“Qarabağ müharibəsində əlil olan şəxslərin üstün hüquqlara malik olması lazımdır”
“Əlillərə verilən pulsuz dərmanların keyfiyyətindən narazılıq var. Ən təhlkükəli xəstəliklərdən biri də vərəm xəstəliyidir, amma vərəmə qarşı imtiyazla verilən dərmanlar heç də bu xəstəliyi müalicə etmir, sadəcə, prosesi müəyyən qədər ləngidir. Hesab edirəm ki, ölkəmiz həmin xəstələri sağalda biləcək dərmanları ala biləcək gücdədir”.
Meydan TV xəbər verir ki, bunu “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.
Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ictimai dinləmələrində çıxış edən Mehdi Mehdiyev qeyd edib ki, qanun layihəsində aidiyyatı orqanların qanunların icrasından boyun qaçırmalarının, nöqsanlara yol verilməsinin qarşısını almaq üçün bəzi dəyişikliklər edilməlidir.
O hesab edir ki, layihədə məsələyə ümumi toxunulub və onlara təsir mexanizmləri nəzərdə tutulmayıb.
Komitə sədri Hadi Rəcəbli isə deyib ki, qanunları icra etməməyə görə cəzalar nəzərdə tutulub: “Sadəcə, həmin cəzaları sərtləşdirmək lazımdır”
Bir sıra qanunların icrası və işləkliyi bəzən mümkün olmur
Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov isə əlillərin mənzil təminatı məsələsinə toxunub. O, qeyd edib ki, Mənzil Məcəlləsinin qəbulundan xeyli vaxt keçsə də, onun icrası ləngiyir:
“Əlillərin növbədənkənar mənzillərlə təmin edilməsi məsələsi ilə bağlı Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb. Qanunun qəbulu ilə yanaşı, onun icrası və işləkliyi də vacibdir. Təəssüf ki, qəbul edilən bir sıra qanunların icrası və işləkliyi bəzən mümkün olmur”.
Komitə sədri Hadi Rəcəbli bildirib ki, “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsi üzərində dörd ildən çoxdur təkmilləşdirmə işləri gedir. “Layihənin əsas məqsədi əlillərin sosial müdafiəsi, onların hüquqların qorunması, onların cəmiyyətə tam inteqrasiyasıdır və bu tələblərə tam cavab verir”.
H.Rəcəblinin sözlərinə görə, elə məsələlər var ki, onlar qanun layihəsinin başlıca predmeti deyil, o, Nazirlər Kabinetinin funksiyasına aid olan məsələlərdir.
“Ona görə də belə düşündük ki, qanun layihəsini plenar iclasa çıxarana qədər insanları, əlil kateqoriyasına aid olan qrupları məlumatlandıraq, birgə müzakirə edək”.
Onlara ev, maşın, pensiya artıq verilməlidir
Komitənin üzvü Musa Quliyev qanun layihəsində əlillərin iş probleminin diqqətdə saxlanılmalı olduğunu deyib və I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılmasını təklif edib. O, qeyd edib ki, 1992-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanundakı kimi əlilər üçün ayrıca məşğulluq kvotası ayrılmalıdır: “Məsələn, 100 iş yerindən 20-ni I qrup əlillər üçün ayırsınlar”.
Deputatın digər təklifi Qarabağ müharibəsində əlil olan şəxslərin üstün hüquqlara malik olması barədə müddəanın qanunda əksini tapması barədə olub: “Onlara ev, maşın, pensiya artıq verilməlidir”.
“Mən istəyirəm ki, bu qanun deklarativ yox, işlək bir qanun olsun”, – deyə M.Quliyev bildirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə öz növbəsində deyib ki, Azərbaycanda Milli Fəaliyyət Proqramında hər bir nazirliyin, icra orqanlarının vəzifələri müəyyən edilib.
Bundan başqa nazir müavini deyib ki, Azərbaycanda Özünəməşğulluq proqramı və “Məşğulluq haqqında” qanun var, orada müəyyən kvota göstərilib və “Əlil olan şəxslərin hüquqları haqqında” yeni qanuna əlavə kvota daxil etməyə ehtiyac yoxdur.
13 ildir nəyi araşdırırsız?
İclasda “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə ilə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli arasında mübahisə yaranıb. S Əzimzadə H.Rəcəblini ona çıxış etməyə imkan verməməkdə ittiham edib, komitə sədri isə deyib ki, əgər sözü, təklifi varsa çıxış etsin, ya da onları yazılı təqdim etsin.
S.Əzimzadə müvafiq qanunlarda 20 Yanvar hadisələrində yaralananların, əlil olanların “zədə almışlar” kimi qeyd edilməsi ilə bağlı deputatlara iradını bildirib:
“Azərbaycanın müstəqilliyi 20 yanvardan başlayır. Siz də yadınızdan çıxarmayın ki, bütün güzəştlər də 20 yanvardan başlamalıdır. Amma bu gün 20 yanvar əlilinin sənədində “zədə almış” yazılır. Bu 20 yanvar tarixinə təhqirdir. Bu məhz sizin günahınızdır. 2005-ci ildə bir dəfə məktublarıma cavab vermisiz ki, bu məsələ araşdırılır. 13 ildir nəyi araşdırırsız?”.
Komitə sədri Hadi Rəcəbli deyib ki, ambisiyalarla bu məsələni gündəmə gətirmək olmaz. O, məsələnin diqqətdə saxlanıldığını qeyd edib. Deputatın sözlərinə görə, qanunda “Qarabağ əlillərinə və şəhid ailələrinə bərabər tutulanlar” ifadəsi var. “Əfqanıstanda döyüşənlərin əksəriyyəti ev alıb. Ola bilər, bəziləri ev almayıb, onlar da III qrup əlillərdir. Bunlar da fərdi qaydada araşdırılar”.