Britaniya mandatına qarşı yəhudi üsyanı

Yazar: Yadigar Sadıqlı

Foto: Meydan Tv

İngilislər müəyyən repressiv addımlar atsalar da, qamçı cəzasını ləğv etməli oldular

İkinci dünya müharibəsi zamanı yaşadıqları fəlakət yəhudilərin milli dövlət istəklərini daha da artırdı və öz talelərini yalnız özlərinə etibar etmək düşüncəsini daha da möhkəmləndirdi. Amma Fələstin üzərində hələ də mandata sahib olan London azsaylı yəhudilər üzündən ərəb dünyası ilə münasibətlərini korlamaqda maraqlı deyildi. Britaniya hökumətinin “Ağ kitab” əsasında yəhudilərin Fələstinə köçünə qoyduğu məhdudiyyət yəhudilərin narazılığına səbəb olmuşdu. Amma İkinci dünya müharibəsinin başlaması nasistlərə qarşı ümumi mübarizəni ön plana çıxardı. Dövlətsiz yəhudilərin hökuməti kimi çıxış edən Yəhudi agentliyinin rəhbəri Ben-Qurion deyirdi: “Biz “Ağ kitab” yoxmuş kimi ingilislərə kömək etməliyik və müharibə yoxmuş kimi “Ağ kitab”a qarşı mübarizə aparmalıyıq”. Nəticədə yəhudilərin əksəriyyəti, o cümlədən Haqana və İrqun silahlı təşkilatları britaniyalılara yardım edirdilər.

Lehi təşkilatı isə bununla həmrəy deyildi. Qurum heç nəyə baxmayaraq əsas düşmən kimi Almaniyanı yox, Britaniyanı görürdü. Onun emissarları hətta faşist İtaliyası və nasist Almaniyasının nümayəndələri ilə əlaqə yaratmağa uğursuz cəhd göstərdilər. Amma Lehi kiçik bir təşkilat idi, yəhudilər arasında ciddi nüfuza malik deyildi, tutuduğu mövqe onu bir az da nüfuzdan salırdı.

İkinci dünya müharibəsinin gedişində əsaslı dönüş yarandıqda və artıq nasistlərin qalib gəlmə ehtimalı qalmadıqda, İrqun da ingilislərə qarşı mübarizə aparmaq qərarına gəldi. Təşkilatın lideri, İsrailin gələcək baş naziri Menaxem Begin hesab edirdi ki, Avropa yəhudilərinin Fələstinə sərbəst gələ bilmələri üçün ingilislərin buradan getməsi lazımdır. Ən böyük silahlı yəhudi təşkilatı olan Haqana isə hələ də Britaniyaya qarşı loyal mövqe tuturdu.

İrqun və Lehinin iştirak etdiyi yəhudi üsyanı 1944-cü il fevralın 1-də başladı. Bu, bizim klassik mənada anladığımız üsyan deyil, qətllər və terror aktlarından ibarət taktika idi. Məsələn, fevralın 12-də Qüds, Tel-Əviv və Hayfada immiqrasiya idarələri partladıldı. Mütəmadi polis qətlləri baş verirdi. Martın 23-də İrqun 6, Lehi isə 2 polisi qətlə yetirdi. Analoji taktika sonrakı aylarda da davam etdi. Britaniya administrasiya buna mütəmadi axtarışlar və çoxsaylı həbslərlə cavab verdi.

Dövlətsiz yəhudilərin hökuməti kimi çıxış edən Yəhudi agentliyi və onun rəhbəri Ben-Qurion, eləcə də Haqana bu üsyana avantüra kimi baxır və pisləyirdilər. Agentlik əsasən passiv mövqe tuturdu, Haqana isə hərdən özünün kəşfiyyat məlumatlarını ingilislərlə bölüşür, İrqun və Lehiyə qarşı mübarizədə kömək edirdi.

Noyabrın 6-da Lehi üzvləri Britaniyanın Yaxın Şərq üzrə dövlət naziri Uolter Ginnesi, lord Moynu öldürdülər. Qətl çox geniş əks-səda doğurdu. Sıravi polis qətli olmayan bu aktın yəhudilərə ziyan verə biləcəyindən qorxan Agentlik və Haqana İrquna qarşı daha ciddi mübarizəyə başladılar (Lehi dərhal aksiyaları dayandıracağı barədə Haqana qarşısında öhdəlik götürdü). 1945-ci ilin martına qədər davam edən bu qarşıdurma “Ov mövsümü” adı ilə məşhurdur.

