların da müsadirə olunmasını tələb edirdilər.
Bakı Apelyasiya Məhkəməsində qərar elan olunmamışdan öncə keçirilən sonuncu iclasda zərərçəkənlər çıxışlarında bildiriblər ki, onlar sabiq MTN-çilərin ağır cəza almasında israrlıdılar.
Zərərçəkənlərdən Zaur Əliyev deyir ki, baxmayaraq özü də 25 il prokurorluq sistemində çalışıb, MTN-də vətəndaşlara qarşı törədilən cinayətlərdə (insanların pula saxta ittihamlarla şərlənib həbs olunması, ailə üzvlərindən külli miqdarda vəsait alınandan sonra azadlığa buraxılması) prokurorluğun birbaşa rolu olduğunu düşünür. O, konkret olaraq, həmin dövrdə Baş prokuror olmuş Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovu ittiham edib:
“10 il ərzində qeyd olunan mütəşəkkil cinayətkar quldur dəstə Azərbaycan vətəndaşlarına qarşı cinayət törədib. Məqsəd də pul qazanmaq, varlanmaq olub. Bundan ötrü Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından zindan kimi istifadə olunub. Vətəndaşları girov götürüb, zindanda saxlayıblar. Ailə üzvlərinə hədə-qorxu gəlib, pul alıblar. Mövlam Şıxəliyev bu cinayəti təkbaşına törədə bilməzdi. O, ifadələrində deyir ki, kargüzar olub. Lakin fikirini başa çatdırıb demir ki, vətəndaşları gətirib ora çıxaran, işin bünövrəsini qoyan özü olsa da, Baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubovla bu cinayətlərin gerçəkləşməsində əlbir olublar. Bütün zərərçəkənlər demək olar ki, eyni ssenari üzrə həbs olunub – yaxınları ilə danışıqlar başlayıb, razılıq əldə edilib, pul alınandan sonra xəstə adıyla azadlığa buraxılıblar. Mənim özümü də qanunsuz həbs edib, zindanda saxlayıblar. Ailəmdəm 100 min dollar alandan sonra ekspertdən guya mənim ürək xəstəliyimin olması haqda rəy alıb, buraxdılar. Şükür ki, mənim ürək xəstəliyim yoxdur. Bunlar Zakir Qaralovun, Rüstəm Usubovun əli ilə cinayətlərinə qanuni don geyindiriblər…”.
Zərərçəkmiş Zaur Əliyev Xaçmaz rayonunda yerləşən, “Çobanbulaq” istirahət mərkəzinin müsadirə olunmasını istəyib. Bu istirahət mərkəzinin 50 faizinin sahibi Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevadır.
“Mənim ailəmdəm pulu alandan sonra Mövlam Şıxəliyev sanatoriyaya istirahətə gedib…”, – zərərçəkmiş belə deyib.
Digər zərərçəkən Akif Qurbanovun vəkili müvəkkilindən 3 milyon dollar tələb olunduğunu, onun 4 ay ölkədən didərgin düşdüyünü, son nəticədə 2 milyon verməyə razılaşdığını çıxışında vurğulayıb: “Pulu Vüsal Ələkbərova verəndən sonra barəsindəki “stop” qərarı ləğv olunub və o, ölkəyə gəlib”.
Vəkil vurulmuş ziyanın ödənilməsini, Akif Qurbanovun apelyasiya şikayətinin təmin olunmasını xahiş edib.
Deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs təqsirləndirilən sabiq MTN-çilərin hər birinə yuxarı həddə cəza təyin olunmasını istəyir.
Vəkilin bu tələbi təqsirləndirilən şəxslərdən Yasin Məmmədovun etirazına səbəb olub: “Sən bizi tanıyırsan ki, barəmizdə ağır cəza çıxarılmasını istəyirsən?”
Sahib Ələkbərov da buna etiraz edib: “Adamın mənə, mənim də ona heç bir aidiyyatım yoxdur. Mənim cəzamın niyə ağırlaşmasını istəyir?”
