Brüssel görüşü: ABŞ Ermənistana 65 milyon dollar, Aİ 270 milyon avro ayıracaq

Brüssel görüşü. Foto: Reuters

Tərəflər birgə bəyanatla çıxış ediblər

“Avropa İttifaqı (Aİ) və ABŞ Ermənistan və region üçün sabit, dinc, təhlükəsiz, demokratik və firavan gələcəyi dəstəkləyir”.

Bu fikir Ermənistan, Avropa İttifaqı və ABŞ-ın rəsmilərinin 5 aprel görüşü ilə bağlı bəyanatda əks olunub.

Qeyd olunur ki, siyasi islahatlar, iqtisadi inkişaf və humanitar yardım kimi əsas sahələr də daxil olmaqla, Ermənistanın dayanıqlığının gücləndirilməsinə yönəlmiş əməkdaşlığı genişləndirməyi hədəfləyirlər:

Biz mobillik, idarəetmə, hüquq-mühafizə, ticarət, rabitə, kənd təsərrüfatı, enerji və texnologiya kimi sahələrdə tərəfdaşlığımızı genişləndirməyə çalışacağıq. Bu əsas sahələri dəstəkləmək üçün Avropa İttifaqı və ABŞ Ermənistanla daha sıx əməkdaşlıq etməyi planlaşdırır”.

Bəyanatda Aİ-nin Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi yolu ilə Ermənistanı islahatlar yolunda dəstəkləməyə davam edəcəyi vurğulanır:

“İslahatları təşviq etmək və bütün sektorlarda əməkdaşlığı genişləndirmək üçün Aİ və Ermənistan yeni tərəfdaşlıq proqramının həyata keçirilməsində irəliləyişi təmin edəcəklər”.

Həmçinin ABŞ-nin planlaşdırılan islahatların həyata keçirilməsində Ermənistana və Baş nazir Paşinyana dəstək verməyə sadiq olduğu bildirilib:

Bayden administrasiyası Konqres ilə birlikdə 2023-cü maliyyə ili büdcə vəsaitlərindən Ermənistana inkişaf üçün təxminən 65 milyon dollar yardım etməyi planlaşdırır”.

Avropa İttifaqı və ABŞ Ermənistanın xarici dünya ilə əlaqəni yaxşılaşdırmaq öhdəliyini, o cümlədən ümumi rifahı təşviq edəcək və regional iqtisadiyyatları və ticarəti şaxələndirəcək “Dünyanın kəsişməsi” təşəbbüsünü alqışladılar. Aİ və ABŞ Ermənistana riskləri azaltmaq, ticarəti diversifikasiya etmək və iqtisadi və institusional dayanıqlığı gücləndirmək üçün əlavə yardım göstərmək niyyətindədir. Tərəfdaşlığı gücləndirmək üçün Avropa İttifaqı 270 milyon avro dəyərində “Ermənistanın 2024-2027-ci illər üçün Davamlılığı və İnkişafı” proqramı ilə çıxış edəcək. Bu, Aİ-nin “Ermənistanın Dayanıqlığı və İnkişafı” proqramı ticarətin şaxələndirilməsini dəstəkləməklə yanaşı, Ermənistan Respublikasının sosial-iqtisadi dayanıqlığını gücləndirmək məqsədi daşıyacaq. Həmçinin köçkünlərin uzunmüddətli ehtiyaclarını ödəmək üçün dəstək verəcək”, – deyə bəyanatda qeyd olunur.

Bəyanatda xatırlanır ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen 2021-ci ildə başlanmış İqtisadi və İnvestisiya Planının faydalarına da toxunub və bu plan artıq qrantlar, özəl və dövlət investisiyaları vasitəsilə Ermənistana 550 milyon avrodan çox investisiya cəlb edib.

Aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ Dövlət katibi Entoni Blinken  görüşüblər.

Rəsmi Bakı Brüssel görüşünün Ermənistanı silahlandırmaq məqsədi daşıdığını və Azərbaycana qarşı yönəldiyini iddia edirdi.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və Xarici Işlər naziri Stefan Sejournenin fikirlərinə cavab bəyanatında bildirilib.

Türkiyənin Xarici İşlər Nazirliyi də bugünkü görüşün Cənubi Qafqazın “geosiyasi qarşıdurma zonasına” çevrilməsinə gətirib çıxaracağını hesab edib:

“Bu təşəbbüs Azərbaycanın mövqeyinə məhəl qoymur və sülh prosesinə deyil, Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirməyi planlaşdırır”.

Aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycanın Prezidenti İlham Əliyevlə telefon danışığı olub.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev bildirib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. İlham Əliyev anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb”, – deyə məlumatda deyilir.

Azərbaycanın rəsmi və hökumətyönlü mediası ABŞ Dövlət katibi Blinkenin Prezident İlham Əliyevlə telefon danışığının yalnız Bakı ilə Yerevan arasındakı münasibətlərlə bağlı olduğunu yazsa da, Vaşinqton tərəflər arasında insan haqlarına da toxunulduğunu bildirib.

Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığı olub.

Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini vurğulayıb.

Ana səhifəSiyasətBrüssel görüşü: ABŞ Ermənistana 65 milyon dollar, Aİ 270 milyon avro ayıracaq