BŞİH Milli Şuranın mitinq müraciətinə ”hə” dedi

Aksiya oktyabrın 28-də keçmiş “Məhsul” stadionunda olacaq

Source:


Aksiya oktyabrın 28-də keçmiş





Məhsul” stadionunda olacaq

Oktyabrın 25-i Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

BŞİH aksiyanın keçirilməsinə razılıq verib. Məlumatı Meydan TV-yə aksiya təşkilatçıları verib.

Mitinq oktyabrın 28-də, saat 3-dən 5-dək Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) keçiriləcək.

Milli Şura oktyabrın 28-də keçmiş “Məhsul” stadionunda mitinq keçirməklə bağlı BŞİH-ə müraciət etmişdi. Aksiyada “Talana yox”, “Siyasi məhbuslara azadlıq” kimi şüarların səsləndirilməsi planlaşdırılır.

Bundan əvvəl, qurum oktyabrın 7-si və sentyabrın 23-də paytaxtda razılaşdırılmış aksiya keçirib. Orada “Talana yox”, “istefa” və başqa şüarlar səsləndirilib. Milli Şura rəhbərliyi çıxışlarda ölkədəki korrupsiyanın başında prezident İlham Əliyevin durduğunu vurğulayıb.

Hər iki aksiya ərəfəsində və sonra üst-üstə 10-dan çox fəal saxlanaraq inzibati qaydada həbs edilib, mitinqdə iştirak edənlər işdən çıxarılıb.

Milli Şura bütün bunları aksiyanın kütləviliyinin qarşısını almaqdan ötrü hakimiyyətin repressiv tədbirlərinin tərkib hissəsi kimi görür.

Bu günlər Avropa Birliyi Şurasından gələn qonaqları qəbul edən prezident İlham Əliyev də aksiyalardan danışıb. O, Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edildiyini deyib. Sadəcə xalqın belə aksiyaları dəstəkləmədiyini söyləyib.

Aksiyalardan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri də Milli Şura rəhbərliyini korrupsiyada ittiham ediblər. Üstəlik, onlar ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər. YAP-dan olan deputatlar hesab edirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.

Ana səhifəXəbərlərBŞİH Milli Şuranın mitinq müraciətinə ”hə” dedi