Haqana İrqun üzvlərini bəzən özü həbs edir, bəzən ingilislərə təhvil verirdi. İrqunun maliyyə donorlarının siyahısı, silah anbarlarının yeri haqqında məlumatlar ingilislərə ötürüldü. Haqananın özünün həbsdə saxladığı şəxslərə hətta işgəncə verməsi barədə iddialar mövcuddur. İngilislərə verilən yəhudilər isə çox vaxt Afrikaya, əsasən də Eritreyaya, sürgün olundular.

Baş verənlərə baxmayaraq, İrqun lideri Begin öz üzvlərinə Haqanaya sərt reaksiya verməməyi və “qardaş qırğını”na səbəb olmamağı  tapşırdı. Onun özünün gizləndiyi yer tapılmadı, amma İrqun o qədər zəiflədi ki, 1945-ci il fevralın sonunda ingilislərə qarşı mübarizəni bir müddət dayandırmalı oldu. Bununla yanaşı, öz soydaşlarına qarşı mübarizə, onları ingilislərə satmaq Haqana üzvlərinin çoxunun da ürəyincə deyildi. Nəticədə Agentlik və Haqana “yavaşlamalı” oldular.  “Ov mövsümü” yəhudi yişuvunu vətəndaş müharibəsi astanasına gətirib çıxaran ciddi böhran idi. Amma bu təhlükəni adlanılması, az sonra Haqananın, İrqunun və Lehinin Müqavimət Hərəkatında birləşməsi yəhudi toplumunun özəlliyini bariz əks etdirir.

***

May ayından etibarən İrqun ingilislərə qarşı mübarizəsini daha zəif şəkildə olsa da yenidən bərpa etdi. Amma Britaniyada iyulun 5-də keçirilən seçkilərdə leyboristlərin qələbə çalması yəhudiləri ümidləndirdi. Onlar yeni iqtidarın “Ağ kitab” məhdudiyyətlərindən imtina edəcəyini gözləyirdilər. Buna görə də İrqun silahlı mübarizəsini saxladığını bildirdi.

Bu ümidlər isə özünü doğrultmadıı. Ərəb dövlətlərinin, eləcə də Britaniyanın əsas müstəmləkəsi olan Hindistandakı onmilyonlarla müsəlmanın reaksiyasından qorxan yeni hökumət avqustun sonlarında bildirdi ki, yəhudi miqrasiyası kvotasını artırmaq niyyətində deyil. Nəticədə Yəhudi agentliyinin rəhbərliyi altında Haqana, İrqun və Lehi arasında birgə mübarizə haqqında danışıqlar başladı və oktyabrda Yəhudi Müqavimət Hərəkatı formalaşdı.

Hərəkatın ilk səs-küylü aksiyası qanunsuz yəhudi miqrantların saxlanıldığı Atlit həbs düşərgəsinə hücum oldu. Haqananın nəzdindəki Palmax elit qüvvələrinin oktyabrın 10-da həyata keçirdiyi bu aksiya sayəsində 208 yəhudi düşərgədən qaçıb gizlənə bildi. Bu aksiyanın təsiri altında ingilislər qanunsuz miqrantlar üçün Kiprdə həbs düşərgələri yaratdılar.

Palmax oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə (Qatarlar gecəsi) bölgədəki dəmiryolu xətlərinin 153 nöqtəsində diversiya törədərək bu nəqliyyatı iflic etdi. Palmaxın tərkibində olan Palyan dəniz qüvvələri isə qanunsuz yəhudi köçünün qarşısının alınmasında iştirak edən üç Britaniya katerini partladaraq batırdılar.

İrqun və Lehinin 100 nəfərdən ibarət qüvvələri də Lod dəmiriyolu stansiyasına hücum etdilər. Nəticədə bir lokomotiv məhv edildi, daha altısına xəsarət yetirildi. Amma bu əməliyyat planlaşdırıldığından gec başladı. Nəticədə başqa diversiyalar haqqında eşidən Britaniya polisi hücumu daha hazırlıqlı qarşıladı. Atışma zamanı bir İrqun üzvü, iki polis və dörd ərəb öldürüldü.