Zərərçəkmiş Nizami Kazımov çıxışında iddia edib ki, Vüsal Ələkbərov ondan azad edilməsi üçün 3 milyon dollar tələb edib, sonradan 2 milyona razılaşıblar. Əvvəl 1 milyonu alıb ev dustaqlığına buraxıblar. Qalan 1 milyona da cinayət işinə xitam veriblər: “Mənə vurulan ziyanın ödənilməsini istəyirəm”.
Zərərçəkmişlərdən bir neçəsinin hüquqlarını müdafiə edən vəkil Osman Kazımov vurğulayıb ki, MTN əməkdaşları təkbaşına vətəndaşlara qarşı bu cinayətləri törədə bilməzdi. Çünki bu cinayətlərin həyata keçirilməsində prokurorluğun, məhkəmələrin, ekspertlərin də rolu olub.
“Əvvəlcə iş əməliyyatçıların üzərinə düşüb. Onlar gələcək qurbanları tutub gətiriblər. Adətən bu proses 6-cı gün olub. Bu da təsadüfi deyil. Çünki şənbə günü qısa iş günüdür. Tutulan şəxs həmin gün vəkillə müqavilə bağlaya bilmir. Sonra da bazar günü də həbsdə qalır. Danışıq aparıb sıxırlar, pul məsələsini həll edirlər. Alınmadısa, işi istintaqa götürürlər. Yenə də söhbətlər aparılır, pul tələb olunur. İttihama görə, qrupun başında Mövlam Şıxəliyev dayanıb. Pul ala bilmədiklərini Səbayel rayon Məhkəməsinə ötürüb, barəsində həbs qərarı alıblar. Bundan sonra da pul tələbi davam edib. Üstəlik, adamları ailə üzvləri də həbs eləməklə hədələyiblər. Özlərinə də deyilib ki, pul məsələsi həll olunmasa, işi məhkəməyə göndərib, ağır cəza təyin etdirəcəklər, cəzaçəkmə yerində də ağır şərtlərdə saxlanılacaqlar. İstintaq, məhkəmə, məhkəmə tibb ekspertizası, cəzaçəkmə orqanı, digər məhkəmə bir-biri ilə əlaqəli şəkildə işləyiblər. Əlbir olublar. Zaur Əliyev burada çıxış edib dedi ki, onda heç vaxt ürək xəstəliyi olmayıb. Amma onu həbsdən ekspertin verdiyi saxta rəy əsasında ürək xəstəsi kimi azad ediblər. Sərdar İsmayılov, Əfsəl Həsənəliyev də pulları alınandan sonra saxta ekspert rəyləri ilə azadlığa buraxılıb. Əfsəl Həsənəliyev həbsdən çıxandan sonra baş prokuror Zakir Qaralova şikayət edib. O da saxta rəyi araşdırmaq əvəzinə Əfsəl Həsənəliyevin barəsində təkrar ekspertiza təyin etdirib və eyni rəyi aldırıb”, – Osman Kazımov çıxışında bildirib.
Məhkəmə iclasında Mövlam Şıxəliyevlə və digər digər keçmiş MTN-çilərlə zərərçəkənlər arasında bir neçə dəfə mübahisə yaşanıb.
Məhkəmədə çıxış edən prokuror da Bakı Hərbi Məhkəməsinin hökmündən narazı qalıb. Dövlət ittihamçısı xahiş edib ki, istintaq dövründə üzərinə həbs qoyulmuş bütün əmlaklar müsadirə olunsun. Çünki həmin əmlakların bir hissəsinin təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılması haqda Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. Prokurorluq həmin hissədə hökmdən narazı qalaraq, hökmdən protest verib. Zərərçəkmişlərin də mövqeyi bu hissədə prokurorluğun mövqeyilə üst-üstə düşür.
Lakin apelyasiya məhkəməsi Bakı Hərbi Məhkəməsinin hökmünü olduğu kimi saxlayıb, heç bir dəyişiklik etməyib.
Ona görə də həm təqsirsiz olduğunu deyib, bəraət tələb edən, müsadirə olunan mülklərinin, rütbələrinin, təltiflərinin qaytarılmasını istəyən təqsirləndirilən şəxslər, həm də onların daha ağır cəzalandırılmasını, ailə üzvlərinə məxsus qalan əmlakların da müsadirəsini istəyən zərərçəkmişlər Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.
Sabiq MTN-çilərdən Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edildi. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edildi.
Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.
Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.