Noyabrın 13-də Britaniyanın xarici işlər naziri Ernest Bevin parlamentdə çıxışı zamanı yəhudi köçünə məhdudiyyətlərin əvvəlki səviyyədə saxlanılacağını və Balfur deklarasiyasında yəhudilərə dövlət yox, milli ocaq vəd olunduğunu bildirdi. Bu sözlər 14-15 noyabrda Tel-Əvivdə iğtişaşlara səbəb oldu. Britaniya polisi və hərbçilərlə toqquşmalar zamanı 5 yəhudi öldürüldü.

Palmaxın noyabrın 25-də daha bir diversiyasından sonra britaniyalılar silah və partlayıcı tapmaq məqsədilə bir neçə yəhudi yaşayış məntəqəsində axtarışlar apardılar. Sakinlər buna ciddi müqavimət göstərdilər. Nəticədə daha 8 yəhudi öldürüldü. Hər iki tərəfdən onlarla adam yaralandı. Palmax axtarışlardan qayıdan hərbçilərə pusqu qurmağı təklif etdi, amma ingilislərlə bu qədər açıq qarşıdurmanı doğru hesab etmyən Ben-Qurion razılaşmadı.1946-cı il yanvarın 12-də İrqun dəmiryolu relsini partlatmaqla pul daşıyan qatarı aşırdı və 35 min funt-sterlinqi mənimsədi. Fevralın 25-də İrqun və Lehi kral HHQ-nün üç aerodromuna hücum etdilər və 29 təyyarəni sıradan çıxardılar. Bu hadisə təyyarələrin itkisindən daha çox Böyük Britaniya ordusunun reputasiyasına vurduğu zərbə ilə əlamətdardır.

İyunun 16-dan 17-ə keçən gecə Palmax qüvvələri Fələstinin qonşu ölkələrlə yolunun üstündə olan 11 körpüyə hücum etdi. “Körpülər gecəsi” adını həmin gedə 9 körpü tamamilə uçuruldu, birinə ciddi xəsarət yetirildi. Nahal Kziv çayı üzərindəki körpüyə hücum isə uğursuz oldu: burada baş verən atışmada 14 Palmax üzvü öldürüldü. Özlüyündə yetərincə ciddi olan bu hadisə daha da ciddi hadisələr doğurması ilə əlamətdardır. Belə ki, o vaxta qədər Yəhudi agentliyi və Haqana diversiyalarla bir əlaqələrinin olmadığını, baş verənlərin yenə İrqun və Lehinin işi olduğunu iddia edirdilər. İngilislər bunun belə olmadığından şübhələnsələr də əllərində sübut yox idi.

İndi Britaniya administrasiyası iyunun 29-da “Aqata” adı verilən irimiqyaslı polis əməliyyata başladı. İyulun 1-ə kimi davam edən əməliyyat zamanı Yəhudi agentliyinin Qüds və Tel-Əvivdəki ofislərində, Beynəlxalq qadın sionist təşkilatının, fəhlə təşkilatı olan Histadrutun ofislərində axtarış aparıldı, tonlarla sənəd müsadirə olundu.

Eyni zamanda 27 yəhudi yaşayış məskənində axtarışlar keçirildi. Göstərilən müqavimətə görə 4 yəhudi öldürüldü. Haqananın silahları saxlanılan 15 gizli yer, o cümlədən üç əsas silah anbarlarından biri aşkar edildi. Ümumilikdə 2718 nəfər həbs olundu. Onların dördü Yəhudi agentliyinin, yeddisi Haqananın rəhbərliyində təmsil olunanlar idi. Amma bir çox rəhbərlər, o cümlədən həmin vaxt Parisdə olan Ben-Qurion həbsdən yayına bildilər.

Müsadirə olunan sənədlər arasında Agentliyin və Haqananın diversiyalarda rolu barədə sənədlər, eləcə də ingililərin əlinə keçməsi arzulanmayan digər məxfi sənədlər vardı. Buna görə də İrqun həmin sənədlərin saxlanıldığı güman edilən, Britaniya administrasiyasının yerləşdiyi Qüdsün “Kral David” hotelinin cənub qanadını partlatmaq qərarına gəldi.

Haqananın da razılıq verdiyi terror aktı iyulun 22-də günorta saatlarında baş tutdu. İrqun partlayışdan əvvəl telefonla xəbərdarlıq olunduğunu iddia etsə də, hoteldə təxliyə aparılmadı. Süd bidonlarına yerləşdirilən partlayıcının partlaması nəticəsində altımərtəbəli binanın cənub-qərb qanadı tamamilə çökdü və 91 nəfər həlak oldu. Onların arasında Mandat administrasiyasının yüksək və kiçik ranqlı əməkdaşları ilə yanaşı hotel işçiləri, yoldan keçənlər də vardı.

Britaniya kəşfiyyatı partlayışı törədənlərin Tel-Əvivdən gəlmələri barədə səhv məlumat əldə etdi. Buna görə də burada “Akula” antiterror əməliyyatı keçirdi. İyulun 29-dan başlayaraq şəhərdə 22 saatlıq komendant saatı tətbiq olundu: gün ərzində yalnız 2 saat evdən çıxmaq olardı. Yəhudilər yaşayan minlərlə evdə, icimai binalarda axtarışlar keçirildi.

Ümumilikdə 793 nəfər həbs olundu. Onların arasında İrqun və Lehinin, demək olar,  bütün rəhbərliyi vardı. Məsələn, Lehi rəhbərliyinin üzvü, İsrailin daha bir gələcək baş nazirir İshaq Şamir tutuldu və Afrikaya sürgün edildi. Amma ingilislərin bir nömrəli hədəfi olan, şəkli bütün polis və əsgərlərə paylanılan Menaxem Begin ələ keçmədi: o, öz mənzilindəki məxfi yerdə gizlənə bildi. Əməliyyat avqustun 2-də yekunlaşdı.

Bu hadisələrdən sonra Yəhudi agentliyi və Haqana müqavimət hərəkatına fasilə vermək qərarına gəldilər. İrqun və Lehi zəifləmiş halda da olsa öz hücumlarını davam etdirirdilər. Agentlik və Haqana bu aktları pisləyir, amma “Ov mövsümü”ndə olduğu kimi onlara qarşı mübarizə aparmırdı. Sentyabrdan etibarən mütəmadi olaraq polis və hərbçi qətlləri həyata keçirildi. Amma daha çox rezonansı qansız törədilən hadisə doğurdu.

***

Sentyabrın 13-də İrqun üzvləri Yaffa şəhərində Osmanlı bankını (Osmanlı özü olmasa da bankın adı qalmışdı) qarət etməyə cəhd göstərəndə tutuldular. Onlardan birinin, Bencamin Kimçinin məhkəməsi müəyyən səbəblərdən daha tez keçirildi. Kimçi Britaniya məhkəməsinin yurisdiksiyasını tanımadığını, özünü günahkar bilmədiyini elan etdi. Məhkəmə onu 18 il həbs cəzasına və 18 qamçı zərbəsinə məhkum etdi.

İrqun bununla əlaqədar bəyanat verdi: “Biz mandat administrasiyasını belə alçaldıcı cəzanın tətbiqindən çəkinməyə çağırırıq. Əgər həyata keçirilərsə, eyni cəza Britaniya ordusunun zabitlərinə də tətbiq olunacaq: onların hər birinə 18 qamçı vurulacaq”. Buna baxmayaraq, dekabrın 28-də Kimçiyə 18 qamçı zərbəsi vuruldu.Dekabrın 29-da İrqun üzvləri Netanyada hotelin vestibülündə arvadı ilə oturan Britaniya mayorunu oğurladılar. Onu yaxınlıqdakı ağaclığa aparıb şalvarını çıxardılar, 18 qamçı vurdular və alt paltarda hotelə qaytardılar. Rişon-Le-Zionda bir, Tel-Əvivdə isə iki ingilis serjantı eyni həqarətə məruz qaldılar.

Hadisə həm Fələstində, həm Avropada böyük rezonans doğurdu, mətbuatın manşetinə çıxdı. Paris qəzetlərinin birində arxasında dəbilqə olan ingilis hərbçisinin karikaturası verildi. İmperiyanın heç bir dövründə və heç bir yerində kimsə Britaniya ordusunu belə alçaltmamışdı.İngilislər müəyyən repressiv addımlar atsalar da, qamçı cəzasını ləğv etməli oldular. Menaxem Begin bununla əlaqədar yazırdı: Britaniya imperiyasında yüz illər boyu belə həqarət olmamışdı. İsrail tarixində iki min il ərzində belə reaksiya göstərilməmişdi”.

***

İrqun və Lexinin britaniyalılara hücumları 1947-ci ilin ilk iki ayı ərzində də davam etdi. Martın 1-də isə bir neçə yerdə terror aktları törədildi, bunlardan ən qanlısı Qüdsdəki Britaniya zabitlər klubunda baş verdi. Odlu silahdan açılan atəş və törədilən partlayış nəticəsində 19 zabit və 1 ofisiant yəhudi qız həlak oldu.

Buna cavab olaraq mandat administrasiyası 2-17 mart tarixlərində yəhudi yaşayış məskənlərində hərbi vəziyyət elan etdi. Yenə axtarışlar və həbslər həyata keçirildi. Amma bu tədbirlər effektli olmadı. Hərbi vəziyyətin davam etdiyi günlədə belə terror aktları dayanmadı.

Martın 31-də Lehi Hayfadakı neftayırma zavodunda partlayış törətdi. Nəticədə neftlə dolu rezervuarlar 18 gün boyu yandı və yalnız bundan sonra söndürüldü. Bu hadisə ingilislər üçün maddi cəhətdən ən zərərli diversiya idi.

Mayın 4-də isə İrqun özünün və Lehinin Əkka şəhərindəki həbsxanada saxlanılan 27 döyüşçüsünü qaçıra bildi. Daha 6 məhbusun və 3 hücumçunun həlak olduğu aksiyanı Yəhudi agentliyi “məsuliyyətsiz intihar aktı”, Begin isə “qəhrəmanlıq aktı” adlandırdı. Əkka diversiyası Britaniyanı Fələstindən getməyə təhrik edən əsas hadisələrdən biri sayılır.

Haqanaya məxsus “Exodus” gəmisi 4515 yəhudini qanunsuz olaraq Fələstinə gətirmək istəyərkən 1947-ci il iyulun 18-də Britaniya donanması tərəfindən saxlanıldı. Bu zaman sərnişinlər ciddi müqavimət göstərdilər.  Nəticədə gəmi heyətindən bir, sərnişinlərdən iki nəfər həlak oldu, 146 nəfər yaralandı.

London bu dəfə mühacirləri Kiprdəki düşərgələrə deyil, yola düşdükləri Fransaya qaytarmaq qərarına gəldi. Amma miqrantların “Exodus”dan düşürülüb mindikləri üç gəmi Port-de-Buka yaxınlaşdıqda Fransa hökuməti bildirdi ki, yalnız könüllü düşənləri qəbul edəcək. Bundan xəbər tutan yəhudilər gəmini tərk etməkdən imtina etdilər. Belə olduqda, ingilislər onları Almaniyaya, Britaniya işğal zonasının tərkibində olan Hamburq limanına aparıb zorla düşürdülər.

Yəhudilərin Almaniyada yenə tikanlı məftillər arxasına yerləşdirilməsi ilə nəticələnən bu hadisə Britaniyanın nüfuzuna böyük zərbə vurdu. İrqun və Lehi qisas aksiyası olaraq sentyabrın 29-da Fələstin polisinin mənzil qərargahını partlatdılar. Nəticədə dördü ingilis, dördü ərəb olmaqla 8 polis, bir ərəb qadın və bir ərəb yeniyetmə həlak oldu.

***

Fələstin düyünü Böyük Britaniyanın ayağında ağır qandala çevrilmişdi. Hadisələr bir yandan ölkənin nüfuzuna ciddi zərbə vurur, digər tərəfdən xeyli xərc tələb edirdi. Üstəlik, yəhudi lobbisinin rəsmi Vaşinqton üzərinə basqısı səbəbindən ABŞ ilə münasibətləri korlayır, Londonun böyük ehtiyac duyduğu kreditləri və yardımları ləngidirdi. Təsadüfi deyil ki, müxalifət lideri Uinston Çörçill daxil olmaqla getdikcə daha çox adam Fələstindən çıxmağı tələb edirdi.

Ana səhifəMənim FikrimcəBritaniya mandatına qarşı yəhudi üsyanı